Azərbaycanın hərb tarixinə "Aprel döyüşləri” kimi yazılan savaşın başlamasından növbəti il ötür.
Həmin döyüşlərdə iştirak edən kəşfiyyat qrupunun komandiri Asim Əliyev Lələtəpə yüksəkliyində ilk bayrağın necə dalğalandırılması haqda Bizim.Media-nın əməkdaşına danışıb.
"Düşmən təxribatı başlayanda biz dərhal cəbhəyə - Lələtəpə istiqamətinə getdik. Kazarmada bayraq götürüb bütün uşaqlarla öpüb gözümüzün üstünə qoyduq. Sonda həmin bayraq məndə qaldı. Əks hücum əməliyyatı əmri gələndə öz mövqelərimizdən düşmənin dayandığı Lələtəpə strateji yüksəkliyinə hərəkətə başladıq. Görünmədən sızaraq yüksəkliyin cənubundan yaxınlaşıb döyüşə başladıq”, - deyə o, qeyd edib.
"Düşmənin səngərinə atılıb yaxın məsafədən döyüşə başladıq. Onların atəş nöqtələrini susdurduqdan sonra yaxın səngər döyüşləri oldu. Demək olar ki, ərazini tam təmizlədik. Həmin döyüş tapşırığını o qədər surətlə icra etdik ki, düşmən nə baş verdiyini anlamırdı. Vahimə və təşviş içindəydilər. Təxminən saat altı radələrində sinəmdə gətirdiyim bayrağı çıxarıb silahdaşlarım Şükürov Rəşad, Babayev İlknur, Paşazadə Vüsalın köməkliyi ilə kiçik beton dirəyə bağladıq”, - Asim Əliyev deyir.
Döyüşçülər silahlarının sünbələri ilə Azərbaycan bayrağını kiçik dirəyə bərkidiblər. Məhz elə düşmənin yenidən hücum cəhdləri də ondan sonra başlayıb. Lakin qəhrəmanımız döyüşün ən yadda qalan anının məhz bayrağın dalğalandırılması olduğunu dilə gətirir:
"Bayraq dalğalanmağa başlayanda onun altında uzanıb öz komanda məntəqəmizə sarı baxdım. Sevinc səslərinin ardınca tanklarımızın səsini eşitdim. Qürurdan axan göz yaşlarım özümdən ixtiyarsız gözlərimi doldurmuşdu. Bayrağımızı görən düşmən durmadan əks hücumlar təşkil edir, koordinatlarımızı şiddətli atəş altında saxlayırdılar. Buna baxmayaraq Azərbaycan ordusu öz gücünü göstərdi. Həmin döyüşdə düşmənin yüzdən çox meyiyi qalmışdı”, - Asim Əliyev xatırlayır.
Bu döyüşə qədər düşmən təxribatlarının ardı-arası kəsilmirdi. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələri mütəmadi olaraq atəşə məruz qalırdı. Düşmən təxribatının qarşısını alan Azərbaycan ordusu iki istiqamətdə əks-hücum əmrini uğurla yerinə yetirib. Əməliyyatlar zamanı düşmənin əlində olan strateji yüksəkliklər azad edilib. Bir neçə istiqamətdə dinc yaşayış məntəqələri atəş altından çıxarılıb.
Uzun illər sonra Azərbaycan ərazilərinin bir qismi işğaldan azad edilib. Cənub cəbhəsində isə strateji Lələtəpə yüksəkliyi azad edilməklə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulub. İnsanlar doğma yurduna köç edib. Bu isə gələcəkdəki növbəti uğurların addım səsləri – zəfər müjdəçisi idi...
Şərhlər