Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində, rayonda "Şəhidlər şəhirciyi" kimi tanınan yaşayış massivində problem yaşanır.
Şəhərciyin sakini Maqsud Poladov Qaynarinfo-ya bildirib ki, şəhərcik salınandan sonra bəzi küçələr təmir olunsa da, onların yaşadığı küçə bərbad vəziyyətdədir.
"Burada cərgə ilə şəhid ailələri və qazilər üçün fərdi yaşayış evləri tikilib. Tikinti bitdikdən sonra bizim küçədən başqa bütün ara küçələr təmir edildi. Bizim küçənin hansı səbəbdən təmir olunmadığı ilə maraqlandıqda dedilər ki, növbəti il təmir olunacaq. Artıq 3 ildir ki, evlər təmir olunub. Bu müddət ərzində bizim küçəyə heç baxan olmayıb", deyə Maqsud Poladov əlavə edib.
Onun sözlərinə görə, problemlə əlaqədar yerli icra hakimiyyətinə müraciət edilsə də, nəticəsi olmayıb.
"Bu biganəliyin səbəbi bizə məlum deyil. Küçə bərbad vəziyyətdədir. Yağış yağdıqda ümumiyyətlə bu küçədə hərəkət etmək mümkün olmur. Dəfərlərlə icra hakimiyyətinə müraciət etmişik. Oradan bildiriblər ki, düzələcək, amma düzəlmir ki, düzəlmir. Bilmirik hara müraciət edək", deyə şikayətçi vurğulayıb.
Maqsud Poladov bildirib ki, sakinlər məsələ ilə əlaqədar daha yuxarı orqanlara müraciət etmək niyyətindədirlər:
"Rayon rəhbərliyi heç bir tədbir görmədiyinə görə, düşünürük ki, daha yuxarı qurumlara şikayət edək. Bəlkə o zaman gəlib düzəldərlər. Başqa yolumuz yoxdur".
Qaynarinfo məsələ ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasa da, zənglərə cavab verən olmayıb.
Maqsud Poladov redaksiyamıza ərazidən çəkilən görüntüləri də təqdim edib. Həmin görüntüləri oxucuların diqqətinə çatdırırıq.
Seyid
Şərhlər