Xəbər lenti

Sənət adamları bayramı necə keçirir? - “Heç vaxt qurban əti yeməmişəm”
Ölkə 16:01 09.07.2022

Sənət adamları bayramı necə keçirir? - “Heç vaxt qurban əti yeməmişəm”

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu məqsədlə Azərbaycanda bayram namazları qılınıb, kütləvi qurban kəsmə mərasimləri təşkil olunub, imkanlı şəxslər qurban kəsib imkansız ailələrə pay göndərir. 

Bəs, cəmiyyətdə imkanlı şəxs kimi tanınan sənət adamları Qurban bayramını necə keçirir?
Qaynarinfo bu məqsədlə müğənnilər arasında sorğu keçirib. 

Əməkdar artist Yusif Mustafayev hər il qurban kəsdiyini vurğulayıb:

"Bu bizim üçün əziz bayramdır. Elə bir bayram olmaz ki, onu qeyd etməyək, yəni gücümüz çatandan qurban kəsib, imkansız ailələrə paylayıram. Hazırda evimdəyəm, bayram süfrəsi ətrafında ailəmlə, nəvələrimlə birlikdəyəm. Bundan başqa gözü yolda qalan ailələrə də pay göndərmişəm. Qoy hamının evində qazan qaynasın”.

Manaf Ağayev Qurban Bayramını evində qeyd etdiyini dedi:

"Ailəmlə birlikdəyəm. Hamı kimi biz də hər il imkanımız çatandan qurban kəsirik. Kəsdiyim bütün qurbanları yaxınlarıma, kənd qonşularımıza paylayıram. Qurban evə qoymaq üçün deyil ki, kəsdinsə, gərək paylayasan”.

Müğənni Nadir Qafarzadə hazırda yolda olduğunu bildirib:

"Uzun bir yol gedirəm, təbriklər alıram. Mən də xalqımızı təbrik edirəm, qayıdan kimi Qurban Bayramlarımızı qeyd edəcəyəm. Qurbanlar kəsəcəyəm, həmişəki kimi adət-ənənə necə tələb edirsə, elə də ona riayət edərik. Bayram 3-4 gün davam edir. Mən həmişə ətrafımda olan imkansız şəxslərə qurban payı ünvanlayıram. Yadıma gəlmir ki, nə vaxtsa qurban əti yeyəm. Heç vaxt qurban əti yeməmişəm. Qurban ətinin dadı necə olur? Mən Qurban ətinin dadını belə bilmirəm. Deyirlər, qurban əti bir az da olsa evdə qaynamalıdır, yəni bişməlidir, amma mən buna imkan vermirəm. Çünki Qurban əti paylanmalıdır, imkansız ailələr arasında, özüm yeməsəm də olar”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->