Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant”
yazır.
Dmitri Peskovun sözlərinə görə, Rusiya və Türkiyənin bu məsələdə "fikirləri tamamilə fərqlidir", lakin Rusiya tərəfi öz mövqeyini Türkiyə tərəfinə çatdırmaqda davam edir.
"Eyni zamanda, türkiyəli dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün məqsədyönlü cəhdlərdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı anlamağa və razılaşmağa imkan verəcək”, - deyə Peskov jurnalistlərə bildirib.
Türkiyə prezidentinin bəyanatlarının ABŞ-ın öz iqtisadiyyatına sanksiyalar təzyiqini azaltmaq istəyi ilə bağlı olub-olmaması ilə bağlı sualı cavablandıran Dmitri Peskov bildirib ki, Türkiyə "yalnız öz maraqlarını rəhbər tutmağa davam edir”. "Həqiqətən də, Birləşmiş Ştatlar Türkiyə Respublikasına açıq-aşkar təzyiq göstərir, Türkiyə iqtisadiyyatı üçün nəticələrlə qorxutmaqdan çəkinmir”, - deyə Peskov bildirib.
Xatırladaq ki, sentyabrın 11-də Latviyada "Krım platforması” liderlərinin IV sammiti keçirilib. Sammitdə çıxış edən Ərdoğan vurğulayıb ki, Türkiyə həmişə Krımın Rusiyaya daxil olmasına qarşı çıxıb. Onun sözlərinə görə, "Krımın ilhaqı Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəyən ziyanı daha da ağırlaşdırıb”. O qeyd edib ki, Ukraynanın müstəqilliyini dəstəkləmək Türkiyənin daimi prioritetidir.
Nizami Bağırov
Şərhlər