Xəbər lenti

KİV: Priqojinin öldürülməsində məşhur generalın əli ola bilər
Dünya 12:36 26.08.2023

KİV: Priqojinin öldürülməsində məşhur generalın əli ola bilər

Rusiya Federasiyası Baş Kəşfiyyat İdarəsinin general-mayoru Andrey Averyanov "Vaqner”in lideri Yevgeni Priqojinin ölümündə əli ola bilər. Onun adı əvvəllər səs-küylü siyasi zəhərlənmə hadisələrində keçib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Inews" portalı Böyük Britaniya və Ukraynadakı kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Averyanovun adı təyyarə qəzası kontekstində hallanıb. Bundan əlavə, Averyanov Priqojinə qarşı "kin bəsləyib” və indi o, Afrikadakı "vaqnerçilər"in əməliyyatlarının idarə edilməsini öz üzərinə götürə bilər.

Nəşrin əvvəllər Rusiya kəşfiyyatında çalışmış mənbəsi qeyd edib ki, Averyanov "əməliyyata nəzarət edib” və eyni zamanda Afrikadakı "Vaqner" döyüşçülərinin 20 min rus əsgəri ilə əvəzlənməsinə də cavabdeh olub.

Ukrayna kəşfiyyatındakı mənbə iddia edir ki, onlar Priqojinin ölümü ilə nəticələnən təyyarə qəzasında Averyanovun əli olduğunu hesab edir. Lakin Kremllə əlaqəni gizlətmək üçün şəxsi təyyarənin pilotu bu işdə ittiham edilə bilər.

"Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozev avqustun əvvəlində Afrika liderləri ilə görüşdə Averyanovun Putinin yanında dayanmasına diqqət çəkib. Putin onu "sizin qitənizdə təhlükəsizliyə cavabdeh olacaq adam” kimi təqdim edib. Bununla belə, Qrozev xatırladıb ki, Averyanov onilliklər ərzində QRU-da "rəqiblərə, dissidentlərə və "satqınlara” qarşı" cəhdlərə görə cavabdeh olub.

Araşdırmaçı jurnalistlər iddia edirlər ki, Averyanov Çexiyanın Vrbetice kəndində sursat anbarlarının partladılması, Sergey Skripalın zəhərlənməsi və Rusiya xüsusi xidmət orqanlarının digər səs-küylü xarici əməliyyatlarına cavabdeh olan QRU 29155 saylı hərbi hissəyə rəhbərlik edir.

Xatırladaq ki, avqustun 23-də Rusiyanın Tver şəhəri yaxınlığında Yevgeni Priqojin və "Vaqner”in digər yüksək səviyyəli zabitlərini daşıyan təyyarə qəzaya uğrayıb. Artıq Priqojinin təyyarə qəzasında öldüyü təsdiqlənib. Bəzi iddialara görə, təyyarə kənardan vurulub. Digər iddialarda isə onun içində bomba olduğu bildirilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->