Region Liqasında bu mövsüm debüt edən komandalardan biri də "Cəbrayıl” oldu. Tanınmış veteran futbolçumuz, millimizin sabiq üzvü Cavid Hüseynovun həm prezidenti, həm də baş məşqçisi olduğu komanda yarışın yarımfinalına vəsiqə qazanıb. "Cəbrayıl” Region Liqasının yarıminal mərhələsində "Qusar”la qarşılaşacaq.
Hüseynovla həm komandanın durumu, həm də gələcək planlar haqda danışdıq. O, Qaynarinfo-ya müsahibəsində bunları söylədi:
"Şükür, işlərimiz yaxşıdır, plan üzrə gedir. Region Liqasında yerımfinaldayıq. "Neftçi”nin bazasında həftədə 3 dəfə məşqlərimiz davam edir. Bu mərhələdə rəqibimiz "Qusar”dır”.
- Stadion problemi hələ də qalır?
- "Neftçi”nin bazası olan "İsmət Qayıbov adına Türk Hava Yolları təlim-məşq bazası”nda məşqlərimizi davam etdiririk. Ev oyunlarını isə Binə qəsəbə stadionunda keçiririk. Bu il üçün stadion sıxıntımız yoxdur. Sadəcə, qrafik məsələləri var. Səhər saat 8-də yığışırıq, 9-un yarısında məşqlərə başlayırıq. Bu, bir qədər planlarımızı pozur. Çünki həmin vaxt futbolçuların bəziləri yatmış olur.
- Komandanın çempionatdakı çıxışından razısınız?
- Çempionatdakı çıxışdan razıyam. Məşqçiliyə başlamışam. Nəticə baxımından hələ ki narazılığım yoxdur. İnkişaf baxımından isə hər zaman futbolçulara fikirlərimi çatdırmışam. Heyətin 50-60 faizi gənclərdən, 2002-2003-cü il təvəllüdlülərdən ibarətdir. Onları futbola yenidən qaytarmaq istəyirik. Gözümüz üzərlərindədir. Çünki perspektiv vəd edirlər, gələcəkləri var.
- Heyətlə bağlı hansı yeniliklər gözlənilir?
- Çempionatın sonudur. Yarımfinala kim qələbə qazansa, finala çıxacaq. İndiki zamanda yəqin ki, heyətlə bağlı heç nə olmayacaq. İki oyundan ötrü heyətdə hansısa dəyişiklik etməyi düşünmürəm. Yaxşı futbolçu tapsaq, cəlb edə bilərik, amma bu şərtlə ki, ikinci dövrədə çempionatda heç bir komandanın protokolunda adı olmasın.
- Fəlsəfənizi komandaya mənimsədə bilmisiniz?
- İzləyənlər görürlər ki, özümüz tərifləmək kimi çıxmasın, necə gəldi futbol oynamırıq. İstədiyimiz hücum, müdafiə planı var. Bunların üzərində çox çalışırıq. Düzdür, həftədə 3 məşq həddindən azdır. Amma verdiyimiz tapşırıqları uşaqlar maksimum şəkildə yerinə yetirməyə çalışır.
- AFFA-nın İcraiyyə Komitəsinin son iclasında növbəti mövsümdən etibarən Region Liqasından Birinci Diviziona 3 komandanın - "İmişli”, "Mingəçevir” və "Araz-Naxçıvan”ın yüksəlməsi haqda qərar verildi. Siz də Birinci Divizionda oynamaqla bağlı müraciət etmişdiniz. Ümumiyyətlə, belə bir fikriniz vardı?
- Biz yeni, 8 ay əvvəl yaranan klubuq. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişik. Bu işlərlə şəxsən məşğul olmuşam, hazırda bizdə bütün sənədər rəsmidir. Komanda kimi hazırıq. Amma bizə Birinci Diviziona yüksəlməklə bağlı söz verilməmişdi. Gördük ki, 3 komandanın adı çəkilib. Əslində, buna heç də təəccüblənmədik. Yeni olduğumuz üçün anlayışla qarşılayırıq. Rəhbərlik səviyyəsində görüşlərdə də demişik ki, klub kimi buna hazır olacağıq. Region Liqasında 2-3 klub rəsmi şəkildə qeydiyyatdan keçibsə, onlardan biri bizik. VÖEN-imiz, möhürümüz var. Məqsədimiz futbolçuları inkişaf etdirməkdir. Bu üzdən gəncləri cəlb etmişik. Bununla yanaşı, həvəskarlar arasında həftədə 3 dəfə məşq edən azsaylı komandalardanıq. Əslində, hər gün məşq olmasını istəyirik. Amma stadion problemi var. Başa düşürəm, "Neftçi”nin uşaq komandaları da həmin meydançada məşq keçir, qrafik sıxdır. Sizin vasitənizlə onlara "çox sağ ol” deyirəm ki, bizim üçün bu şəraiti yaradıblar. Öz meydançamız olsa, şəxsən mən oradan çıxmaram. Məşq vaxtları azdır. Öz meydançamız olsa gündəlik iki məşq də sala bilərəm. Daha çox çalışarıq. Bir klub olaraq inkişaf etmək isəyirik. Bunun üçün vaxt və şərait lazımdır. Hətta uşaq komandaları da yaratmaq niyyətindəyik. Fikirlərimiz böyükdür.
- Belə çıxır ki, Birinci Divizionda stadionu, şəraiti olan komandaları buraxıblar…
- Burada müraciətin əsas olduğuna inanmıram. Yaxud öncədən elan olunmayıb ki, kim oynamaq istəyirsə, müraciət etsin. Reqlament necədir? Çempion komanda Birinci Diviziona qalxır, ya başqa qayda var? Bu mənə qaranlıq qalıb. Yenə deyirəm, biz klub olaraq hazırıq. Buna görə pis də olmamışıq. Futbolu düşünürüksə, həm Region Liqasında, həm də Birinci Divizionda bunu etməyə qadirik. Bu çempionatların arasındakı fərq odur ki, Birinci Divizionda peşəkarlıq var. Burda isə oyunlara həvəskar kimi yanaşılır. Məni sıxan da budur. Klub prezidenti kimi gələn il də Region Liqasında komandanı oynadacağam. Amma məşqçi kimi burada qalmaq istəmirəm. Çünki öz inkişafımı düşünürəm. Həvəskar liqada, həfədə 3 məşqlə 1 il keçirdim. Belə bir təcrübə qazanım. İndi inkişaf etmək üçün daha peşəkar komandalarda, müxtəlif yaş qruplarında, çalışmaq istəyirəm. Ancaq "Cəbrayıl” dağılmayacaq. Çıxış edəcəyik, bacardığımız qədər klubu saxlayacağıq. İnşallah bu davam edəcək. Sadəcə, məşqçi kimi yerimdə dayanmaq deyil, daha da irəli getmək istəyirəm.
- Birinci Divizionda da məşqçi kimi çalışmaq istəyərsiniz?
- Əlbəttə, istəyərəm. Orada sırf peşəkar yanaşma var. Hər həftə oyun olur, xallar toplanır. Region Liqasında isə oyun azdır. Hətta elə olmuşdu ki, iki ay meydana çıxmamışdıq. Çünki qrupda 4 komanda vardı. Çempionatın ortasında "Şahdağ” (Quba) dağıldı. Qaldı "İrəvan”, "Davam” və biz. İki ay futbolsuz qaldıq, ancaq məşq etdik. Bu, şəxsən məşqçi kimi mənim planlarımı pozurdu.
- Sponsor məsələsi ilə bağlı durum necədir?
- Başda Kamal müəllim olmaqla cəbrayıllı iş adamları bizə böyük dəstək oldular. Bir neçəsi ilə, hətta millət vəkilimizlə də görüşmüşəm. Sağ olsunlar, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı, müavini içdən yanaşdılar, komandanı daha güclü şəkildə formalaşdırmaq istədilər. Maliyyə dəstəyi olmadan futbolda dayanıqlıq çətindir. Bu yollarda əziyyət çəkdik. Azarkeşlərimizi də görürsünüz. Amma bu, hələ heç nədir, Biləsuvarda, İmişlidə, Saatlıda azarkeşlərimiz var. Görün Birinci Divizionda oynasaq, nə qədər tamaşaçı gələr. Məsələn, səfərdə "Mingəçevir”lə oyuna 50 nəfər gəlmişdi. Evdə oynasaq, 100-150 nəfər oyunumuzu izləyir. Cəbrayıl futbolla yaşayan rayondur. İstəyirik ki, Cəbrayıla köçəndə oraya hazır komanda aparaq.
- Futbolçuların qida və maaş məsələlərini necə həll edirsiniz?
- Maaş, mükafat var. Hətta səfər oyunlarına gedərkən yolpulu da ayrılır. Nəqliyyat vasitəmiz də mövcuddur. Məsələn, Mingəçevirə gedəndə düşündüm ki, uzaq yoldur, iki oturacaqda bir futbolçu otursun və rahat olsun. Futbolda uzun müddət təcrübəm var, məhz bundan yararlanaraq oyunçulara sırf peşəkarlığı anladıram. Biz necə yanaşırıqsa, onlar da elə etməlidir. Çünki işləridir, sevərək yerinə yetirməlidirlər. Heç kimi məcbur futbol oynatmırlar. Qida məsələsinə gəlincə, uşaqlar evə gedirlər. Əlbəttə, səfərlərə gedəndə ən yaxşı otellərdə məskunlaşırıq, yeməyimizi yeyirik. Səfərlərimiz çox yaxşı şəkildə keçir. Məşqdən sonra və əvvəl isə qida verə bilmirik. Çünki bazamız yoxdur.
- Növbəti mövsüm üçün plan necədir?
- Region Liqasında qalsaq, komanda gəncləşəcək. 19, maksimum 22 yaş, ətrafında futbolçuları cəlb edəcəyik. Hazırda təcrübəli futbolçularımız var, hansı ki, mənimlə birlikdə çiyin-çiyinə də oynayıblar. Dəyişikliklər ediləcək.
Səbuhi Həsənov
Şərhlər