Xəbər lenti

İranda son vəziyyət: Rejim aqressiyanı artırır, edamlar davam edir, sanksiyalar sərtləşir
Dünya 13:25 12.12.2022

İranda son vəziyyət: Rejim aqressiyanı artırır, edamlar davam edir, sanksiyalar sərtləşir

İranda daha bir fəal edam edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə İranın ədliyyə sisteminə yaxın "Mizan” agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, edam olunan fəal Məcid Reza Rahnavardidir. O, Məşhəd şəhərində "Bəsic” təşkilatının üzvləri Hüseyn Zeynalzadə və Daniel Rezazadəni qətlə yetirməkdə təqsirləndirilib. 

Məcid Reza "Bəsic” üzvlərinin qətlindən iki gün sonra həbs edilib. Həbsindən 5 gün sonra isə ona "Allaha qarşı müharibə” ittihamı irəli sürülüb. Məlumata görə, Məcid Rezanın edamı Məşhəd şəhərində həyata keçirilib. 


Məcid Reza Rahnavardi

Onun edamından sonra Rəzəvi Xorasan vilayətinin baş hakimi Qulam Əli Sadeqi hüquq-mühafizə orqanlarına bu işdə göstərdikləri operativliyə görə təşəkkür edib. O, həmçinin bildirib ki, Məcid Rezanın edamı "İranda asayişi qorumaq və qanunu pozanlarla mübarizə məqsədi ilə” həyata keçirilib. 

Bundan əvvəl 23 yaşlı fəal Mohsen Şekari edam olunmuşdu. Mohsen Şekarinin edamı ölkə daxilində və beynəlxalq aləmdə sərt təpki ilə qarşılansa da, müşahidələr göstərir ki, teokratik rejim edamları dayandırmaq niyyətində deyil. 

İran hakimiyyəti bu yolla ölkədəki narazılığı yatıra biləcəyini düşünür. Lakin edamlara baxmayaraq, etiraz aksiyaları davem edir. Dünən Mohsen Şekarinin həbs olunduğu Tehranın Səttarxan küçəsində növbəti dəfə etiraz aksiyası keçirilib. 

Məcid Rezanın edamının prosesləri bir qədər də tətikləyəcəyi istisna olunmur. 

Ümumiyyətlə, İranda vəziyyəti daha da gərginləşdirən hakimiyyətin aksiya iştirakçılarına qarşı atdığı addımlardır. Tehran rejimi repressiv və zorakı davranışlarla faktiki olaraq etirazçı kütləni daha da radakillaşdırır, eyni zamanda onların sıralarının artmasına səbəb olur. 

Bu arada Sistan və Bəlucitsan vilayətinin Rask şəhərinin sünni imamcüməsi Mövləvi Əbdül Qafar Nəqşibəndi Məşhəd Ruhanilərinin Xüsusi Məhkəməsinə çağırılıb. Bu barədə Nəqşibəndinin özü məlumat yayıb. 

İmamcümənin sözlərinə görə, ona hər hansı bildiriş göndərilməyib, telefonla zəng vuraraq məhkəməyə dəvət edilib. Nəqşibəndi isə rəsmi bildiriş göndərilməsini tələb edib. 


Mövləvi Əbül Qafar Nəqşibəndi

İmamcümənin məhkəməyə çağırılması onun verdiyi açıqlama ilə bağlıdır. Məsələ burasındadır ki, sentyabr ayında Çabahar şəhərinin polis rəisi 15 yaşlı bəluc əsilli qızı dindirmə adı ilə bölməyə apararaq, zorlayıb. Mövləvi Əbdül Qafaq isə bu faktı təsdiqləyib və hakimiyyətin tədbir görməsini tələb edib. 

Bundan başqa, Nəqşibəndi İran hakimiyyətinin tənqidçisi kimi tanınır. O, ölkədəki etiraz aksiyalarına da dəstək verir. 

Bildirilir ki, Nəqşibəndinin Məşhəd Ruhanilərinin Xüsusi Məhkəməsinə çağırılması İranın ali rəhbəri Ayətullah-üzma Seyid Əli Xameneinin İranşəhr və Sərbaz şəhərlərindəki nümayəndəsi Mehrdad Məhərrinin tapşırığı əsasında baş tutub. Məhərrinin qarşısına Nəqşibədini hansısa yolla susdurmaq, mövqeyindən çəkindirmək vəzifəsi qoyulub. 

Nəqşibəndinin məhkəməyə çağırılması ölkədəki sünni məzhəbinin təmsilçilərini hərəkətə gətirib. Sərbaz, Rask və Əşar şəhərlərindən olan bir qrup sünni ruhanı bəyanat yayaraq, Mövləvi Əbdül Qafarı dəstəklədiklərini bildiriblər. Sünni mədrəslərindən birinin direktoru Mövləvi Abdullah Məlazahi deyib ki, Bəlucistanın din alimləri Nəqşibəndinin mövqeyini bölüşür və ona dəstək verir. "Mövləvi Əbdül Qafar Nəqşbəndinin fikirlərini Bəlucistan alimləri də qəbul edir və onun mövqeyi bizim hamımızın mövqeyidir”, deyə Məlazahi vurğulayıb. 

İran hakimiyyəti ölkə daxilində aqresiyyanı artırdıqca, beynəlxalq təpki də sərtləşir. Dünyanın müxtəlif ölkələrində İran xalqına dəstək aksiyaları keçirilir, teokratik rejimin nümayəndələrinə müxtəlif sanksiyalar tətbiq olunur və s. 

Yeni Zelandiya da bu trendə qoşulub. Ölkənin baş naziri Casinda Ardern və xarici işlər naziri Nanaya Mahuta İran rəsmilərinə sanksiya tətbiq olunacağını açıqlayıblar. 


Casinda Ardern

Baş nazir Ardern bildirib ki, konkret olaraq İranda xalq etirazlarının yatırılmasında iştirak edən təhlükəsizlik rəsmilərinin Yeni Zelandiyaya girişi yasaqlanacaq.

"Məhsa Əmin ilə bağlı baş verənlər bağışlanmazdır və Yeni Zelandiya İran xalqının, xüsusilə də qadınların və qızların yanında olmağa davam edəcək", deyə baş nazir vurğulayıb. 

Xarici işlər naziri Nanaya Mahuta isə bildirib ki, İran rəsmilərinə tətbiq ediləcək sanskiya Yeni Zelandiyanın ölkədə insan haqlarının pozulmasına və etirazların zorakılıqla yatırılmasına dözməyəcəyinə dair mesajdır. 


Nanaya Mahuta

Nazir Mahuta əlavə edib ki, ilk mərhələdə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri Hüseyn Səlami, "Bəsic”in komandiri Qulamrza Süleymani, İran polisinin komandanı Hüseyn Əştəri və əxlaq polisinin rəhbəri Məhəmməd Rüstəm kimi şəxslər "qara siyahı”ya salınacaq və bununla da onların Yeni Zelandiyaya girişi qadağan ediləcək. 

Yeni Zelandiya parlamentinin İran əsilli üzvü, Yaşıllar Partiyasının təmsilçisi Qolriz Kahraman isə daha sərt sanksiyaların tətbiq olunmasını istəyib. 

"Biz daha çox iş görə bilərik və bu istiqamətdə görülən işləri beynəlxalq tərəfdaşlarımızla koordinasiya etməlisiyik”, deyə o vurğulayıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->