Qaynarinfo.az-ın suallarını yazıçı Mübariz Örən cavablandırır.
- Mübariz, uzun müddət Rusiyada işləmisən, biznes fəailiyyətin olub. Çoxlarının ölkədən getmək istədiyi vaxtlarda Azərbaycana qayıtmaq istəməyinin səbəbi nə idi: vətən həsrəti, yoxsa?..
- Darıxırdım Bakısız. Gələndə qayıda bilmirdim. Tez-tez biletimin vaxtını uzadırdım. Sonra gördüm ailə-uşaq da darıxır... Kiçik şimal şəhəriydi. Axır vaxtlar aeroportu da bağlanmışdı, gedib-gəlmək olmurdu. Vaxtilə Qərbi Sibirdə neft aşkarlananda – həmyerlimiz, böyük azərbaycanlı Fərman Salmanovun inanılmaz fədakarlığı sayəsində! – bu tip xırda neftçi şəhərləri yaradılmışdı. Sonra neft azaldı, həmin şəhərlər rentabelliyini itirdi... Neçə-neçə süquta uğramış sənaye şəhərləri var Rusiyada. Xüsusən Sovet dağılandan sonra bir çox nəhəng zavodlar qeyri-səmərəlilik üzündən bağlandı, işçilər "havada” qaldı, başını götürən qaçdı, şəhərlər boşaldı. Şəhərlər də ölür, bəli, biri elə mənim gözümün qabağında can verib... Bu haqda hekayəm də var, "Şpaqat vəziyyəti”. İnsanlar, bir ayağı yaşadıqları şəhərdə, bir ayağı sabah həyatlarını qurmaq məcburiyyətində qaldıqları başqa şəhərdə – şpaqat vəziyyətində olur! Bu qeyri-müəyyənlik rahat yaşamağa qoymur adamı və bir gün bu "haça-paça”lıqdan xilas olmaq istəyirsən. Mən o vaxt Bakını seçdim. Halbuki bir az da qalıb işləyə bilərdim, yaxud Rusiyanın başqa şəhərlərinə, məsələn Moskvaya, Peterburqa köçə bilərdim...
- Bəy, insanı yazmağa, özü də çox gec - 45 yaşında yazmağa vadar edən səbəb nədir bəs?
– Ədəbiyyata həmişə marağım olub, yeniyetməlikdən, yaxşı kitabxanam olub, – təbii, kənd yeri üçün nə qədər yaxşı ola bilərdisə, – oxumuşam, amma yazıçı, nasir olmaq heç ağlımın ucundan da keçməyib. Yəni beş-altı şeir yazmışam (yox, düz demədim, o vaxt nəsə hekayəfason bir şey də qaralamışdım, sonradan o, böyüyüb "Ağ yel” oldu), vəssalam. Sonra atam öldü, Sovet dağıldı, İnsititutu kasıbçılıqla birtəhər bitirib üz tutdum uzaq, məhcul Sibirə. Nə ola ola! Həyatımın ən riskli, ən təbəddülatlı, ən yiyəsiz vaxtları başladı; yad yer, işsizlik, pulsuzluq, yersizlik... Doxsanıncı illərin əvvəlləri, keçid dövrüydü, köhnə dağılıb, təzə hələ qurulmamışdı. Şimal şəhərlərində başdan-başa başsızlıq idi. Deyəsən o vaxt mən getdiyim şəhərdə heç polis də yox idi, (olsa da tək-tük idi, yol polisi ümumiyyətlə yox idi), cəmiyyəti "cəngəllik qanunları” idarə edirdi. Hər yerdə hərc-mərcilik, oğurluq, dava-dalaş, "razborka”lar... O vaxt ədəbiyyat yada düşürdümü, yox. Bəlkə həyat özü başdan-başa ədəbiyyat idi, ona görə; ağır sınaqları, acı məhdudiyyətləri, ağlasığmaz "süjetləri”, sürprizləri, vəhşilikləri ilə... Sonra tədricən hər şey yoluna düşdü, oturuşduq: iş tapdım, ev aldım, biznesim oldu... Hər şeyin yaxşılaşdığını, yoluna düşdüyünü görüb, ədəbiyyat da geri qayıtdı, təsəvvür elə. Bəli, onun elə "vəfasızlığını” görmüşəm. Rusca kitablar alıb oxumağa başladım, Bakıya gələndə özümlə kitablar yığıb apardım... Sənin sualına gəlincə isə, "yazmağa vadar edən səbəb” yox, bəlkə yazmağa həvəsləndirən səbəbdən söhbət gedə bilər. Azərbaycana gəlməsəydim, bircə cümlə belə yazmazdım, bu heç. Azərbaycana gəldim və mən olmayan müddətdə üzə çıxıb populyarlaşan, sinəsinə döyüb özündən deyən yazarların hekayə və romanlarını oxuyub dedim, hə burda nə var, bunu mən də yazaram. "Bunu mən də yazaram” bəlkə məni yazmağa şirnikləndirdi. Amma bu, olsa-olsa bir qığılcımdı, bilirsən, əsas – söz yatağıdı. Necə ki neft yatağı olur, elə. Varsa, nə vaxtsa özünə bir yol tapıb üzə çıxacaq.
- Hə, hiss olunur ki, elə bil 20 il yazmağa hazırlaşmısan. Hər halda ilk hekayən "Balıq gülüşü” belə deməyə əsas verirdi. Hazırlıqlı adamın mətni təsiri bağışlayırdı çünkü.
- Ağa, mən sözə son dərəcə həssas adamam. Hər sözün üstündə əsənəm. Bilirəm ki, məsələn, bu yerdə məhz bu söz olmalıdı. Tutaq ki, yuxarıdakı cavabımın "yazmağa həvəsləndirən səbəb” yerində "həvəsləndirən” sözü azdı, o səbəbi ehtiva eləmir! Başqa söz olmalıdı. Bilirəm ki o söz dilimizdə var. Hətta dilimin ucundadı, amma tapa bilmirəm. Bax, o sözü tapıb yerinə qoymayanacan rahat olmuram. Vasvasılıq da deyə bilərsiz buna. Amma məsələ bunda da deyil. Sən sözü hansı gözəllikdə deyirsən de, sözün mətləbi, canı olmalıdı. "Sözünün canını de, görək nə deyirsən”, deyirdik, "Məmmədqulusunu de”. "Məmmədqulusu” yoxsa, apar qaytar. Heç bir gözəl təhkiyə, söz bilgisi, hətta mükəmməl üslub belə o mətni xilas edə bilməz. Yazıçı nə demək istədiyini yaxşı bilməlidi və işlədiyi mövzuya yaxından bələd olmalıdı; o "ərazini” tanımalıdı. Bəzən xırda bildiyin bir detal mətnə elə naqislik gətirə bilər ki, təəssüfü təpədən tüstü çıxarar. Məsələn, bu yaxınlarda gənc, virtuoz bir rəssamın əsərinə baxırdım. Tablo heyrətamiz dərəcədə gözəl idi, rənglər canlı... amma kətilin üstündəki kəsilmiş qarpız... təsəvvür elə, köhnəydi! Gözəl çəkilmiş köhnə qarpız! Rəssam nə qədər virtioz olsa da, qarpızı tanımayıb. Köhnəni təzədən seçə bilməyib. Odur ki, yazıçı üç M-siz keçinə bilməz: Mütaliə, Maşahidə və Məsuliyyət!
- Mübariz, tənqidlərə münasibətin necədir? Məsələn, mən belə bir fikir eşitmişdim: bəziləri deyirlər ki, Mübariz yaxşı yazıçıdır, amma əvvəlki hekayələrinin dili köhnədir, belə fikirləri sən də eşitmisənmi? Münasibətin necədir bu fikirlərə?
- Ağa, mən on səkkiz il Azərbaycandan kənar yaşamışam. Hətta çoxları təəccüb edib ki, vətəndən bu qədər uzaq ola-ola Azərbaycan dilinin ətrini, işığını necə qoruyub saxlamışam? Oğul kimi! Dil həmişə mənimlə olub – daimi təkrarımda, daxili dialoqlarımda. Onsuz bir saniyəm olmayıb. İndi sən deyirsən "ilk hekayələrdəki köhnəlik”... bircə şeydən şübhələnirəm: dildən aralı olmasam da, o 18 ili xalqdan aralı olmuşam, bəlkə onun təsiri olub. Çünki dili xalq təzələndirir, xalq rəngləndirir, "havasını dəyişir”. Dayanmadan – "Perpetuum mobile” – əbədi mühərrik kimi. Yaxşı unudulmuş köhnə bir söz də dili təzələndirə bilər, tutaq ki, taksi sürücüsünün dilinə hardansa düşmüş, bəlkə ağlına gəlmiş qondarma, "sintetik” söz də. Dilin hər nəsil üçün özünütəzələmə mexanizmi yoxdu, düzdü, amma yaxşı dil, yaxşı təhkiyə köhnəlmir. Mirzə Cəlilin, Haqverdiyevin, Əkrəmin dili köhnəlmədiyi kimi. Dil təkcə sözlərdən, terminlərdən ibarət deyil, onun rəngləri, qatqıları, çalarları var. O qədər mütaliəli yazıçı tanıyıram, baxırsan, təpədən dırnağa söz dağarcığıdı, amma dili "ölü”dü, cansızdı. Tənqid məsələsinə gəldikdə isə... Əsaslı tənqiddən heç vaxt incimərəm. Məsələn, mən "Balıq gülüşü”nü və "Ot” hekayəsini eyni vaxtda, paralel yazmışam. Amma "Ot”un dilini bir az köhnə deyirlər. Bir şeyi də nəzərə almaq lazımdı ki, dili də, təhkiyəni də, intonasiyanı da, hətta ritmi də mövzu diktə edir...
- Tənqiddən söz düşmüşkən, birini də deyim, Əsəd Cahangir müsahibələrinin birində söyləmişdi ki, Mübariz hələ də özünü axtarır, bir az Avropa yazarları, bir az xarici filmlərin imitasiyası: "Amma onun artıq 50 yaşı var. Bir müddət Rusiyada yaşayıb, bəlkə də bununla bağlıdır, ya nədənsə, o mənə söz süfrəsi arxasında ögey anadan ehtiyatlanaraq oturan, əlini çörəyə tərəddüdlə uzadan yeniyetməni xatırladır”. Bəy, razısanmı bu fikirlərlə?
- Əsəd Cahangir oxumuş adamdı, nə deyim, qoy o deyən olsun.
- Müsahibələrindən birində demişdin ki, sanki Tanrı mənə bir kitablıq söz bəxş eləmişdi. İndi sanki tükənmişəm. Tükənmişlik sindromu davam edirmi, yoxsa yeni fikirlər, ideyalar yazılar var?
- Biz tərəflərdə yaşı iki yüzü keçən kəhrizlər vardı. Hər iki il-üç ildən bir o kəhrizlərin gözünü təmizləməsən, suyu azalardı, quruyardı. Necə ki otuz il namərd qonşularımızın əsarətində qaldı, vaxtında təmizlənmədi, kəhrizlərimiz batdı. Yaradıcılıq da belədi. Gərək daima təzələnəsən, təmizlənəsən. Bu da daimi zəhmət tələb edir. Yuxarıda dediyim MMM-lər. Yəqin yaradıcılığımın "bulaq” dövrü, özüçağlayan dövrü bitib, – sən deyən o ilk hekayələr dövrü, – "artezian” dövrü başlayıb. Dərinə getdikcə külüngsüz keçinmək olmur. "Ağ buludlar” romanı ağır zəhmət hesabına başa gəldi, amma ortaya üzağardan bir iş çıxdı. Yəqin belə də olmalıdı. Yeni nəsr yeni "texnologiyalar”, yeni "konstruksiyalar”, yeni tətbiqlər tələb edir. Bu olmasa, "tikidiyin bina” ya köhnə olacaq, ya müqavimətsiz.
- Bəy, bilirəm ki, işin-gücün çox olur. Yazmaqdan qabaq oxumağa vaxt tapırsanmı? Kimləri oxuyursan? Kimlər haqqında yaxşı söz demək istəyirsən?
- İnsanın intensiv oxuyan vaxtları olur: gənc, sağlam, güclü, həvəsli vaxtları. Yaş artdıqca o intensivlik istər-istəməz azalır. Buna baxmayaraq, bacardığım qədər oxuyuram. Düzdü, axınla ayaqlaşa bilmirəm, məsələn Qismət kimi oxuya bilmirəm, amma günüm mütaliəsiz keçmir. Bir dəfə rayondan sinif yoldaşım gəlmişdi, kitabxanamdakı kitablara baxıb dedi, Mubu, bunların hamısını oxumusan? Dedim, bütün iş-gücümü atıb səhərdən axşama ancaq kitab oxumalı olsam, təkcə bu kitablara yüz il vaxt lazımdı. Hələ başqalarını demirəm... Bizim yazarlardan, demək olar, hamını oxumuşam, – ən azı hərəsindən nəsə, – köhnəli təzəli. Dünya ədəbiyyatından da oxumuşam, oxuyuram... Ancaq elə kitablar var ki, onları mütləq oxumalısan: səmavi kitablar, miflər, dastanlar, nağıllar, dünya ədəbiyyatı şedevrləri, inciləri... Xüsusən də, yazıçısansa, canın çıxmalıdı, oxumalısan. Bu xəzinəni oxumağa ömür də çatar.
- Azərbaycan Dillər Universitetində Yaradıcılıq fakültəsinin dekanısan. Bu fakültə Bakı Slavyan universitetinin tərkibində olanda - Kamal Abdullanın rektorluğu vaxtı - hamı bu fakültədən danışırdı. Məşhur məzunları az deyil. Biri elə sən özün. Fakültənin əvvəlki şöhrətini bərpa etmək üçün hansı işlər görülür, görüləcək?
- Söhbət keyfiyyətdən gedirsə, Yaradıcılıq Fakültəsi keyfiyyətini heç vaxt azaltmır: o bir markadı, brenddi. Müəyyən olunmuş fənlər üzrə dərslərə ölkənin ən nüfuzlu, say-seçmə müəllimləri cəlb olunur. Fakültəyə müasir avadanlıqlarla təhciz olunmuş böyük bir Fond binası ayrılıb. Ora əsl yaradıclıq məbədidi, bilənlər bilir. Əsl yaradlclıq ab-havası, mühiti yaradılıb. Keçən tədris ilində vaxtımız az olduğundan sayımız da az oldu. Lakin o azsaylı tələbələr arasından belə azı üç-dörd imza çıxıb şair, yazıçı kimi məşhurlaşacaq, əminəm. Kəmiyyətə gəldikdə isə... kəmiyyət bizimçün prioritet deyil. Kamal Abdulla qarşımızda belə bir vəzifə qoymayıb. Çünki bu, biznes layihəsi deyil, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə xidmət edən xoş məramlı, təmənnasız bir başlanğıcdı.
Buna baxmayaraq, gələcəkdə tələbə sayının artırılması ilə bağlı müəyyən işlər də görüləcək.
- Tərcümeyi-halında bir neçə müsabiqədə iştirakın, yer tutmağın haqqında məlumatlar var. Səncə, bu cür müsabiqələrin keçirilməsi motivasiya, ədəbi mühitin canlanması baxımından nə qədər əhəmiyyətlidir? Azərbaycanda keçirilən müsabiqələrin etibarlılığı çox vaxt şübhələr doğurub. Sən nə düşünürsən bu işlər barədə?
- Bütün müsabiqələrdə manipulyasiya üçün həmişə yer var. Bizdə də elədi, başqalarında da. Sadəcə onun da azı, çoxu, insaflısı, insafsızı olur. Hətta ən ideal seçimdə belə narazılıqlar olacaq, bu qaçılmazdı. Təsəvvür elə, üç sağlam, oxşar almadan birini seçməlisən. Vay o gündən ki, sağlam, yetişmiş almanı qoyub, xarab, yaxud kal almanı seçəsən, Femidanın təpəsinə onda qaynar su tökülür, tərəzisi əlindən düşür. Ədalətsizlik çox pis şeydi, yalançı şahidlik, üzə durmaqlıq kimi. Təəssüf ki, bizdə o günahı "uf” da demədən işlədirlər. Gülə-gülə! Üzünə baxa-baxa. O vaxtkı "Ədəbi azadlıq” müsabiqələri nisbətən ədalətli idi. Hamı üçün eyni şərait yaradılmışdı, hamıya meydan verilmişdi. Təəssüf ki, onun da final mərhələsində müəyyən çatışmazlıqlar, bəzən gözgörəti manipulyasiyalar oldu, yaxşı yadımdadı...
Ədəbi müsabiqələr həmişə lazımdı – ədəbi mühitin canlanması, gənc ədiblərin özünü təsdiqi, tanınması üçün. Amma...
- "Yazı” jurnalında baş redaktorun müavini idin. Bu baxımdan Azərbaycandakı ədəbi jurnallar, saytlar haqqında fikirlərin maraqlı olardı.
- "Yazı” jurnalının təməli yaxşı kişilər tərəfindən qoyulub: Rafiq Tağı, Azad Qaradərəli, Rəhim Əliyev, Aslan Quliyev, Əlabbas... Azad müəllim məni o jurnala dəvət edəndə Rusiyadan təzə gəlmişdim. Təəccüb edirdim ki, bir qərik qazanc götürmədən – bu azmış kimi öz cibinin də pulunu qoyub – belə məşəqqətli işlə necə məşğul olmaq olar?! Əsərləri seç, oxu, redaktə elə, min zülmlə sponsor tap, jurnalı çap elətdir və... əlində qal! (Ya da o sənin əlində qalsın, fərqi yoxdu). Yadımdadı, Azad müəllimlə jurnalın təzə nömrəsini Mətbuat prospektində hansısa yayım nöqtəsinə verməliydik. Təsəvvür elə, dördüncü mərtəbəyə qalxmalıyıq, lift işləmir, qırx dərəcə isti, ağır jurnal bağlamaları çiynimizdə, tər təpəmizdən gəlir, Azad müəllim qabaqda, mən arxada... O yükün altında birdən məni gic gülmək tutdu; Azad Qaradərəlini Don Kixot, özümü Sanço Panso hiss elədim. Bəli, belə bir bəhrəsiz entuziazm! Fərəhi: alıcısı yoxdu. Çox vaxt həmin sayda yazısı gedənlər alır jurnalı. O da hələ alsalar... Amma onsuz da olmur. Ədəbiyyat, sənət, bidiyimiz kimi, fədakarlıq tələb edib. Fədakarlar isə həmişə var. "Yazı” bu gün də mətin əllərdədi.
Ağa Cəfərli
Şərhlər