Xəbər lenti

Cavid Hüseynov: “AFFA-dan 50 min manat ayrılır, bu heç cür kifayət etmir”
İdman 16:46 24.04.2024

Cavid Hüseynov: “AFFA-dan 50 min manat ayrılır, bu heç cür kifayət etmir”

İkinci Liqada çempionluq uğrunda mübarizə aparan "Cəbrayıl”ın şansları az olmasa da, hər şey komandanın öz əlində deyil. Ancaq buna rəğmən, veteran futbolçu Cavid Hüseynovun rəhbərlik etdiyi komanda mübarizəni böyük ümidlərlə davam etdirir. 

Millimizin sabiq futbolçusu Qaynarinfo-ya açıqlamasında "Cəbrayıl”la bağlı durumu dəyərlənirdi, qarşıdakı planlarını açıqladı:

"Sonuncu oyunda qələbə qazansaydıq, "Baku Sportinq”lə eyni - 49 xalımız olacaqdı. Çox yaxşı oynasaq da, ələ düşən 4-5 şansdan yararlana bilmədik. Öz səhvimizdən məğlub olduq. Ümumi durum belədir ki, sona dörd tur qalıb. Vəziyyətin qarışacağını gözləmək olar. Şəki səfərimiz var. Mövsümün sonuncu oyunu "Füzuli” ilə olacaq. Rəqiblərimizin də çətin oyunları var. Hər an dəyişiklik gözlənilir. Amma təəssüf ki, şanslarımız öz əlimizdə deyil. Rəqiblərin xal itirməyindən çox şey asılıdır. Bununla yanaşı, biz də qarşıdakı oyunların hamısında qələbə qazanmalıyıq. Öz vəziyyətimizi çətinləşdirmişik”.

"Komanda İkinci Liqada qalarsa, bu sizə necə təsir edəcək” sualını məşqçi belə cavablandırdı:

"Komandanı çox çətinliklə bu vəziyyətə gətirmişik. Bu liqada peşəkar olan yeganə klub bəlkə də bizik. Hər gün məşq keçirik, futbolçularla müqavilələrimiz var. Peşəkarlıqda, hətta Birinci Divizion komandalarının əksəriyyətindən çox öndəyik. Sadəcə, maddi duruma görə gələn il haqda söz verə bilmirəm. Necə olacaq, AFFA-dakı dəyişikliklər liqalara hansı şəkildə təsir edəcək? Bunu dəqiq bimirəm. Bütün klublara dəstək lazımdır. Biz "Neftçi”nin köhnə bazasının stadionunu icarəyə götürmüşük, ƏDV-si ilə birlikdə ayda 4500 manat ödəyirik. Ancaq yolumuzu əvvəlcədən müəyyənləşdirmişik. Çox təcrübəli futbolçular var ki, komandamıza qoşulmaq istəyir. Amma mən minifutboldan, çimərlik futbolundan gələnləri qəbul etmirəm. Çünki bizə hər gün məşq prosesində ola biləcək futbolçular lazımdır. Aralarında perspektivli olanlar var. Birinci Liqaya çıxsaq, bəzilərini özümüzlə saxlamaq istəyirik. Hansısa qərarları verməyimiz üçün zamana ehtiyacımız olacaq. Çempionat başlamazdan əvvəl, nə istədiyimizlə bağlı bir strategiya müəyyənləşdirməliyik. Biz də çempionata inkişaf məqsədilə başlamışdıq”.

Cavid A kateqoriyası almaq üçün təhsilini davam etdirdiyini və imtahan verdiyini də bildirdi. O həmçinin kateqoriyaya yiyələndikdən sonra Premyer Liqa klublarının birində çalışmaq planı olduğunu da dedi:

"A kateqoriyası üzrə kurslarda iştirak etdim. Artıq imtahanlar bitdi. İmtahanı ən yaxşı verənlərdən biri mənəm. Aylardı məşğul oluram. İstər-istəməz nəticəsini görmək insan üçün xoşdur. Klublardan təklif olarsa, bunu müzakirə etməliyik. Əslində, "Cəbrayıl”ın da inkişafını istəyirik. Əməlli-başlı işlər də görmüşük. Bu suala cavab vermək indi çətindir. Ancaq Premyer Liqa komandasından təklif olarsa, dəyərləndirməyə çalışacağam”.

Hüseynov İkinci Liqanın durumunu dəyərləndirərkən, ən çox narazı qaldığı məqamlar haqda da düşüncələrini bölüşdü:

"Ümumilikdə normaldır. Stadionlar qışda bərbad olur. Təəssüf ki, bu gün bir çox rayon komandalarının öz satdionları belə yoxdur. Rayonlarda stadionlar var, sadəcə, komandaların ondan istifadəsi üçün elə də böyük güzəştlər edilmir. Məsələn, "Ağdaş” rəhbərliyi ilə söhbətimiz oldu. Onlar rayonun stadionunda oynamaq üçün pul ödədiklərini dedilər. Onsuz da orada futbolun inkişafı, həmçinin komandanın maddi durumu yüksək deyil. Sponsor tapmaq çətindir. O pulu komanda başqa dərdlərinə xərcləsə, daha yaxşı olar. Onsuz da stadionlar ağzıgünə qalıblar. Bunu işıqlandırmaq vacibdir. Komanda rayonu təmsil edir, burada maddiyyat güdməyin nə mənası var. Rayonlardakı stadionlar hansısa qurumların balansındadır. Məsələyə geniş yanaşmaq lazımdır. Stadiona ödənilən aylıq pula, klublar hansısa avadanlıq ala, ot örtüyünü daha yaxşı vəziyyətdə saxlaya bilər. Hamı qolunu çırmalayıb Azərbaycan futbolunun inkişafı üçün nəsə etməlidir. Siz jurnalist olaraq bunu işıqlandırmalısınız, mən də illərdir futbolun içində olan insan, futbolçu və məşqçi kimi gördüklərimi dilə gətirməliyəm. Bütün qurumlar əl-ələ verməlidir, inkişaf üçün çalışmalıdır. Futbolu regionlara daşımaq istəyiriksə, oradakı stadionların vəziyyətlərini düzəltməliyik”.

O, əvəzedicilərin çempionatının ləğv ediləcəyinə dair gəzən söz-söhbətlərə də münasibət bildirib:

"Mən də bu haqda eşitmişəm. Dərindən düşünmək lazımdır ki, hansı mənfi və ya müsbət cəhətləri olacaq. Bəlkə faydalıdır. Digər tərəfdən də əvəzedicilərin ləğv olunacağı təqdirdə peşəkar klublar "23-lüy”ə düşməyən, zədədən qayıdan futbolçularını oynatmağa komanda tapa bilməyəcəklərindən narazılıq edirlər. Ümumilikdə hansının müsbət tərəfi çoxdursa, məncə, o cür qərar verilməlidir”.

Keçmiş yarımmüdafiəçi AFFA-dan kluba ayrılan pulun kifayət etmədiyini də söylədi:

"50 min manat ayrılır, bu heç cür kifayət etmir. İndiyə qədər kluba çəkdiyimiz xərclər, 300 min manata yaxınlaşır. 50 min bunun harasındadır? Bu il yanvarın birindən vergilərin 20 faiz artırılması da klublara əməlli-başlı təsir edir. Hamımız futbolun inkişafı üçün çalışırq, amma maddi cəhət də önəmlidir. Güzəştlərin edilməsi futbola pul ayırmaq istəyən sponsorlar üçün də stimul olardı. Fikrimcə, bu gün dövlətimizin imkanı var və indiyə qədər hər bir güzəşti edib. Bunu müraciət formasında etmək yaxşı olar. Stadion götürmək istəyirik. Müraciətlər etmişik, amma bu məsələlər çox da asan deyil. Stadionlar Bakıda hansısa qurumların nəzdindədir. Onlardan icazə almaq, sənədləşdirmək asan deyil. O qədər çətindir ki… 50 yerə getməlisən, bir qurumun digərindən xəbəri yoxdur. Yoxsa Bakıda da uzunmüddətli müqavilə şərti ilə götürüb istifadə edəcəyimiz stadionlar var. Fikrimcə, iş adamları buna razı olar. 15-20 illik müqavilə bağlamaq daha yaxşıdır. Onsuz da həmin stadion sonda yenə dövlətə qalır”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->