İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin Yaxın Şərq nizamlanması üzrə xüsusi koordinatoru Tor Venneslandla əlaqəni kəsdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bundan əvvəl o, Livanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb və Tehrana xəbərdarlıq mesajını İsrailə çatdırıb.
"Bu əl sıxışmadan sonra əllərinizdən israilli uşaqların qanını yumağı unutmayın", deyə Erdan X sosial şəbəkəsində yazıb. Onun paylaşımı görüşdən foto ilə müşayiət olunub.
Diplomat deyib ki, İsrail bundan sonra BMT-nin İrandakı nasist rejiminə verdiyi legitimliyi tanımayacaq, çünki Tehranın özü açıq şəkildə İsraili məhv etməyə çağırır. Erdan deyib ki, o, İran rejimini açıq şəkildə pisləyənə qədər BMT-nin xüsusi koordinatoru ilə əlaqələri kəsir.
BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik RİA Novosti-yə məlumatı şərh edərkən bildirib ki, xüsusi koordinatorun bütün görüşləri girovların azad edilməsi, humanitar yardımın təmin edilməsi və münaqişənin yayılmasının qarşısının alınması üçün diplomatik səylərin müzakirəsinə həsr olunub.
İranın BMT-dəki daimi nümayəndəliyi İsraili Qəzza zolağından olan fələstinlilərə qarşı aparteid xarakteri daşıyan müharibə cinayətləri və soyqırımda ittiham edib. Diplomatlar bunun nəticələrinin ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
"Axios"un məlumatına görə, İran xüsusi koordinator vasitəsilə İsrailə xəbərdarlıq edib ki, bu ölkənin Qəzza zolağında vəd etdiyi qurudan hücuma başlasa, münaqişəyə müdaxilə edəcək.
Aydın
Şərhlər