Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələrinin verdiyi məlumata görə, Umar Kremlyovun dostunun rəhbərlik etdiyi Beynəlxalq Boks Assosiasiyası (İBA) Paris Olimpiadası zamanı gender qalmaqalına səbəb olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal”
yazır.
WSJ yazır ki, BOK Rusiyanı açıq şəkildə boks üzrə Olimpiya turnirinə müdaxilə etməkdə və idmandan nifrət qızışdırmaq üçün istifadə etməkdə ittiham edib. Bu müdaxilə, xüsusən də, bazar ertəsi İBA-nın mətbuat konfransı keçirməsi, qadın boks turnirinin Əlcəzairli İman Xelif və Tayvandan olan Lin Yu-tini faktiki olaraq kişi elan etməsi ilə ifadə olunub.
İBA-nın baş direktoru Kris Roberts keçirdiyi mətbuat konfransında bildirib ki, "idmançıların cinsi xromosom testlərinin nəticələri [keçən ilki boks üzrə dünya çempionatı zamanı] hər iki idmançının qadınların yarışlarında iştirak etmək üçün uyğun olmadığnı göstərib”. Robersin sözərinə görə, test nəticələri keçən ilin iyun ayında BOK-a göndərilib, lakin komitə "onlara heç nə etməyib". WSJ yazır ki, mətbuat konfransında İBA nümayəndələri gender testlərinin xüsusiyyətləri ilə bağlı heç bir təfərrüat verməyiblər.
Konfransda videobağlantı vasitəsilə çıxış edən Kremlyov BOK rəhbərliyini tənqid edib və məqsədinin qadın idmançıları qorumaq olduğunu bildirib. Bazar günü "Rusiya 1” telekanalında yayımlanan "20:00-da xəbərlər” proqramının efirində İBA prezidenti Kremlyov bildirib ki, "hər şey ona gətirib çıxarır ki, bunlar [Xelif və Yu-tin] kişidir, kişiyə oxşar deyil, 100 faiz kişidirlər". Kremlyovun sözlərinə görə, bu qərarı assosiasiyanın həkimləri verib.
BOK bununla qəti şəkildə razılaşmır. Komitə rəhbərləri İBA-nın gender testlərinin etibarlılığını şübhə altına alaraq, onların keçirilməsində istifadə olunan metodologiyanı qanunsuz adlandırıblar. BOK hər iki idmançının qadın doğulduğunu və həmişə qadın kimi yarışdığını vurğulayıb. BOK rəhbəri Tomas Bax İBA-nın hərəkətlərini "siyasi motivli mədəniyyət müharibəsi” kimi qiymətləndirib.
BOK dəfələrlə İBA rəhbərliyi ilə Rusiya hökuməti arasında sıx əlaqələrdən narahatlığını bildirib. 2019-cu ildə BOK assosiasiyanın Olimpiadada boks turnirini keçirməsi hüququnu ləğv edib. "Bu hadisə [Əlcəzair və Tayvan idmançılarının Olimpiadada iştirakını tənqid edən] Rusiyanın xaos yaratmaq üçün hazırlanmış ritorikasına uyğundur”, - BOK-un sözçüsü Kristian Klaue şənbə günü deyib.
Xelifin Olimpiadanın 1/4 finalında italiyalı Angela Carini üzərində qələbəsindən sonra Meloni "boksda gender vəziyyəti haqqında" danışıb. Tramp keçən həftə Respublikaçıların Milli Konvensiyasında demişdi ki, Xelif "keçiddən əvvəl uğurlu kişi boksçu idi”.
Xelif Olimpiadanın finalına, Yu-tin isə yarımfinala yüksəlib. Keçən il IBA dünya çempionatında hər iki idmançını gender testlərindən keçə bilmədiklərinə görə diskvalifikasiya edib. WSJ qeyd edir ki, Xelif əvvəllər heç bir döyüşdə məğlub olmayan rusiyalı Azaliya Aminayevanı məğlub etdikdən bir neçə gün sonra diskvalifikasiya edilib.
Nizami Bağırov
Şərhlər