Jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınması Cəmil Məmmədlinin prosesdə iştirakının mümkün olmaması ilə bağlıdır.
Bildirilir ki, konvoy çatışmazlığından jurnalistin məhkəməyə gətirilməsi baş tutmayıb.
Hakim prosesin onlayn keçirilməsini təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Bu baxımdan, prosesi təxirə salmaqdan başqa yol qalmayıb.
Məlumat üçün deyək ki, Cəmil Məmmədlinin məhkəməsi artıq yekunlaşmaq üzrədir.
Ötən prosesdə dövlət ittihamçısı jurnalistə 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinin istəyib.
Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.
Jurnalist ittihamları qəbul etmir və cinayət işinin qondarma olduğunu bildirir.
Seyid
Şərhlər