"İran XİN rəhbərinin HƏMAS lideri ilə görüşündə İsrail ilə müharibənin nəticələri və perspektivi məsələləri müzakirə oluna bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Qətərdə İran XİN rəhbərilə HƏMAS arasında olacaq görüşü şərh edərkən deyib.
Ekspert bildirib ki, İran HƏMAS-ı siyasi və mənəvi fonda dəstəkləmək yönündə aktivləşib:
"Ölkə daxilində səfərbərlik edilib. İraq, Suriya və Yəməndə olan İranmeylli qüvvələr HƏMAS-ı dəstəkləyəcəklərini bildiriblər. Qətərdə reallşacaq bu görüşün iki mənası var. ABŞ-ın dondurduğu 6 milyard dollarlıq İran maliyyəsi Qətər vasitəsilə Tehrana köçürüləcək. Burada hansı maliyyə əməliyyatının keçirilə bilinib-bilinməyəcəyi hər halda şübhəlidir. Digər tərəfdən, Qətər region üçün neytral ölkə sayılır. Vaxtilə körfəzdəki ərəb ölkələri Qətər hakimiyyətini regionda terrorçuluğu dəstəklədiyinə görə ittiham ediblər”.
Sədrəddin Soltan vurğulayıb ki, ABŞ-da Qətəri bu məsələdə tənqid edib. "Ona görə də HƏMAS-la Qətər arasında münasibətlər var. Başqa sözlə, Qətər elə bir yerdir ki, onu terrorçular da, silahlı qruplaşmalar da, İran da, ABŞ-da qəbul edir. Tehran üçün bu mühairbənin gedişatı və hansı problemlərin olduğunu üzə çıxarmaq maraqlıdır. Bu görüşdə Qəzzadan dinc sakinlərin təxliyəsi və İsrailin girov götürülmüş mülki vətəndaşlarının sərbəst buraxılması məsələsi də HƏMAS liderlərinin diqqətinə çatdırıla bilər”, deyə ekspert qeyd edib.
Həmsöhbətimiz bildirib ki, HƏMAS-ın yaralı döyüşçüləri və yaxud bir sıra liderlərinin perspektivdə İrana köçməsi məsələsinin müzakirə predmeti olması da istisna deyil:
"İran Qətərdəki bu görüşdə öz iştirakı olmadan İsrail HƏMAS müharibəsinə hansı yardımı edə biləcəyini müzakirə edə bilər".
Qeyd edək ki, İRNA xəbər agentliyinin məlumatına görə, İranın xarici işlər nazirli Hüseyn Əmir Abdullahiyan Qətərdə HƏMAS lideri ilə görüş keçirəcək. Hüseyn Əmir Abdullahiyan Qətərin paytaxtı Dohada yerləşən HƏMAS Siyasi Bürosunun qərargahında radikal hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüş üçün bu ölkəyə yollanıb. Görüşün təfərrüatları barədə məlumat verilmir. Lakin İran XİN rəhbəri Yaxın Şərqdə yaşanan yeni gərginlik fonunda Dohaya gəlməzdən əvvəl Bağdad, Beyrut və Dəməşə səfər edib. İranın xarici işlər naziri Livanın paytaxtı Beyrutda Hizbullahın lideri Şeyx Həsən Nəsrullah ilə görüşüb.
Rüfət Sultan
Şərhlər