Xəbər lenti

Əfran İsmayılov tezliklə rəsmi şəkildə işə başlayacaq
İdman 12:24 07.04.2023

Əfran İsmayılov tezliklə rəsmi şəkildə işə başlayacaq

Sonuncu dəfə "Kəpəz”də çıxış etmiş Əfran İsmayılov karyerasında yeni səhifə açmağa hazırlaşır. Sabiq futbolçu məşqçi olmaq yolunda ilk addımlarını atır. Kurslara qatılan, "B” kateqoriyası üzrə imtahanlara qoşulan İsmayılov hazırda "Səbail”in 15 yaşlı futbolçulardan ibarət komandasını çalışdırır. 

Millimizin sabiq üzvü hazırkı durumu və qarşıdakı planları ilə bağlı Qaynarinfo-ya açıqlama verib:

"Hər şey qaydasındadır, dərslərim davam edir. Bir neçə variant var. Dərslərimi oxuyuram, hazırlaşıram. "B” kateqoriyasını almaq istəyirəm. Hazırda "Səbail”in U-15 komandasında işləyirəm. Kateqoriya kurslarının tələblərinə uyğun həftədə 3 dəfə məşq keçirəm. Əslində, öz məşqçiləri var, sağ olsun Mirbağır İsayev mənə də dəstək göstərir. "B” kateqoriyasını almaq üçün bir komanda götürüb məşq keçmək lazımdır. Yəqin ki, tezliklə rəsmi şəkildə işə başlayacağam. Düşünüb, qərar verməliyəm”.

Əfran "B” kateqoriyası alandan sonra uşaqlarla, yoxsa peşəkar komandalarda köməkçi kimi çalışmağa başlamaq istədiyi haqda sualı belə cavablandırıb:

"Praktikam olduğu üçün mənə elə də çətin gəlmir. Amma bilmədiyimiz çox şeylər var. Yazılı imtahanlar, şifahi deyilməli olan sözlər var. Hələ bu "B” kateqoriyasıdır, görün digərlərində nələr olacaq. Ola bilər, Birinci Divizion və ya Premyer Liqa komandalarında, yaxud akademiyada köməkçi kimi başlayım. Hansı uyğundursa, ona qərar verəcəm. Hazırda başım "B” kateqoriyası üzrə kurslara qarışıb. Bu ayın sonunda imtahanlar həftəsi başlamalıdır”.

Sabiq hücumçu uşalqarla işləməyin daha çətin olduğunu düşünür:

"Həmişə futbolçuların məşqçi olmasını dəstəkləmişəm. Həm vaxtilə çiyin-çiyinə oynamış uşaqlar bir-birini tanıyır, həm də futbola maraq artar. Bilikləri də artırırsan. Düzdür, uşaqlarla işləmək daha çətindir. Ümumilikdə maraqlı işdir. Çalışmaq lazımdır. Fikrimcə, məşqçi idarəçi olmalıdır. Hər şeyə nəzarət etməlidir ki, nəticə də verə bilsin”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->