Xəbər lenti

Əsgərlər üçün hamamda Şuşa xəbəri və diş ağrısı...
Emin Tarverdiyev
phrase_var_qaynar. 11:29 09.09.2021

Əsgərlər üçün hamamda Şuşa xəbəri və diş ağrısı...

Emin Tarverdiyev

Gecə saat 01:00... Yuxulamaq istəyirəm. Artıq diş ağrısı yuxumu üstələyir. Mümkün təbii üsullardan qısa müddətdə istifadə etsəm də, ağrı şiddətlənir. 
Saat 03:00... Üç dişimlə vidalaşıb klinikadan evə dönürəm. Yatmaq istəyirəm, başım qazan kimidi. Çalışıram ki, ağrıları atlatmaq üçün birtəhər yuxulayım. 
Günəş gözlərimə düşür. Hiss edirəm ki, səhər açılıb. Yerimdən durmaq istəyirəm. Başım ağrıyır, çənəm sızıldayır...

Acam... Amma həkim tapşırıb ki, dişlərinin kökü pis vəziyyətdə olduğu üçün çənəni 24 saat gücə salma... Çay dolu stəkana tamaşa edəndə telefon səslənir. Proje rəhbəridir, salamlaşıb "Bəlkə səhər üzü Şuşaya çıxdıq, bəzi məsələləri yerində çözməliyik, hazırsan" sualını eşitcək zoqqultu vuran çənə ağrısını bir andaca unuduram. "Həə, həə, mən həmişə hazıram" cavabı verirəm. 

Tale elə gətirdi ki, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandan elan edəndən saatlar sonra bildim. Elə bir yerdəydim ki... Döyüş gedə-gedə başlatdığımız müqəddəs bir iş üçün şəbəkənin olmadığı - Xudafərində əsgərlərimizə hamam düzəldirdik. Ona görə də hamı kimi Şuşanın azadlığını bayram edə bilmədim. 

Vaxt getmir. Zamanı iplə çəkirəm. Həyəcan var. Sadəcə səbirli olub, sübh çağını gözləmək lazımdı ki, yola düşək. 

Axşam 23:00-dan sonra yatmaq istəyirəm. Dəhşət yuxum gəlir. Amma həyəcan yatmağa da mane olur. "Birdən yatıb qalaram", "Yubansam, Şuşa xəyallarıma çata bilməyəcəm" və s. fikirlər yorur beynimi. 

Başqa vaxt olsa, zəngli saatı ən azı 3-4 dəfə söndürmüşdüm. Amma bu dəfə bir zəngə oyanıram. Axşamkı həyəcan səngiyib. Çünki vaxtında oyanmışam. Deyilən vaxta çatacam. Çay içmək istəyirəm, alınmır. 

Sübh azanından sonra Bakıdan tərpənirik. Söhbətimiz o qədər şirin olur ki, bir də baxırıq, yol "Cəlilabad"ı göstərir. Biləsuvara girməli olduğumuz halda başqa yolla 30 km-dən çox qət etmişik. Geri qayıdırıq. Uzuntəpədən Cəlilabada girib Biləsuvara üz tuturuq. 

Artıq Biləsuvar geridə qalıb. Yavaş-yavaş Füzulidən QARABAĞa, illərdi həsrətində olduğumuz ŞUŞAya yol alırıq. 

Füzulinin Əhmədbəylisindən "Zəfər yolu" başlayır. Açığı, gördüklərimə inanmıram. Döyüş vaxtı və sonrası bu yolla Alxanlıda, o cümlədən, Xocavəndin adını unutduğum kəndində də olmuşam. 40 km yolu 2 saata getmişdik. 

"Zəfər yolu"ndayıq. Şuşaya doğru irəlilədikcə həyəcan artır. Ordumuzun, ardınca infrastrukturun qurulması yönündə bu işdə əməyi olan hər kəsin rolu danılmazdır. Qısa müddətdə görülən işlər adamı heyrətləndirir. İşlər ən qızğın sürətlə davam etdirilir. Bunun bir adı var: Ali Baş Komandanın qətiyyəti...
Artıq Şuşanın qayalıqları bizi salamlayır. Maşını saxladıb Daşaltı kəndini seyr edirəm. Şuşaya yaxınlaşmağa açığı utanıram, xəcalət çəkirəm. Amma buranı uzun illər sonra bizə qaytaran, torpağına qan tökən oğullara görə Şuşaya getməliyəm. 

...Və Şuşadayıq. Şuşa haqqında bir video var Yutubda. Şərəfsiz düşmən leşlərini qoyub qaçır bir yerdə. Bax, həmin o kadrda göstərilən yerdən keçirik artıq. Dayanırıq. Dostlardan qısa müddətlik ayrılıb, gözdən qaçıram. Əhdimi yerinə yetirirəm. Daşını, divarını öpürəm Şuşanın, abırlı Şuşanın, ismətli Şuşanın, həyalı Şuşanın, Şuşa qalasının...

Qısa müddətdə Şuşada görülən işlərin bir adı var - fantastika. Bu, mübaliğəsiz belədi. 

Həsrətini çəkdiyim Şuşa bizi çiskin yağışla qarşıladı. Elə gözəl yağır ki... O yağışa göz yaşlarımı da qatıram. Səni daha çox sevdim, Şuşa!
 

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->