NATO, Avropa İttifaqı və ABŞ Ermənistanla təhlükəsizlik sahəsi üzrə müqavilə imzalamağa hazırlaşır. Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bildirib ki, aprelin 5-də Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə Brüsseldə görüşəcək. Həmin görüşdə Ermənistanın təhlükəsizliyini gücləndirmək məqsədilə əməkdaşlıq müzakirə ediləcək. Bununla yanaşı, Paşinyan təhlükəsizlik məsələlərini NATO baş katibi Yens Stoltenberqlə də müzakirə edəcək. Bu görüşlərin yekununda Ermənistanın müdafiəsi məqsədi daşıyan müqavilələrə imza atılacaq.
Bu addım nəyə hesablanıb, Ermənistanın "təhlükəsizliyi” adı altında hansı planlar icra olunur və bütün bunlar regiona nə vəd edir?
Bu sualın bir cavabı var: 2008-ci ildə baş verən Gürcüstan ssenarisinin yenidən Cənubi Qafqaza qaytarılması, bu gün Ukraynada baş verənlərin bizim regionda tətbiq edilməsi cəhdləri var və aydın görünür ki, hadisələrin inkişafı bölgənin təhlükəsizliyinə ciddi risklər yaradacaq.
Qərbin Ermənistanın "təhlükəsizliyi” adı altında bu ölkə üzərindən Cənubi Qafqazda möhkəmlənmək, Rusiyaya qarşı buradan növbəti cəbhəni açmaq planlarını həyata keçirmək istəyi aydın görünür. Hərçənd, bu plan strateji yanlışıqlarla doludur.
Birincisi, Ermənistanda Rusiya hərbi bazaları mövcuddur;
İkincisi, Ermənistan siyasi baxımdan Moskvanın orbitindən uzaqlaşmaq istsə də, iqtisadi baxımdan bu mümkün deyil: bu ölkənin enerji, nəqliyyat, bank sektoru da daxil olmaqla bütün sferalarında rus kapitalı mövcuddur, eləcə də əsas bazarı Rusiyadır, təkcə Lars yolu bağlananda iqtisadi çöküşlə üz-üzə qalır;
Üçüncüsü, Ermənistan ordusunda hələ də Rusiyanın ciddi təsir imkanları qalır;
Dördüncüsü, Ermənistan region ölkələri ilə Qərb ölkələri arasında separat diplomatiya ilə məşğuldur: bir tərəfdən, Rusiyadan uzaqlaşır, lakin iqtisadi baxımdan bu ölkəyə bağlıdır, digər tərəfdən, İranla əməkdaşlığa can atır, lakin Qərb qüvvələrini İranın sərhədləri dibinə gətirir;
Qərbin belə bir ölkə üzərindən Cənubi Qafqazda planlar qurması faktiki olaraq heç bir perspektiv vəd etmir və bəllidir ki, Gürcüstan və Ukrayna ssenarisi burada da təkrarlanacaq.
- Gürcüstan Saakaşvilinin hakimiyyətə gəlişindən sonra müqavimət gücü və potensialı tam formalaşmadan torpaqlarını azad etmək istiqamətində hərəkətə keçdi: nəticədə Rusiyanın hərbi müdaxiləsi ilə üzləşdi və müxtəlif vədlərlə Tbilisini hərəkətə gətirən Qərb onu döyüş meydanında tək qoydu;
- Ukrayna "Maydan” hadisələrindən sonra Rusiyanın hərbi müdaxiləsi ilə üzləşdi, bu gün Ermənistanı silahlandıran Fransa və Paşinyanın arxalanmaq istədiyi Avropa ölkələri Kiyevi Moskva ilə danışıqlar masasına əyləşməyə məcbur etdi, hətta Donbas separatçılarını da tərəf kimi qəbul etdirdilər; 2022-ci ildə isə Rusiya Ukraynaya qarşı "xüsusi əməliyyat” adı altında yenidən hücum etdi, hətta Kiyevə qədər ordu yeritdi, yenə Qərb boş-boş vədlərdən başqa heç nə edə bilmir, hətta artıq onu da etmirlər, döyüş meydanındakı uğursuzluğa görə Zelenski hakimiyyəti ittiham olunur; Ukraynanı Rusiya ilə danışıqlar masasına əyləşdirmək planları da dövriyyədədir;
Qərb hər iki ölkə üzərindən həyata keçirmək istədiyi planda taktiki və strateji yanlışığa yol verdiyi üçün bütün bunlar baş verdi. Ermənistanda da analoji hal yaşanacaq, xüsusilə coğrafi amillər burada daha dəhşətli nəticələrin ola biləcəyi ehtimalını önə çıxarır:
- Ermənistanın Ukraynadan fərqli olaraq, Qərbə coğrafi çıxışı yoxdur;
- Xarici aləmlə yalnız iki istiqamətdə bağlantısı var: şimalda Gürcüstan üzərindən Rusiyaya, cənubda İrana və Paşinyan hakimiyyəti Qərbin hər iki ölkəyə qarşı planını həyata keçirir;
Bu situasiya hadisələrin inkişafında Ermənistanın coğrafi məngədə qalacağı deməkdir. Və artıq prosesin başlandığı da aydın görünür.
Rusiyanın Ermənistana cavab addımlarını ritorikadan praktiki müstəviyə keçirməsi an məsələsidir. Ermənistan KTMT-də fəaliyyətini dondurub, rusiya sərhədçilərini "Zvartnots” hava limanından çıxarılması üçün rəsmi müraciət edib. Moskvada anlayırlar ki, növbəti addım Gmrüdəki hərbi bazanın bağlanması, eləcə də Rusiya hərbçilərinin çıxarılması olacaq. Buna görə tezliklə Rusiyanın müdaxiləsi baş verə bilər, hətta bunun hərbi müstəvidə olacağı da istisna edilməməlidir. Ermənistana müdaxiləni İran da dəstəkləyəcək. İrəvanın xarici qüvvələri bölgəyə gətirməsi artıq Tehranda narahatlıq yaradıb və bunu prezident İbrahim Rəisi səviyyəsində dilə gətirirlər. Paşinyanın müavini Mher Qriqoryanın İrana səfəri zamanı İbrahim Rəisi Ermənistanın xarici gücləri bölgəyə gətirməsinin qəbuldilməz olduğunu çatdırıb. Məlumatlara görə, İran kəşfiyyatçılarının müxtəlif adlar altında Ermənistana sızma hərəkatı artıb başlanıb. Çünki Moskvada da, Tehranda da bilirlər ki, Ermənistanın ABŞ, Aİ və NATO ilə təhlükəsizlik müqaviləsi imzalanması Avropa İttifaqının "müşahidəçiləri”ndən sonra Qərb qüvvələrinin daha geniş tərkibdə bölgəyə yerləşməsinə şərait yaradacaq.
Göründüyü kimi, Qərbin Ermənistanın "təhlükəsizliyi” adı altında Cənubi Qafqazda həyata keçirmək istədiyi planlar regionun təhlükəsizliyini risk altına atmaqdan başqa bir şey deyil və bu, bölgəyə genişmiqyaslı eskalasiya cəd edir. Bu planlar həm də Azərbaycan-Ermənistan sülh danışıqlarını pozacaq. Təkcə ona görə yox ki, Rusiya və İranın Ermənistana müdaxiləsi bölgədə mümkün sülh gündəliyini alt-üst edir, həm də Qərbin dəstəyinə arxalanan Paşinyan hakimiyyəti sülh danışıqlarından yayınacaq.
1. Ermənistanın mövcud konstitusiyasında Azərbaycan da daxil olmaqla digər ölkələrə qarşı ərazi iddiaları yer alır: Paşinyan hakimiyyəti Qərbin dəstəyindən istifadə etməklə konstitusiyanı dəyişdirməkdən imtina edə bilər;
2. Paşinyan hakimiyyəti indiyə qədər "bölgədə şərtlərin dəyişməsi” ümidi ilə sülh danışıqlarından ona görə imtina edir: rəsmi İrəvan ABŞ, Aİ və NATO ilə belə bir müqaviləni "şərtlərin dəyişməsi” kimi qəbul edə və danışıqlardan imtina edə bilər;
3. Ermənistanın Qərbin dəstəyindən Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmək üçün istifadə edə biləcəyi də istisna edilməməlidir;
Bu gözləntilər Azərbaycan-Ermənistan sülh danışıqlarını sual altına salır. Eyni zamanda, Ermənistanla planlaşdırılan təhlükəsizlik müzakirələri Azərbaycanın maraqlarına ziddir. Bakı və İrəvan arasında sülh danışıqlarını dəstəklədiyini deyən Qərb tərəfləddən birini dəstəkləməklə sülh prosesini "atəş altına” atır.
Aydındır ki, Ermənistan Cənubi Qafqazda yeni geosiyasi qarşıdurma poliqonunun yaradılması üçün alət olaraq istifadə edilir. Lakin proseslərin mümkün inkişafı təkcə Ermənistanın "ayaq altında” qalması ilə nəticələnməyəcək, həm də bütün bölgəni alovlandıra bilər.
Asif Nərimanlı
Şərhlər