Moskvanın Zamoskvoretski məhkəməsi iş adamı Musa Bajayevin 23 yaşlı oğlu Timuru polis əməkdaşına qarşı zorakılıq (Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi) işi üzrə həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat
yayıb.
İstintaqın məlumatına görə, kiçik Bajayev "Lujniki” stadionunun yaxınlığında polis əməkdaşı ilə münaqişəyə girərək ona qarşı zorakılıq tətbiq edib.
İstintaq Komitəsinin versiyasına görə, iş adamının oğlu stadionun girişlərindən birində olub və yoxlama aparılmadan qorunan əraziyə daxil olmağa cəhd edib. Daxili İşlər Nazirliyinin əməkdaşı Bajayevdən dayanmağı tələb edib, lakin gənc oğlan söyüş söyüb və polis əməkdaşına qarşı zor tətbiq edib.
Hüquq-mühafizə orqanlarına yaxın olan Dövlət Dumasının deputatı Aleksandr Xinşteynin sözlərinə görə, Bajayev Moskvanın Mərkəzi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsinin ictimai asayişin qorunması şöbəsinin rəisi Aleksandr Maxonini vurub.
Daxili İşlər Nazirliyinə yaxın mənbənin RBC-yə verdiyi məlumata görə, insidentdən sonra polisə sol yanaq sümüyündə qançır və sol alt göz qapağında gematoma diaqnozu qoyulub. Onun sözlərinə görə, Bajayev "Lastoçka” üzən restoranına yoxlamasız daxil olmaq istəyib, lakin Leonid Aqutinin konserti ilə əlaqədar "Lujniki” ərazisinə giriş məhdudlaşdırıldığı üçün ona rədd cavabı verilib.
Məhkəmədə Bajayev özünü zərərçəkmiş hesab edib. Onun sözlərinə görə, o, polisdən restorana necə gedə biləcəyini soruşub, lakin polislər ona kobudluqla cavab veriblər. Sonra dediyinə görə, o, darvaza qapısını aralayıb və buna görə də polis əməkdaşları onun üstünə "şığıyıblar”.
Xatırladaq ki, Timur Bajayev bir gün əvvəl, iyulun 28-də saxlanılıb. İş materiallarından məlum olur ki, o, Nitsada anadan olub, Moskva Dövlət Universitetində oxuyur və Monteneqro Mədən Şirkətinin baş direktorunun məsləhətçisi işləyir. Onun atası, iş adamı Musa Bajayev "Rus Platinum"un ortaq sahibidir. 2021-ci ildə Forbes onun sərvətini 750 milyon dollar qiymətləndirib.
İş adamı oğlunun "bəzi yanlış antisosial hərəkətlər” edə biləcəyinə şübhə edib. O, "hər şeyin yaxşı olacağına" inanır, lakin hələlik mübarizə aparmaq niyyətində deyil. "Oğlum günahkardırsa və nədəsə əli varsa, cavab verəcək, amma belə deyilsə, yox", - Bajayev vurğulayıb.
Eyni zamanda, Xinşteyn bildirib ki, Timur Bajayevin işi Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən şəxsi nəzarətə götürülüb, çünki prosesin gedişinə fəal təsir göstərmək cəhdləri olub. Bajayevin oğlunu on ilə qədər həbs gözləyir.
Nizami Bağırov
Şərhlər