"Belə anormal hallar istəlinən ölkədə baş verir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Rüfət Quliyev Tovuz rayonunda dönərdən 18 nəfərin zəhərlənməsindən danışarkən deyib.
Onun sözlərinə görə, bu kimi hallara qarşı mübarizə gücləndirilir, lakin belə hadisələr yenə də baş verir:
"Hardasa 6-7 ay bundan öncə Avropada tanınmış şokolod şirkəti məhkəməyə verilmişdi. Proses zamanı aydın olmuşdu ki, bu şirkət zəhərli maddələrdən istifadə edib. Bilərəkdən, ya bilməyərəkdən bununla bağlı məlumat verilmədi. Şirkət yüz milyon dollarl cərimə olundu. Belə hal ABŞ-da da baş verib. AQTA mübarizə aparır, bacardığını edir".
Rüfət Quliyev təklif edib ki, belə hallarla mübarizəyə ictimaiyyət də qatılmalıdır:
"Hansısa bir qida məhsulu xarab olanda, vaxtı keçəndə, ondan pis qoxu gələndə, dadı anormal olanda vaxt itirmədən AQTA-ya müraciət edib məlumat verməlidir. İstər dönərxana, istər restoran-kafe, istər iaşə obyektləri olsun, insanlar belə yerlərdən özünü qorumağa çalışmalıdırlar. Bu yolla biz mübarizəni artıra bilərik".
Ekspert hesab edir ki, bununla bağlı sosial çarxlar hazırlanmalıdır:
"İnsanlara izah olunmalıdır. Bizin dövlət qurumundan bundan artıq nəsə tələb etməyimiz düzgün yanaşma deyil. Sahibkarların narazılığına səbəb olacaq addımlar ata bilmərik. Ola bilər ki, 10 min sahibkardan hardasa 1-2-si qeyri-standart, qeyri-qanuni, təhlükəli nəsə iş görür. Amma onların problemi o biri sahibkarlara da problem yarada bilər".
Qeyd edək ki, Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə baş verib. Rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib. Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.
Bahar Rüstəmli
Şərhlər