"Mən Ramiz Məliki ilk dəfə Şuşada görmüşəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova Xalq artisti Ramiz Məliklə bağlı xatirələrindən danışarkən deyib.
Aktrisa Ramiz Məliki "O qızı tapın” filimindən tanıdığını deyib:
"Məşhur insan idi. Həm də çox yaraşıqlı idi. Bütün qızlar onu sevirdi, ona vurulmuşdu. Onu ilk gördüyümdə elə sevinirdim ki. Gözlərimə inanmırdım. Ramiz bizim nəzərimizdə bir əfsanə idi. Yaxşı xatirimdədir, aktyorlarla görüş idi. Bizə qızıl gül vermişdilər, demişdilər ki, kimə ürəyin istəyirsən ver. Mən də gülü aparıb Ramiz Məlikə verdim. Dedim ki, mən də aktrisa olmaq istəyirəm. Baxdı və güldü, dedi ki, "gözəl qızsan, aktrisa da olacaqsan".
Firəngiz Mütəllimova Ramiz Məliklə bir çox tamaşada tərəf müqabili olduğunu bildirib:
"Yad qadının məktubu" tamaşasında da onunla tərəf müqabili olmuşuq, son müştərək tamaşalarımızdan idi. Həyatda kübar və mədəni idi, gözəl səsi var idi, şux da yerişi, nümunəvi bir aktyor, qayğıkeş bir insan idi. Bir qədər çılğın xarakteri var idi, amma o qədər mehriban idi ki… Qəhər məni boğur, danışmaq çətindir. Allah rəhmət eləsin. Elə insanlar var ki, onları heç kim əvəz edə bilmir. Bu gün Yaşar Nuri də həyatda yoxdur, amma mənim üçün yaşayır. Eləcə də Ramiz Məlik. Nə qədər sağam, onlar qəlbimdə yaşayacaq".
Qeyd edək ki, Ramiz Məlik bu gün vəfat edib. Xalq artisti II Fəxri xiyabanda dəfn edilib.
Bahar Rüstəmli
Şərhlər