"Bütün sənət adamlarına, Azərbaycan xalqının imkanlı şəxslərinə çağırış edirəm, gəlin birlikdə Könül Xasıyevaya kömək edək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev müalicəsinə 254 min manat lazım olan Xalq artisti Könül Xasıyevanın sənət adamlarına müraciətindən danışarkən deyib.
Yusif Mustafayev bildirib ki, onun vəziyyəti sabah hər birimizin başına gələ bilər:
"Allah şəfasını versin, həyatdır, bilmək olmur, kimin başına nə gələcək. Heç kim sığortalanmayıb. Ona kömək etməliyik və etməyə də borcluyuq. Bir övladı var, toyunu görmək istəyir. Könül böyük sənətkardır, hamımız onun oxumağından zövq almışıq, çətin vəziyyətdə olmasa ağız açmaz. Mən onun oğlu ilə danışıb kartına pul atacam. Bu işi dəstəkləyirəm və hamıya da üz tutub çağırış edirəm. Hamınız ona əl tutun. Hər bir sənət adamı imkanı çatandan əl tutsa, deyilən məbləğ yığılar və nəticədə Könül xanım da yaşayar. Allah onu bu xalqa çox görməsin”.
Müğənni Manaf Ağayev də həmkarına dəstək olacağını qeyd edib:
"Allah Könül Xasıyevanın şəfasını versin. Ona əl tutmaq lazımdır. Camaat necə, mən də elə. Yardım edilsə, mən də edəcəm, niyə kənarda qalmalıyam”.
Əməkdar artist Vasif Məhərrəmli isə Könül Xasıyevanı izləmədiyini vurğulayıb:
"Mən Könülü izləmirəm. Toydayam, mənim elə şeylərə baxmağa vaxtım yoxdur”.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını, müalicə üçün 254 min manata ehtiyacı olduğunu bildirib. Xanəndə "Instagram" hesabında paylaşım edərək, sənət adamlarına müraciət ünvanlayıb. "Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu "Instagram" hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz", deyə muğam ifaçısı paylaşımında qeyd edib.
Bahar Rüstəmli
Şərhlər