Digər ölkələrdə olduğu kimi, Azərbaycan çempionatında da fasilə yaranıb. Fasiləyə qədər maraqlı Premyer Liqa izləsək də, qarşıda bizi nələrin gözlədiyini indidən demək düzgün olmaz. Bəs geridə qalan turlar necə keçib? Nə görünür? Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov Premyer Liqanın geridə qalan turlarını dəyərləndirib.
Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında "Qarabağ”ın "Zirə” üzərində 7:1 hesablı qələbəsi, digər klubların durumu, favoritlətlə yanaşı, millinin qarşıdan gələn oyunları haqda da fikirlərini bildirib.
"Çempionatda, hələ ki, məni təəccübləndirən heç nə yoxdur. "Qəbələ” - "Sumqayıt” matçından başlayaq. Hər iki komandaya mütləq qələbə lazım idi. "Qəbələ” ardıcıl 3 tur idi ki, məğlub olurdu. "Sumqayıt” isə 1 qol vurub, qələbə qazanmayıb. Oyun gərgin keçdi, "Qəbələ” imkanlardan səmərəli istifadə edə bilmədi. "Sumqayıt” 10 nəfərə qarşı pis təsir bağışlamadı, amma qol vura bilmədi. "Sumqayıt” həddindən artıq zəifdi desəm, yalan olar. Potensial görünür. İnanmıram ki, sona qədər axırıncı yerlərdə gedib autsayder olacaq. Turnir cədvəlinin aşağı pillələrində yer alan 3-4 komanda arasında, heyətinə görə ən güclüsüdür. "Turan Tovuz”la "Sabah”ın oyununa baxdım. Tovuz komandası 10 xal toplamışdı, amma sonrası bir az çətin olacaq. Yaxşı formalaşmış, müdafiə və əks-hücumda oynayıb qollarını axtaran komandadır. Səviyyəcə özü ilə eyni olan rəqiblərlə qarşılaşmalarda bu xalları yığıblar. "Sabah” hazırda yaxşı oyun göstərən komandadır. Amma "Turan Tovuz”da alınmadı, üstəlik 39-cu dəqiqədə qırmızı vərəqə səbəbindən azlıqda qaldılar. "Sabah”ın qələbə qazanacağını gözləyirdim”.
Hüseynov 7-ci turda Qurban Qurbanovun komandasının 7:1 hesablı qələbəsi ilə bitən "Zirə” - "Qarabağ” matçına xüsusi toxundu. O "Zirə”nin tez "sınmasının” səbəblərini və ardıcıl səhvlər buraxdığını söyləyir:
"Zirə” pis başlamadı. Müdafiədə həddindən artıq səhvlər vardı. Qol vurdular, irəli keçdilər. Buna baxmayaraq "Qarabağ” həddindən artıq yüksəlişdədir. Avroliqada "Nant”a möhtəşəm oyunla qalib gəldilər. Həm də sistem elə qurulub ki, "Qarabağ”ın futbolçuları bir-birilərini gözüyumulu başa düşürlər. "Zirə”nin heç bir işinə qarışmıram, amma əvvəl də fikirlərmi bildirmişdim ki, bu komanda güclənməsə, Rəşad yeni futbolçular transfer etməsə, çətinlik yaşayacaqlar. Yeni futbolçulara ehtiyacları var. Düzdür, ötən tur "Səbail”i məğlub etmişdilər. Amma bu, o demək deyil ki, yaxşı oyun göstərmişdilər. Yaxşı yerlərdən birini tutmaq istəyirlərsə transferlər etməlidirlər. Dünənki oyuna gəlincə, "Qarabağ” istəyinə nail oldu. "Zirə”də futbolçular ya bir-birilərini anlamadılar, ya "mandraj”a düşdülər nədirsə, özlərində olmadılar. Bu səbəbdən "Qarabağ”ın qapıya vurduğu bütün zərbələr qolla nəticələndi. Əlbəttə, gərginlik vardı. Bilirsiniz necədir, mən də futbolçu olmuşam, o hissləri başa düşürəm. Qarşındakı komanda elə-belə deyil. Bəzən fikirləşirsən ki, məsələn, 1:3 hesablı məğlubiyyəti, öz lehimə çevirə, heç-heçə edə və ya qələbə qazana bilərəm. Futbolçu bunu hiss edir. Elə oyunlar olur ki, 1:3 uduzursan, fikirləşirsən ki, daha qol buraxmamağa çalışmaq lazımdır. Çünki futbolçu görür ki, məğlub vəziyyətdən çıxmaq çətin olacaq. Sizlə razıyam, futbolçu psixoloji cəhətdən "sönür” və məğlubiyyətlə barışır. Belə olduqda isə meydançada çoxlu səhvlərə yol verirsən. "Zirə”də müdafiədə bir-birilərini başa düşmədilər. Ardıcıl səhvlər edirdilər, boşluqlar verirdilər, bir-birilərni sığortalaya bilmirdilər. Cərimə meydançası daxilində belə səhvlər etməməlisən”.
Tərlan Əhmədov "Kəpəz”in baş məşqçisi təyin olunandan sonra ilk qələbəsini qazandı. Hüseynov vaxtilə baş məşqçisi olduğu Gəncə klubunun durumundan da danışır:
"Tərlana uğurlar arzulayıram, "Kəpəz”i də təbrik edirəm. İlk qələbələrini qazandılar. "Şamaxı” ilə gərgin oyun oldu. Şamaxı komandası hesabı açmışdı. Tərlan Əhmədov transferlər etməsə, "Kəpəz”ə çətin olacaq. İnanmıram ki, "Kəpəz” ən sonuncu yeri tutacaq. Bunun üçün də mütləq yeni futbolçular lazımdır. Nəinki "Kəpəz”in, bütün komandaların qarşıda 2 gün vaxtı olacaq. Bu fasilədən səmərəli istifadə etmək lazımdır ki, özlərini yaxşı göstərsinlər. Düzdür, Tərlan az müddətdir komandadadır. Amma 20 gün ərzində nəyisə dəyişə bilər”.
Veteran futbolçu vaxtilə formasını geyindiyi "Neftçi”nin oyununa da toxunub. O, futbolçuların kollektiv deyil, hələ ki, yalnız individual şəkildə yaxşı oyun göstərdiklərini söyləyir:
"Səbail” oyun başlayanda "Neftçi”ni üstələmişdi. Hətta qol imkaları da oldu. "Neftçi” kollektiv şəkildə, həddindən artıq gözəl taktika ilə qələbə qazandı deyə bilmərəm, bunu görmürəm. Yəni baş məşqçiyə aid heç nə demirəm, sadəcə, fikirlərimi bildirirəm. Heyətin üzvləri qarşısındakı rəqibin oyunçularından individual şəkildə üstün olduğuna görə bəzi oyunlarda qələbə qazanırlar. "Səbail”lə oyunda da belə oldu. "Nefçi”nin bəzi oyunçuları individual şəkildə rəqibdən üstün olduqları üçün qələbə qazandılar. Belə oyunla çempionluğa namizəd qalacaqlarına inanmıram. Bu mümkün deyil. İnanmıram ki, "Neftçi” bu oyunla çempion olacaq. Oyunlara baxanda görünür ki, "Qarabağ” çempion olacaq. Düzdür, komandada yorğunluq ola bilər. Çünki həm Avroliqada, həm də ölkə çempionatında oynayırlar. Bu da bəzi oyunlarda "Qarabağ”da yorğunluq yarada bilər. Düşünürəm ki, bunun öhdəsindən gələcəklər. Fikrimcə, "Qarabağ” qrupdan çıxacaq. Komandada yorğunluq olsa belə ehtiyatdan meydana çıxan futbolçular həmin oyunu göstərirlər”.
Keçmiş futbolçu Azərbaycan Premyer Liqasında fərqli bir şey görmədiyini desə də, VAR-la bağlı narazılıqlarını dilə gətirir:
"Yenilik VAR sistemi ilə bağlıdır. Mənə görə, hər oyun 7-8 dəqiqə gecikmə minusdur. Qarşıdan soyuq havalar gəlir. Belə vəziyyətdə futbolçuların 8-9 dəqiqə hərəkətsiz dayanması onlara pis təsir edə bilər. Futbolçu heç olmasa 2-3 dəqiqə tərli şəkildə qalanda görün necə olar?”.
Premyer Liqanın başlanğıcından bəri yaxşı oyun göstərən "Sabah”a xüsusi toxunan mütəxəssis onun yaxşı komanda olduğunu deyir:
"Keçənilkinə nisbətən daha məzmunlu oyun göstərirlər. Düşünürəm ki, çempionat ərzində "Neftçi” ilə ikinci-üçüncü pillələr uğrunda mübarizə aparacaqlar. Düzdür, "Qarabağ”a 3:4 hesabı ilə məğlub olduqları oyunda yaxşı təsir bağışlamışdılar. Amma çempionluq uğrunda oynayacaqlarını görmürəm”.
Məşqçi yığmamızın qarşıdan gələn oyunları haqda da danışarkən, bu tsiklin "əldən getdiyini” və növbəti seçmə mərhələlərə qədər komandanı hazırlamağın vacibliyini də nəzərə çatdırır:
"Yığmaya uğurlar arzulayıram. Hamımız həmişə komandamızın qələbə qazanmasını istəyirik. Ayın 22-də Slovakiya, 25-də Qazaxıstanla oynayacağıq. Düşünürəm ki, qrupdan çıxmaq çətindir, möcüzə sayəsində mümkün ola bilər. Hansı ki iki oyunda qələbə qazansaq və qazaxlar uduzsa, qrupdan çıxa bilərik. Bu da inandırıcı deyil. Gələcəyi fikirləşmək lazımdır. Bu tsiklin əldən gediyi açıq-aşkardır. Cəmi 4 xal var. İnanmıram Qazaxısan Belarusla oyunda xal itirsin. Bundan başqa, Slovakiyanı səfərdə məğlub etməyimiz də inandırıcı deyil. Düzdür, Qazaxıstan Slovakiyanı səfərdə udursa, biz də qələbə qazana bilərik. Amma bunun üçün futbolçularda potensial olmalıdır. Çoxdandır millinin oyununu görmürük. Komanda yığılacaq, bəzi futbolçular başqa çempionatdan gələcək. Bu da çətinlik yaradır. Ola bilər ki, futbolçular kollektiv mübarizə aparıb, individual şəkildə nəsə etsin. Təki yaxşı nəticə göstərsinlər, amma bu, inandırıcı deyil. Növbəti seçmə mərhələyə qədər yaxşı komanda formalaşdırmaq lazımdır”.
Səbuhi Həsənov
Şərhlər