Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində baş tutan maraqlı qarşılaşmalardan biri "Turan Tovuz” - "Neftçi” oyunu oldu. Tovuz şəhər stadionunda baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazandı. Təbii ki, Tovuz klubu bu oyunda rəqibini hərtərəfli üstələməklə yekun nəticəni öz xeyrinə müəyyənləşdirdi. "Neftçi”nin belə zəif çıxış etməsi isə bir çox müzakirələrə səbəb olub. Tənqidlərlə yanaşı, hətta bəzi futbolçuların bilərəkdən zəif oynamasını iddia edənlər də var.
Bəs "Neftçi”nin əfsanəsi sayılan Yunis Hüseynov nə düşünür? Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında keçmiş komandasının düşdüyü vəziyyəti dəyərləndirib:
"Kubokda baş tutan oyundan sonra fikrimi demişdim. Yaxşı olanda "yaxşı" deyirik, pis oynayanda tənqid edirik. Keçəndəfəki fikirlərimə qarşı çıxanlar oldu. Başlarından yekə danışırdılar. Məni digər məşqçilərlə səhv salmasınlar. Sözlərinə fikir versinlər, ayıbdı, yaraşmaz. Oyuna gəlincə, "Turan Tovuz” hər cəhətdən "Neftçi”ni üstələdi. Həm azarkeşləri möhtəşəm idi, həm də göstərdiyi oyun. "Neftçi” udsa və ya uduzsa da, üçüncü yerdə qalacaqdı. Düşünürəm ki, bu nöqteyi-nəzərdən futbolçularda arxayınlıq yaranmışdı. "Turan Tovuz” da kubokdakı məğlubiyyətin əvəzini çıxmaq üçün çox yaxşı hazırlaşmışdı. Yaxşı oyun göstərib qələbə qazandılar. "Neftçi”yə isə belə oyunu yaraşdırmadım. Maraqlıdır, komandaya legionerləri hansı kriteriyalara əsasən seçiblər? "Neftçi”nin adı, tarixi var, futbolçular hara gəldiklərini bilməli, dərk etməlidirlər. Belə görünür ki, futbolçular meydançaya gəzmək, vaxt keçirmək üçün çıxmışdılar. Onlara yaraşmayan hərəkət idi. Ömrümü "Neftçi”də keçirmişəm. Həqiqətən çox pis oldum. Biabırçı oyun idi. Baş məşqçi özü də oyundan sonra üzr istədi. Fikrimcə, nəticə arxayınlıqdan irəli gəldi. Hər oyunçu meydana məsuliyyətlə çıxmalıdır. Rəhbərlik yəqin ki, futbolçulara və baş məşqçiyə töhmət verəcək”.
Hüseynov "Neftçi”nin heyətini dəyərləndirdi. O, mövsümü zəif keçirmələrinin səbəbini belə izah etdi:
"Bəzi futbolçular var ki, individual şəkildə babatdır. Ümumilikdə götürsək, elə də güclü legionerlər yoxdur. Futbolçu seçimində bir qədər zəiflik olub. Fakt odur ki, komanda üçüncü yerdədir. Deməli, düzgün seçim etməyiblər. O səviyyədə legionerlər deyil. Heç vaxt baş məşqçilərin işinə qarışmıram. Yəni onun taktikası və sair haqqında nəsə demirəm. Sadəcə, tövsiyə kimi fikirlərimi bildirmişəm. Mən "Neftçi”nin baş məşqçisini soyuqqanlı görürəm. Yəni, olar olar, olmazsa, olmaz. Meydandakı adımlarından, oyunsonrası açıqlamalarından məhz belə xarakterli məşqçi kimi görürəm. Bunun nədən irəli gəldiyini də deyim. Əvəzetmələr zamanı görürsən ki, bəzi futbolçular deyinirlər, kimsə təpik atır və sair. Ciddilik yoxdur, baş məşqçi belə şeylərə fikir verməlidir. İnşalah təki kuboku qazansınlar. O da bir tituldur”.
"Neftçi”nin baş məşqçisi ilə futbolçuları arasında müəyyən narazılıqlar olduğu görünür. Hüseynov da bunu hiss etdiyini deyir:
"Düz deyirsiniz, oyundan sonrakı müsahibələrini analiz etsək, futbolçularla məşqçilər arasında müəyyən problemlər hiss olunur. Yəqin problem var ki, belə istəksiz oynayırlar. "Turan Tovuz”la oyunda futbolçular nə etdiklərini bilmirdilər. Bu da oyun intizamının həddindən artıq pozulmasından xəbər verir. Kobud çıxmasın, futbolçunun baş məşqçi ilə münasibətləri yaxşı olmayanda meydançada ürəyi istəyən kimi hərəkət edir, intizamı pozur. Düzdür, bizim dediklərimiz fərziyyələrdir, amma kənardan görünən odur ki, oyun intizamı pozulmuşdu və futbolçular istədiklərini edirdilər. Nəticə də bu cür oldu”.
Səbuhi Həsənov
Şərhlər