Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan və Azərbaycan hərbçiləri arasında iki ölkə sərhədində baş verən toqquşmaları "narahatedici xəbər" adlandırıb.
Qaynarinfo xəbər verir ki, Kreml rəsmisi hər iki tərəfi təmkinli olmağa çağırıb.
"Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Prosesləri diqqətlə izləyəcəyik", deyə Kreml sözçüsü bildirib.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.
Ermənistan Müdafiə Nazirliyi 4 hərbçisinin öldüyünü açıqlayıb.
Aydın
Şərhlər