Xəbər lenti

Cəmil Məmmədli sərbəst ifadə verdi:
Ölkə 18:00 23.11.2023

Cəmil Məmmədli sərbəst ifadə verdi: "İttihamlar qondarmadır"

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırmaçı jurnalist Cəmil Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Qaynarinfo xəbər verir ki, prosesdə Cəmil Məmmədli sərbəst ifadə verib. 

Jurnalist cinayət işinin, xüsusilə dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etmə ilə bağlı ittihamların qondarma olduğunu bildirib. Dələduzluq epizodu üzrə danışan Cəmil Məmmədli bu işdə zərəçəkən kimi tanınan Fuad Həbibov və Gülnarə Həbibovanın iddialarının əsassız olduğunu deyərək onlardan 10 000 manat məbləğində pul almadığını bildirib:

"Deyilənlər yalandır. Mənə iki dəfə pul veriblər. Birinci dəfə Fuad Həbibov yaşadığım evə gəlmişdi. Anasının qətli barədə söhbət etdik. Gedəndə stolun üstünə 100 dollar pul qoydu. Dedi ki, ilk dəfədir evinə gəlirəm, əliboş gəlmişəm. İkinci dəfə isə Gülnarə Həbibova doğum günümdə hədiyyə almadığını əsas gətirərək 300 manat pul verib. Dedi ki, sənin zövqünü bilmirəm, nə alacağımı bilmədim, bunu hədiyyə kimi qəbul elə. Hər iki halda etiraz etmişəm. Amma güc-bəla ilə pulu veriblər. Mənə 10 000 manat verilməsi ilə bağlı deyilənlər yalandır. İndi məndən şikayət edib deyirlər ki, 10 000 pul vermişik. Yaxşı vermişdinizsə, niyə geri istəmirdiniz? Niyə bir dəfə zəng vurub demədiniz ki, pulu qaytar? Niyə birbaşa şikayət etdiniz? Ümumiyyətlə, bu cinayət işi qondarmadır”.

Cəmil Məmmədli daha sonra hədə-qorxu yolu ilə pul tələbetmə ittihamına münasibət bildirib. Qeyd edib ki, bu ittiham da qondarmadır: 

"Bu ittiham üzrə zərərçəkənlərdən biri Cavid Balaqadaşovdur. Mən bu adamla dostam. Pul lazım olsa, deyərəm. Yoxsa oyun qurub 100 manat almaq nə deməkdir? Bu yalandır. Cavid Balaqadaşov da bunu təsdiq edib.

Digər zərərçəkən Ağasalam Ağayev də təsdiq edib ki, bu işdə mənlik heç nə yoxdur. İttihama görə, guya Ağasalam Ağayevin kürəkənindən yazıb, onu təhdid etmişəm. Onun kürəkəni böyük işlər görür. Əgər belə bir şey olsaydı, məbləğ 80 manat olmazdı axı. Bu məsələ də yalandır. Onların hər ikisi ilə Dəyanət Məmmədov görüşüb. Özləri də bunu ötən məhkəmədə dedilər”.

Qeyd edək ki, ötən məhkəmə prosesində Cavid Balaqadaşov və Ağasalam Ağayev Cəmil Məmmədlinin heç bir təqsiri olmadığını, onlardan pul tələb etmədiyini bildiriblər.

Cəmil Məmmədli ifadə verdikdən sonra sualları cavablandırıb. Daha sonra hakim prosesi dekabrın 21-nə təxirə salıb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->