Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Xarici İşlər Nazirliyinin Ukrayna münaqişəsinin həlli üçün "sülh platforması” yaratmaq təşəbbüsünü şərh edib. O, ideyanı müsbət qiymətləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” məlumat
yayıb.
"Belə bir platforma olsaydı, həqiqətən də əla olardı", deyə mətbuat katibi Peskov mətbuatla söhbətində bildirib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin "Ukrayna münaqişəsinin həlli üçün diplomatik səylər siyasətinin” tərəfdarı olaraq qalır. O, aydınlaşdırıb ki, Moskva heç vaxt danışıqlardan imtina etməyib və bütün maraqlı tərəflərin iştirakı ilə danışıqların aparılmasının tərəfdarı olub. Hazırda danışıqlar üçün platforma yoxdur, ona görə də "biz ancaq Türkiyə Xarici İşlər Nazirliyi ilə razılaşa bilərik”, deyə Dmitri Peskov yekunlaşdırıb.
Xatırladaq ki, iyulun 6-da Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynadakı münaqişənin həlli üçün üçüncü ölkələrin səylərini genişləndirmək üçün "sülh platforması”nın yaradılmasının zəruriliyini bəyan edib. Fidanın sözlərinə görə, hazırkı strateji mənzərə münaqişə tərəflərinin "silahların sayını artırmaq və daha aqressiv hərbi əməliyyatlar həyata keçirməkdən başqa prioritetlərinin olmadığını” göstərir.
İyunun ortalarında İsveçrədə Ukrayna münaqişəsinin həlli ilə bağlı konfrans keçirilib. Orada yüzə yaxın nümayəndə heyəti iştirak edib. Görüşə Rusiya nümayəndələri dəvət edilməyib. Ukrayna hakimiyyəti Rusiya Federasiyasının ikinci konfransda iştirakına icazə verib.
Nizami Bağırov
Şərhlər