"Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra bir sıra partiyaların birləşməsi məsələsi gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, proses yalnız xırda partiyaları əhatə etməyəcək. Partiyaların birləşməsi prosesində ən böyük layihə vaxtilə AXCP-də mühüm post tutub və sonradan partiyadan ayrılan şəxsləri bir təşkilatda birləşdirilməsi təklifidir.
İddialara görə, xüsusilə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Milli Cəbhə Partiyası (MCP), Böyük Quruluş Partiyası (BQP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Kassik Xalq Cəbhəsi Partiyası və Aydınlar Partiyasının (AP) birləşməsilə böyük bir müxalifət partiyasının yaranması müzakirə edilir. Birliyə kimin rəhbərlik etməsinə gəlincə, bu 5 partiya sədrinin arasından seçiləcək. Birlikdə təmsil olunan digər partiya sədrləri isə müavin və digər vəzifələrə təyin olunacaq.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya açıqlamasında bildirib ki, partiyaların birləşməsi cəmiyyətə müsbət nəticə verəcək:
"Partiyaların birləşməsi haqqında məsələ müzakirə olunur. Amma bu, Aydınlar Partiyası üçün gündəmdə olan məsələ deyil. Adlarını çəkdiyiniz partiyalar və onların rəhbərləri tərəfindən belə bir təklif almamışıq. Biz fəaliyyətimizi hələlik fərdi olaraq həyata keçiririk. Gələcəkdə birləşmə məsələsi meydana çıxarsa, yalnız ondan sonra bu haqda fikir deyə biləcəm. Amma partiyaların birləşməsi, bir araya gəlməsi prinsip etibarı ilə mümkündür. Hazırda real olaraq heç nə yoxdur. Lakin bu partiyaların bir araya gəlməsi prinsip etibarı ilə cəmiyyətə müsbət təsir edə bilər. Bu həm cəmiyyətə, həm də siyasi sistemə müsbət təsir edə bilər”.
Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri deputat Razi Nurullayev, Böyük Quruluş Partiyası deputat Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri keçmiş deputat Fərəc Quliyev, Kassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri isə Qulamhüseyn Əlibəylidir.
Bahar Rüstəmli
Şərhlər