Futzal millimiz bir neçə gün öncə təlim-məşq toplanışına yollandığı Gürcüstanda iki yoldaşlıq görüşü də keçirdi. Vitali Borisovun baş məşqçisi olduğu yığma gürcülərə qarşı keçirdiyi hər iki oyunda məğlubiyyətə (1:2, 2:3) uğradı.
Artıq vətənə dönən millimizin üzvü Xəzər Ağalızadə Qaynarinfo-ya açıqlamasında həm Gürcüstandakı təlim-məşq toplanışı, həm də yoldaşlıq matçları haqda fikirlərini bölüşdü:
"Artıq toplanışdan qayıtmışıq. Bakıya bu gün çatmışıq. Hazırlıq yaxşı keçdi. Vitali Borisov fiziki hazırlığa daha çox üstünlük verdi. Komanda tam dəyişilib. Bildiyiniz kimi yerlilərə daha çox üstünlük verilir. Həmçinin taktiki hazırlıq da keçdik. Düşünürəm ki, belə yoldaşlıq matçlarının sayı çox olsa, yaxşı komanda kimi formalaşcağıq".
Ağalızadə, yoldaşlıq görüşlərində gürcülərə əsasən təcrübə baxımından uduzduqlarını dedi:
"Çətinlik deməzdim, sadəcə, təcrübəsizlik var. Düzdür, birinci oyunda qapımıza daha çox zərbələr oldu. İkincidə nisbətən daha yaxşı oynadıq. Bir qədər təcrübəsizlik oldu deyə uduzduq. Bəli, heyətimizdə bir iranlı legioner də vardı. Demək olar, aramızda fiziki baxımdan ən güclü, çox işləyən futzalçıdır. Komandaya çox köməyi dəyir".
Futzalçı məğlubiyyətlərə baxmayaraq həvəsdən düşmədiklərini söylədi:
"Xeyr, həvəsdən düşmürük. Neçə illərdən sonra yerli futzalçılardan ibarət komanda ilə belə nəticə məncə pis deyil. Həm də neçə vaxtdır uşaqlar oynamırdı. Hər şey yaxşıdır, həvəsdən düşməmişik. Bu da bizim üçün bir təcrübə oldu. Təbii, komanda təcrübəsiz olanda, uyğunlaşma prosesi gec gedir. Qarşımızdakı məqsəd Avropa çempionatında yaxşı çıxış etməkdir. AÇ-yə qədər yəqin ki, yoldaşlıq görüşlərimiz olacaq. Məncə bundan sonra futzalçılarımız bir-birinə uyğunlaşacaq. Hələlik ən böyük hədəfimiz gənclərin yetişməsi, yerlilərin şans qazanmasıdır. Digər hədəf də AÇ-də iştirakdır".
Son vaxtlar milliyə dəvət edilən istedadlardan biri olan Ağalızadə artıq komandaya uyğunlaşdığını da söylədi:
"Artıq bir ildir millidəyəm, demək olar tam uyğunlaşmışam. Sadəcə, son vaxtlar heyətdə dəyişikliklər oldu, yeni futzalçılar gəldi. Onlara hələ ki, tam uyğunlaşmamışam. İnşallah yaxşı olar".
Şərhlər