Bir qədər sonra karantin, ardıyca da koronavirus arxivə gedəcək... İki aydır dünyaya şok yaşadan virus haqqında keçmiş zamanda danışılacaq. Amma hazırda hamının cavab axtardığı bir sual var. Karantin bitəndən sonra ilk işimiz nə olacaq? Küçəyə necə çıxacağıq (maskalı-maskasız, adamlarla kontakt, görüşmək, ara distansiyası və s.)?
Qaynarinfo bununla bağlı cəmiyyətdə tanınan şəxslər arasında sorğu aparıb. Həmin sorğunu təqdim edirik:
Milli Məclisin deputatı Hikmət Babaoğlu:
"Karantin rejiminin tezliklə bitməsi bu gün hər bir sosial fərdin səbirsizliklə gözlədiyi arzuya çevrilib. Hamımız bilirk ki, bu arzunun ən qısa vaxtda reallığa çevirilməsi hər birimizin özümüzü sosial təcrid etməmizdən və karantin rejiminin tələblərinə tabe olmağmızdan keçir. Əminəm ki, koronavirus pandemiyası hər birimizi bir qədər daha çox humanistləşdirdi, yaxınlarımızın, doğmalarımızın, iş yoldaşlarımızın, dostlarımızın nə qədər əziz olduğunu bir daha dərk etməyimizə səbəb oldu. Bütövlükdə cəmiyyətimizdə həmrəyliyin, icimai-sosial yardımlaşmanın necə gözəl bir hadisə olduğunu xatırlatdı. Kimlərsə maddi vəsaitlərilə, kimlərsə sadəcə dualarıyla qarşılıqlı yardımlaşmanın iştirakçılarına çevrildilər. Cəmiyyətimizdə hər birimizin qıtlığını müşahidə etdiyimiz qədirbilənlik hissi yenidən bərqərar olmağa başladı. Dövlətimizin himayəsini və qayğısını görməklə onu qorumalı oluğumuzun nə qədər əhəmiyyətli olduğunu anlatdı. Elə bu duyğular içərisində də postkorona mərhələsinə hazırlaşırıq. Bu mərhələdə mənim atacağım ilk addım yaxınlarımın, sevdiklərimin və seçicilərimin görüşünə tələsmək olacaq. Döğrudur, onlarla az qala hər gün virtual məkanda ünsiyyətdə oluruq, ancaq birbaşa ünsiyyət daha yaxşıdır və ümid edirəm ki, bu, tezliklə baş tutacaq. Post-pandemiya "erası"nda şübhəsiz ki, sosial davranışlarımızda və ictiami mədəniyyətimizdə də mütləq müəyyən dəyişiklər müşahidə olunacaqdır və məncə, elə olmalıdır da. Bəzi yanlış vərdişlərimizdən qurtulmağın vaxtı çoxdan çatıb. Məsələn, gündə bir neçə dəfə əl sıxmaq vasitəsilə salamlaşmağı sosial normaya çevirmək, yerli-yersiz yaxın təmas edib səmimiyyət göstərmək cəhdləri, ictimai gigiyena qaydalarını pozmaq, xeyirxahlığı və yardımlaşmanı unutmaq, ən kiçik problemləri belə böyüdərək dərd etmək, milli–mənəvi dəyərlərimizdən uzaqlaşmaq, bəzən ailə münasibətlərinə laqeyd qalamaq və s. kimi vərdişlərimiz arxada qoymalı olduğumuz hallardır ki, əminəm, bunları arxada qoymağı bacaracağıq".
Şair Elçin Mirzəbəyli:
"Karantin bitəndən sonra və bütövlükdə koronavirus təhlükəsi sovuşandan sonra ailə üzvlərimə, doğmalarıma sarılacağam. İlk işim nəvəmi öpmək və daha sonra Türkiyədə təhsil alan və bəlli səbəblərdən Azərbaycana gələ bilməyən oğlumu görmək üçün qardaş ölkəyə səfər etməkdən ibarət olacaq. Küçəyə elə indi də çıxıram. İşə gəlirəm və təbii ki, həm maska, həm əlcək, həm də dizinfeksiyaedici vasitələrdən istifadə edirəm. Qəzetimiz də, saytlarımız da fəaliyyət göstərir. Əməkdaşlarımızın bir hissəsi məsafədən, bir hissəsi isə redaksiyada fəaliyyət göstərir".
Təhsil eksperti Kamran Əsədov:
"Əslində mart ayının 3-dən mənim işlədiyim sahədə, təhsil sektorunda fəaliyyətin dayanması böyük boşluq yaratdı. Adi, normal həyatda işin hər şeyi həll etdiyini, o olmasa heç nə edə bilməyəcəiymi düşünürdüm. Eyni zamanda dərs prosesində şagird və tələbələrə qarşı çox tələbklar idim. Bəzən onlar çərçivədən çıxmaq istəyəndə, buna imkan vermirdim. Amma karantin rejimi bitsin, normal iş rejiminə dönüm, çox şey fərqli olacaq. Şagird və tələbələrim məndən tez-tez rəqs etməyimi, futbol, plesteyşn oynamağı istəyirdilər. Amma dərsin əsas olduğunu deyib, onların bu istəyini etmirdim. Hər axşam onlarla onlayn dərsdən sonra danışırıq, söz vermişəm, dərs başladığı ilk gün rəqs edib, ondn sonra plesteyşn, futbol da oynayacağıq. Çünki başımız işə o qədər qarşır ki, bir çox şeyi itiririk, yaşamırıq. Bu tələbələr və şagirdlərim ilə bağlı edəcəyimdir. Özüm isə Bakı kəndlərindəki bütün tarixi abidələri, qalaları gəzəcəm. Yəni, qısası bizi yeni bir dövr gözləyir. Başqa sahələri deyə bilmərəm, müəllim üçün sinifdən, auditoriyadan kənarda qalmaq, balığın sudan kənarda qalması kimidir".
Hüquq müdafiəçisi Əkrəm Həsənov:
"Vəkil olduğum üçün tam karantində deyiləm, zərurət olduqca çıxıb işlərimlə məşğul oluram. Əsasən müdafiə etdiyim şəxslərlə bağlı. Təbii, ehtiyat tədbirlərini görürəm, maska taxıram".
İqtisadçı Samir Əliyev:
"Biz işimizi internet üzərindən qurmuşuq. Fiziki görüşümüz elə də vacib deyil. Əlbəttə ki, fiziki görüş daha effektlidir. Karantin bitəndən sonra şəhərə çıxacam, iş yerinə gedəcəm. Mümkün qədər maskadan istifadə etməyə çalışacam. Dünya Səhiyyə Təşkilatı da bəyan edir ki, maskadan istifadə məcburi deyil. Maskadan xəstə adamlar, yoluxmuş insanlar istifadə etməlidir. Çünki maskadan düzgün istifadə etməmək virusa yoluxmağa gətirib çıxardır. Belə bir təhlükə var. Bunun üçün sosial məsafə saxlamağa üstünlük verəcəm. Əlbəttə, sosial məsafə saxlamaq məndən asılı deyil, gərək qarşı tərəf də buna riayət eləsin”.
Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov:
"İlk işım iş yerinə gedib işçilərimlə görüşmək, işlərimizi davam etdirmək olacaq. İşçilərim mənım üçün gözəl bir ailədir. Ailəmız toplanacaq. Aşpazlarımızın, restoratorlarımızın yanında olmaq, dəstək verməyə davam etmək istəyirəm. Karantin qaydalarına dövlət necə tapşırsa, elə də əməl edəcəyəm".
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə:
"Karantin bitəndən sonra ilk işim 3-4 gün yatmaq olacaq. Heç kimdən, heç nədən çəkinmədən küçəyə çox rahat çıxacam. Desələr ki, karantin vaxtı bitib, demək, maskasız çıxacam. Adamlarla kontakta mütləq girəcəm. Çünki buna böyük ehtiyacım var. Hazırda uşaqlarla birlikdəyəm. Amma sevdiyim insanlarla kontakda olmaq istəyirəm. Düşünürəm ki, karantin bitsə də, bəzi qaydalara əməl etməliyik. Allah Azərbaycanı bu bəladan itkisiz çıxartsın".
Yazar Zümrüd Yağmur:
"Əslində, virusla bağlı qətiyyən panik deyildim və başdan da bunu düşünməmək, sadəcə, digərlərini həyacanlandırmamaq üçün qaydalara riayət etməyə çalışmışam.
Buna qədər necə yaşamışamsa, ordan da davam edəcəm. Maskasız gəzəcəm. İnsanlarla ünsiyyəti onlara rahat olan formada tənzimləyəcəm. İlk işim dəniz sahilinə getmək olacaq".
Yazar Şərif Ağayar:
"İş, dostlarla görüş, təxirə salınan məslələrin həlli və s. Amma təbii ki, gigiyenik qaydalara daha diqqətli olacam. Zamanı daha qiymətli etməyə çalışacam. Koronavirus dünyanın faniliyi duyğusunu dərinləşdirdi məndə. Ümid edirəm, bu əhvaldan işıqlı nələrsə çıxaracam. Bədbinlik yox".
Müğənni Afaq Aslan:
"Hər şey öncəki kimi olacaq. Mən karantindən öncə də küçəyə çıxmağı sevən insan deyildim. Asudə vaxtlarımı ev şəraitində ailəmlə, ya da qapalı bir məkanda dostlarımla keçirirdim. Karantin rejiminə alışa bilməyənlər daima çöl və işə bağlı insanlardılar. Məni evdə oturmamaq üçün darıxdıran elə güclü bir səbəb yoxdur. Sadəcə olaraq zallar belə bağlandığı üçün idmana gedə bilmirəm, məşqlərim üçün darıxmışam".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə:
"Hazırda bütün diqqət pandemiyaya qarşı mübarizəyə yönəlib, biz də öz növbəmizdə imkanlar daxilində nələrinsə edilməsinə çalışırıq və əsasən də bu mövzuya köklənmişik. Ümid edirəm ki, qısa müddət ərzində mövcud vəziyyətdə yaxşılığa doğru dönüş olacaq. Bu gün çoxları pandemiyadan sonrakı dünya düzənində fərqli durumun mövcud olacağını deyir. Mən də istər dünya dövlətləri arasında, istərsə də dövlət və vətəndaş münasibətlərində fərqli fikir və yanaşmaların olacağı qənaətindəyəm. Karantin sonrası şübhəsiz ki, hər kəsin ilk növbədə yaxın dostları və qohumları ilə canlı təmasda olmaq istəyi olacaq.
Lakin insanların hər zaman olduğu kimi güvənli şəkildə maskasız, əlcəksiz, bəlli ara məsafəsi gözlənilmədən münasibət qurmaları üçün müəyyən bir vaxt da lazım ola bilər. Bununla yanaşı, istənilən halda, hamı birmənalı olaraq vacib bir reallığı qəbul eləməlidir ki, gələcəkdə bu tip narahatçılıqlardan sığortalanmaq üçün insanlar ilk növbədə sağlam həyat tərzi keçirməyə üstünlük verməli, gigiyena məsələlərinə daha çox diqqət ayırmalı və özünün, eləcə də ətrafdakıların sağlamlığına zərər yetirə biləcək vərdişlərdən çəkinməlidirlər. Ümumiyyətlə, hesab edirəm ki, bir müddət görüşərkən əl tutmaqla deyil, hər kəsin məsələn, əlini sinəsinə qoyması ilə salamlaşmağa üstünlük vermək olar. Misal üçün mənim tələbə yoldaşım olan yaxın bir dostum təxminən 15 il idi ki, bir qayda olaraq əl tutmaqla görüşməməyə üstünlük verirdi və yarızarafat, yarıgerçək deyirdi ki, əllə görüşərkən insan ovcundakı bakteriyalar vasitəsilə digər şəxsə müxtəlif xəstəliklər ötürə bilir. İndi də zarafatla bizlərə ən azı 15 il əvvəli görə bildiyini deyir. Yeri gəlmişkən, mövcud durumdan çıxış edərək mən də bizim mental dəyərlərimizə birmənalı yad olan bəzi yersiz vərdişlərin, məsələn, kişilərin görüşərkən öpüşməyini tərgitməsinin tərəfdarıyam. Bizim dədə-babalarımız heç zaman belə görüşməyiblər. Heç Avropanın və dünyanın digər əksər ölkələrinin xalqlarında belə görüş forması mövcud deyil. Bu bizə keçmiş sovet dönəminin gərəksiz yadigarıdır və birdəfəlik olaraq məişətimizdən dışlanmalıdır".
Bahar Rüstəmli
Şərhlər