Serbiya polisi bildirib ki, Belqradda müxalifətin etirazları qarşıdurma ilə başa çatdıqdan sonra 38 nümayişçi saxlanılıb.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə polis idarəsinin rəisi İvitsa İvkoviç məlumat
verib.
Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırışlarda və ictimai toplantılarda zorakı davranışda şübhəli bilinir.
İvkoviç iki polis əməkdaşının ciddi xəsarət aldığını, onlardan birinin bu gün əməliyyat olunacağını da bildirib.
Xatırladaq ki, ötən gecə Belqradda ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçirilib və onun iştirakçıları meriyanın binasına soxulmağa cəhd ediblər.
Belqrad meriyasının qarşısına minlərlə insan müxalifətin Serbiya zorakılığa qarşı koalisiyasının dəvəti ilə toplaşıb. Bu, Serbiyada müxalifətin fikrincə, çoxsaylı pozuntularla keçirilən parlament seçkilərinin nəticələrinə qarşı sayca yeddinci etiraz aksiyasıdır.
Müxalifət nümayəndələri meriyanın eyvanından çıxış etmək istəsələr də, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə edərək buna imkan verməyib.
Serbiyada növbədənkənar seçkilərin nəticələrinə görə prezident Aleksandr Vuçiçin siyasi qüvvəsi qalib gəlib.
Nizami Bağırov
Şərhlər