Belqrad meri vəzifəsini icra edən Serb Tərəqqi Partiyasının (SNS) vitse-prezidenti Aleksandar Sapiç paytaxtda bələdiyyə seçkilərinin yenidən keçiriləcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vijesti" məlumat
yayıb.
"Biz seçkinin nəticələrini ləğv etdik. Zərərimizə qərar verdik, amma qorxmuruq", deyə Sapiç bildirib.
Onun fikrincə, 1990-cı illərdə çoxpartiyalı sistemin tətbiqindən bəri Serbiyada bundan vacib seçkilər olmayıb. O qeyd edib ki, infrastruktur layihələri ilə bağlı müzakirələrə baxmayaraq, səsvermənin əsas mövzusu Serbiyanın hansı istiqamətdə gedəcəyi olacaq.
Şapiç bildirib ki, qarşıdan gələn yerli seçkilər və Belqraddakı təkrar seçkilər son dərəcə vacibdir və "bütün cəmiyyətin sağ qalması üçün" önəmlidir.
"Serbiya zorakılığa qarşı" müxalifət koalisiyasının Belqrad siyahısının lideri Dobrika Veselinoviç təkrar seçkilərlə bağlı qərarı müxalifətin, müşahidəçilərin, vətəndaş cəmiyyətinin, habelə seçki komissiyalarının üzvlərinin və saxtakarlıq qeydə almış digər vətəndaşların qələbəsi adlandırıb. O bildirib ki, növbəti addım seçki şəraitinin yaxşılaşdırılması üçün birgə mübarizədir.
Azad Vətəndaşlar Hərəkatının lideri, Serbiya parlamentinin üzvü Pavle Qrboviç bildirib ki, Belqrad şəhər hökumətinə elan olunmuş təkrar seçkilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) dekabrda Serbiyada keçirilən seçkilərlə bağlı yekun hesabatındakı tövsiyələri yerinə yetirmək üçün mümkün qədər gec keçirilməlidir:
"Belqradda keçirilən yeni seçkilər Serb Tərəqqi Partiyasının dekabrın 17-də keçirilən seçkiləri oğurlandığını rəsmən tanıdığını ifadə edir. DTİHB-nin bütün tövsiyələrini, ilk növbədə, bununla bağlı tövsiyələri yerinə yetirmək üçün yeni seçkilər mümkün qədər gec keçirilməlidir".
O, növbəti seçkilərin əvvəlki seçkilərlə eyni şəraitdə keçirilməməsi üçün Avropa İttifaqı (Aİ) institutlarının fəal iştirakını gözlədiyini və rejimin potensial yeni maxinasiyalarının qarşısının alınacağını bildirib.
"Belqradda seçkilərin təkrarlanması bütün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, yerli və respublika seçki komissiyalarında olan nümayəndələrin və aylarla həqiqət uğrunda mübarizə aparan müxalifət həmkarlarının xidmətləridir və onların fədakarlığı ilk dəfə olaraq hətta uzaqdan da olsa, ədalətli və azad seçkilərə sahib olmağımızı təmin edəcək. Bir daha heç vaxt Belqradda, eyni zamanda bir çox başqa şəhərlərdə və bələdiyyələrdə Serb Tərəqqi Partiyası (SNS) və digər radikallar hakimiyyətdə olmayacaq", deyə Qrboviç əlavə edib.
2023-cü ilin dekabrın 17-də keçirilmiş seçkilərin nəticələri ilə razılaşmayan "Serbiya zorakılığa qarşı" müxalifət blokunun tərəfdarları səsvermənin nəticələrinə yenidən baxılması üçün demək olar ki, hər gün etiraz aksiyaları keçirirdilər. Dekabrın 25-də etirazçılar Belqrad meriyasına hücum etməyə cəhd ediblər, dekabrın 29-da isə şəhərin mərkəzindəki küçəni bağlayıblar.
Yanvarın 16-da müxalifət koalisiyasının bir neçə yüz tərəfdarı iki həftəlik fasilədən sonra Serbiya paytaxtının mərkəzində Respublika Seçki Komissiyasının (RSK) binası yaxınlığında ilk etiraz aksiyası keçirib.
Aydın
Şərhlər