Xəbər lenti

İlkin Süleymanovla bağlı məhkəmədən nə istənildi?
Ölkə 18:40 22.05.2024

İlkin Süleymanovla bağlı məhkəmədən nə istənildi?

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror çıxışında apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

Daha sonra çıxış edən zərərçəkmiş tərəfin vəkili isə təqsirləndirilən İlkin Süleymanova verilən cəzanın ağırlaşdırılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri gələn prosesdə çıxış edəcəklərini bildiriblər.

Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.

Qeyd edək ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmün ləğv edilməsi və bəraət hökmü çıxarılması ilə bağlı apellyasiya şikayəti verilib. Bununla bağlı avqustun 8-də Gəncə Apellyasiya Məhkəməsində proses başlayıb, iş apellyasiya baxışına təyin edilib. Baxış iclasında zərərçəkən tərəfin - Nərminin atası Şərif Quliyevin də hökmdən apellyasiya şikayəti verdiyi məlum olub. Şərif Quliyevin İlkin Süleymanova ömürlük cəza verilməsi ilə bağlı apellyasiya şikayəti üzrə prosessual müddət başa çatdığından şikayət verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılması zərurəti yaranıb. Bu səbəbdən proses təxirə salınıb və iş yenidən Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdı.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->