"Reallıqda Putin özü də anlayır ki, NATO ölkələrini vuracaq gücdə deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya prezidenti Vladimir Putinin Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadənin NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadənin NATO ölkələrinin Ukraynadakı döyüşlərdə birbaşa iştirakı anlamına gələcəyini söyləyən Rusiya prezidenti Putin indiyə qədər öz ərazisinə Kiyev tərəfindən endirilən silahların hardan gəldiyini görəsən görmürdümü? Əlbəttə ki, bu silahlar da NATO ölkələrinin Ukraynaya verdiyi dəstəyindən dolayı olan silahlar idi. Amerika, İngiltərə, Fransa, Danimakra, İsveç və digər onlarla ölkə Kiyevə hərbi dəstək verir. Ona görə də Putinin bu sayaq açıqlaması sadəcə olaraq növbəti bəyanatdır", deyə Üzeyir Cəfərov bildirib.
Həmsöhbətimiz deyir ki, Putin bununla sadəcə olaraq, NATO ölkələrinə hədə-qorxu gəlir:
"Onları Ukraynaya daha geniş dəstək verməkdən çəkindirməyə çalışır. Dəfələrlə, Putin daxil olmaqla yüksək rütbəli Rusiya rəsmiləri "qərmızı xətt"in keçiləcəyi təqdirdə Qərblə münasibətlərdə daha kəskin qarşıdurmanın yarana biləcəyi barədə fikirlər səsləndiriblər. Amma reallıqda səsləndirdikləri bu kimi fikirlərin arxasınca getdiklərinin şahidi olmamışıq. Ukrayna ordusu Kurska hücum edərək, bir çox yaşayış məntəqələrini tutub. Rusiya öz ərazisinin başqa dövlət tərəfindən ələ keçirilməsini özü üçün "qırmızı xətt" sayıb. Amma buna rəğmən, sözdə sarsıdıcı cavab zərbələr endirəcəklərini desələr də, reallıqda buna qadir olmadıqlarını göstərirlər"
Ekspert qeyd edir ki, Rusiya NATO ölkələrini vurmağa cürət edə bilməz:
"Kremldə də gözəl anlayırlar ki, buna onların gücü çatmaz. Təkbaşına Ukrayna ilə bacara bilmirlər. NATO ilə birbaşa toqquşmaqla isə özlərinin məhvini daha da sürətləndirərlər. Bu mənada da Putinin açıqlaması blefdir və daxili auditoriyaya hesablanıb".
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadənin NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcəyini söyləyib. Bunu Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
Bununla da Vladimir Putin ilk dəfə ABŞ və Avropa ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə Rusiyaya yüksək dəqiqliyə malik Qərb silahları ilə zərbələr endirməyə icazə verəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
O bildirib ki, Ukrayna ordusu belə silahlardan istifadə etmək iqtidarında deyil, çünki bu, yalnız peyklərin kəşfiyyat məlumatlarından istifadə etməklə mümkündür. Onları yalnız NATO və ABŞ verə bilər. Bu baş verərsə, Qərb birbaşa döyüşlərdə iştirak edəcək.
Rüfət Sultan
Şərhlər