Xəbər lenti

Paşinyan Lukaşenkodan niyə küsüb? (ŞƏRH)
Dünya 11:19 14.06.2024

Paşinyan Lukaşenkodan niyə küsüb? (ŞƏRH)

"Lukaşenkonun bu günlərdə Qarabağa səfər edib, Azərbaycan Prezidentini təbrik etməsi İrəvanı qıcıqlandırıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Belarusdakı səfirini məsləhətləşmələr adı ilə geri çağırmasını şərh edərkən deyib.

Q.Hüseynli bildirib ki, Minsk ilə İrəvan arasında münasibətlərin sərtləşməsi Lukaşenkonun Azərbaycanla yaxın dostluq mesajları ilə bağlıdır:

"Belarus prezidenti 44 günlük müharibə və ondan sonrakı dövrdə hər zaman Azərbaycan barədə xoş sözlər işlədib. Bu günlərdə Qarabağa səfər edərkən İlham Əliyevi təbrik etməsi yəqin ki, ermənilərin qəlbinə toxunub. Bu səbəbdən də Minskidəki səfirlərini geri çağırıblar”. 

Həmsöhbətimizə görə, İrəvanın bu addımı diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxarmayacaq: 

"Bu addım sadəcə olaraq, həm səfirin təmsil etdiyi ölkəyə xəbərdarlıqdır, həm də bundan sonra həmin ölkə ilə münasibətlərin necə qurulacağı barədə səfirə müəyyən göstərişlər verməkdir”. 

Qeyd edək ki, Ermənistan Belarusdakı səfirini məsləhətləşmələr adı ilə geri çağırıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib. Bundan əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Lukaşenko Prezident olduğu müddətdə heç bir rəsmi nümayəndə Belarusa səfər etməyəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->