Xəbər lenti

Laçın dəhlizinə nəzarət... - Lavrov Bakıda nəyi elan etdi?
Siyasət 09:39 01.03.2023

Laçın dəhlizinə nəzarət... - Lavrov Bakıda nəyi elan etdi?

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda bəyan etdi ki, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulması müzakirə mövzusu deyil. Bu, qeyri-humanitar məqsədlər üçün istifadə edilən dəhlizə nəzarət məsələsinə ziddir, hərçənd, qapalı görüşdə məsələnin müzakirə edildiyi və Bakının öz mövqeyində israrlı olduğunu Lavrovun açıqlamasından görmək mümkündür.

Lavrov Laçın dəhlizinin 10 noyabr razılaşmasına uyğun işləməli olduğunu və "yalnız humanitar yüklərin və mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsinin vacibliyini” deyib. Müharibədən sonra Rusiya sözdə bu haqda danışsa da, praktikada dəhlizdən qeyri-humanitar yüklərin və qeyri-mülki şəxslərin keçidinə şərait yaradıldığı bəllidir. Bunu Bakı da bilir və tələb edir, hərçənd, mövcud situasiya əvvəlki dövrlə fərqlənir:

- Laçın yolunda aksiya faktiki olaraq dəhlizə qeyri-rəsmi nəzarət deməkdir;
- Aksiyanın qeyri-rəsmi tələblərindən birinin dəhlizdən qeyri-humanitar məqsədlər üçün istifadənin dayandırılmasıdır. Ki, buna sözdə yox, praktikada nail olunmasa, aksiyanın baş çatacağı da sual altındadır;

Bu baxımdan, Rusiya nəzarət-keçid məntəqəsinin qurulmasını istəməsə belə, dəhlizə praktiki nəzarətdə Bakının iştirakının alternativi olmamalıdır. Və elə Lavrovun sözlərindən çıxan nəticə odur ki, Bakıda bu məsələ müzakirə edilib.

"Dəhlizin faktiki olaraq təyinatı üzrə istifadə edilməsinə dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür. Biz bu gün buna toxunduq”, - Lavrov deyir.

Texniki vasitələr nələr ola bilər?

Aksiyanın başlanmasından sonra Laçın yoluna "X-ray” skaner cihazlarının quraşdırılmasının mümkünlüyü haqda məlumatlar yayılmışdı. İstisna deyil ki, "texniki vasitələr” dedikdə bu nəzərdə tutulur və ya dəhlizin 10 noyabr razılaşmasına uyğun işləməsinə razı olan Bakının tələbi bundan ibarətdir: həm yüklərin, həm də avtomobillərin keçidi skaner cihazlar vasitəsilə yoxlanılır və bu, qeyri-humanitar yüklərin keçidinin qarşısını alınmasına imkan verə biləcək addımdır.

Lakin indiyəqədərki təcrübə "texniki vasitələr”in təkcə Rusiya sülhməramlılarının ixtiyarında olacağı təqdirdə, dəhlizin profilinə uyğun istifadə ediləcəyini də sual altına salır. Prosesin şəffaflığından yalnız Azərbaycanın yoxlamalarda iştirakı halında danışmaq mümkündür. Bu iştirakçılıq iki yolla ola bilər: yoxlamalarda ya Azərbaycanın nümayəndəsi əyani şəkildə iştirak edir, ya da Bakı onlyan qaydada prosesi izləyə bilir;

Mümkündür ki, Bakıda müzakirə edilən "texniki vasitələr” bununla bağlı olub.

Asif Nərimanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->