Xəbər lenti

“Texnikabank”ın rəhbəri məhkəmədə Ramiz Mehdiyevin adını çəkdi - “MTN işi”
Ölkə 18:18 18.05.2022

“Texnikabank”ın rəhbəri məhkəmədə Ramiz Mehdiyevin adını çəkdi - “MTN işi”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Qaynarinfo xəbər verir ki, mayın 17-nə təyin edilən prosesdə zərərçəkənlər hər 3 təqsirləndirilən şəxsin həbsini tələb ediblər. Hakim Elbəy Allahverdiyev şifahi və yazılı vəsatətləri müzakirə etməyib.

Prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib. "Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışmış Etibar Əliyev deyib ki, 6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılıb. Heç bir əsas göstərmədən onu MTN-in Baş İstintaq İdarəsinə aparıblar. Əməliyyat qrupu onu idarə rəisinin müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verib. Elə həmin gün barəsində əsassız olaraq cinayət işi başlanıb və tutulub: 

"Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar. Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdi. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar. Mənə də deyirdilər ki, istintaq aparılır, Mövlam Şıxəliyev əziyyət çəkib, ev onun haqqıdır, verməlisən. Evi dediyimiz adama verməlisən. Əks halda oğlun Kəramətin də barəsində cinayət işi başlanacaq. Deyirdilər ki, oğlunu həbs etmək üçün kifayət qədər materiallar var. Vüsalın və Təhsinin təklifini rədd elədim. Bundan sonra öyrəndim ki, bunlar oğlum Kəraməti hər gün MTN-in İstintaq Baş İdarəsinə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar”. 

Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in Baş İstintaq İdarəsinin rəisi vəzifəsini daşıyan Mövlam Şıxəliyev onu qəbul edib:

"Məni İstintaq Təcridxanasından Mövlam Şıxəliyevin kabinetinə apardılar. Orada təklikdə söhbət etdik. Mövlam Şixəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyi tələb edirdi. Deyirdi ki, bu rəhbərliyin göstərişidir, ev onların adamına verilməlidir. Çox ciddi olaraq evi dedikləri adamın adına keçirilməsini tələb edirdi. Mövlam Şixəliyevdən evi kimə və niyə verməli olduğumu soruşdum. Dedi ki, tələb belədir ki, evi onların dediyi adama verməlisən. 

Növbəti gün Təhsin Ağayev məni öz xidməti otağına gətizdirdi. Oğlum Kəramət otaqda idi. Vüsal Ələkbərov da orada iştirak edirdi. Oğlum Kəramət çox gərgin, sıxıntılı durumda idi. Fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı olduğumu dedim. Vüsalla Təhsinin gözləri parıldayırdı. Sevindiklərini gizlətmirdilər". 

Zərərçəkən deyib ki, zorla, təzyiqlə ondan razılıq alandan sonra Vüsal Ələkbərov 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanovu təcrixdxanaya çağırıb: 

"Təcridxananın rəisinin otağında Ərəstun İmanovla görüşdüm. Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım. Bundan sonrakı vaxtlarda vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər". 

Zərərçəkən deyib ki, həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşüb:

"Mövlam Şıxəliyevə dedim ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, "mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var”. Mən həbsdən azad ediləndən sonra araşdırdım, öyrəndim ki, 11 sentyabr 2012-ci ildə evimi alqı-satqı yolu ilə Eldar Ələkbərovun adına rəsmiləşdiriblər. Ev sonradan etibarnamə əsasında Rizvan Hacıyevin adına, 2014-cü ildə onun adından Nazilə Rüstəmovanın adına keçirilib. Mən nə Eldarı, nə Rizvanı, nə də ki, Naziləni tanımamışam. 2015-ci ildə MTN ləğv ediləndən sonra Nərimanov rayon məhkəməsinə müraciət edib, alqı-satqı müqavilələrinin ləğv olunması, təzyiqlə əlimdən alınan evimin geri qaytarılması iddiasını qaldırdım. Məhkəmə 24 noyabr 2016-cı il tarixdə evin mənə qaytarılması barədə qərar qəbul etdi. Cavabdehlər apelyasiya şikayəti verdilər. Bu dəfə qərar onların xeyrinə verildi. Ali Məhkəməyə müraciət elədim. O zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət edib dedi ki, Eldar Ələkbərov onun qohumudur. Obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıb. Buna görə də imkan varsa, iddiadan imtina edim. Anar Həmzəyev məni İlham Əliyevlə Həsən Əliyev küçəsindəki "Dəniz İnciləri” restoranında görüşdürdü. Söhbət zamanı İlham Əliyevə razılıq verdim və buna görə də kassasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı. Sonradan başa düşdüm ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdiriblər".

Zərərçəkən deyib ki, o, həbsdə olduğu dövrdə oğlundan külli miqdarda pul alınıb: 

"Oğlum Kəramət bankdan götürdüyü pulları MTN-nin inzibati binasına yaxın ərazidə Vüsal Ələkbərov və Təhsin Ağayevə verib. Həmin zaman şikayət etmədim. Çünki Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-nin məhkəməyə təsir edəcəyindən qorxurdum. Eldar Mahmudov, Mövlam Şixəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla əvvəl-axır ifşa olunacaqlarına əmin idim. Buna görə də gözləmə mövqeyi tutmuşdum. Həbsdən azad olunandan sonra, 2015-ci ilədək dəfələrlə MTN-nə Mövlam Şıxəliyevin otağına getmişəm. Bəraət almağa köməklik olunmasını istəmişəm. Mövlam Şəxliyev isə deyirdi ki, kömək edə bilməyəcək. Deyirdi ki, sənə bəraət verilsə, Vüsalla Təhsinin tutulmalıdır”. 

Zərərçəkən deyib ki, onun barəsində istintaq edilən cinayət işi üzrə guya onunla əlbir olmaqla günahlandırılan bir qrup şəxsdən Mövlam Şixəliyev, Vüsal Ələkbərov və Təhsin Ağayevin müxtəlif məbləğlərdə pul alıblar: 

"Banka pul qoyan adamları çağırıb pullarını alıblar. Mövlam Şıxəliyev və Vüsal Ələkbərov Nizami Kazımov və Hüseyn Səfərovun hərəsindən 2 milyon, Namil Rzayevdən 500 min, Elşən Mədətovdan 250 min, Mehrac Qurbanovdan 200 min, Bahəddin Sultanovdan 370 min dollar, həmyerlim və tanışım Akif Qurbanov və Rauf Kərimovun hərəsindən 1 milyon manat alıblar. Mövlam, Təhsin və Vüsal birlikdə "Texnikabank”ın Sumqayıt filialının rəhbəri Müsənnif Salahovdan 600 min manat, Mövlam Şıxəliyev şəxsən özü Anar Heydərovdan 300 min dollar alıblar”. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->