"Yaxın saatlarda Kursk Atom Elektrik Stansiyası Ukrayna ordusunun nəzarətinə keçəcək. Rusiya çox acınacaqlı və biabırçı durumdadır".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Ukrayna Rusiya savaşındakı son durumu şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, Ukrayna - Rusiya savaşının son durumu göstərir ki, Moskva çətin vəziyyətlə üzləşib:
"Kreml 2022-ci ilin fevralında Ukraynaya qarşı hücuma başlayanda bunu görməli və nəzərə almalı idi. Son zamanlar Rusiya Ukraynada hansısa bir məhəllə və ya xeyli itkiləri hesabına bir kəndi işğalı ilə düşünürdü ki, bununla Kiyevə təzyiqi artıra biləcək. Amma onun əvəzində Ukrayna irəliləyərək, qısa müddətdə Rusiya ərazisində 400 kv.km ərazini öz nəzarətinə götürüb. Rus hərbçilərinin Kurskda pusquya salınaraq məhv edilməsi görüntüləri bütün dünyanı dolaşır".
Ekspert qeyd edir ki, yaranmış vəziyyətin özü Vladimir Putin, onun generalları Valeri Gerasimov və Andrey Belousov üçün böyük bir utanc gətirən zərbədir:
"Son illər Putini belə özünü itirmiş vəziyyətdə görməmişəm. O, çox çaşqın vəziyyətə düşüb".
Üzeyir Cəfərov bildirir ki, Ukrayna bu uğurunu davam etdirəcək:
"Səhər saatlarında Rusiya yeni təxribata əl ataraq, Kursk Atom Elektrik Stansiyası istiqamətində atəş açaraq, onu Ukraynanın üzərinə atmağa çalışır. Amma Ukrayna ordusu artıq həmin stansiya istiqamətində birinci müdafiə mövqeyini yarıb. Böyük ehtimalla yaxın saatlarda həmin atom stansiyası Kiyevin nəzarətinə keçəcək".
Həmsöhbətimiz son hadisələrə əsasən düşünür ki, tərəflər hər hansı bir danışığa getməyəcək:
"Əksinə, vəziyyət daha da gərginləşəcək və savaş davam edəcək. Kursk əməliyyatı ilə Ukrayna Rusiyanın dəmir qapısını döydü. Bütün üstünlüklər artıq Ukrayna tərəfindədir. Yəqin ki, Kiyev mövcud vəziyyəti bir qədər də dərinləşdirəcək. Rusiya üçün yaxşı nəticələr görmürəm. Bu ölkə öz avantürasının qurbanına çevrilib. II Dünya müharibəsindən sonra Rusiya üçün belə biabırçı durum olmayıb".
Qeyd edək ki, Ukrayna ordusu gözlənilmədən Rusiyanın içərilərinə doğru irəliləməyi bacarıb. Artıq 3 gündür ki, Ukrayna ordusu Rusiyanın Kursk vilayəti istiqamətində irəliləyir. Onlar artıq vilayətin içərilərinə doğru 35 kilometrə qədər irəliləyiblər.
Rüfət Sultan
Şərhlər