Taylandın Lopburi şəhəri ərazini zəbt edən, iqtisadiyyata və yerli sakinlərə problemlər yaradan uzunquyruqlu makakaların (meymunlar) istilasına məruz qalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Le Courrier International" məlumat yayıb.
3500 uzunquyruqlu makakadan ibarət "ordu" Taylandın Lopburi şəhərini "işğal edib". Heyvanlar sözün əsl mənasında eyniadlı vilayətin mərkəzini ələ keçiriblər. Əvvəllər meymunlar turistləri cəlb edərək yerli məbədin yaxınlığında məskunlaşırdılar, indi isə makaka dəstələri yerli sakinlərə problemlər yaradır və şəhərin iqtisadiyyatına təsir göstərir.
Aqressiv heyvanlar səbəbindən insanlar şəhərə investisiya qoymaq istəmirlər, səyahətçilər də Lopburidən qaçırlar. Bir çox mağaza iflas edib. Meymunlar sakinlərin evlərinə soxularaq orada soyğunçuluq törədir, ticarət mərkəzlərində alıcılara hücum edir.
"Pərakəndə satış sahəsini icarəyə götürən satıcılar demək olar ki, hər ay damın zədələnməsini təmir etməli olurlar. Nəticədə mağazaya getdikcə daha az müştəri gəlir və bir çox pərakəndə satış məntəqələri tərk edilir", deyə Lopburi Ticarət və Sənaye Palatasının prezidenti Ponqsatorn Çaiçanaphanit bildirib.
Yerli hakimiyyət Milli Parklar Departamentinin əməkdaşları ilə birlikdə problemin həllini axtarır.
Aydın
Şərhlər