Xəbər lenti

Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR
Asif Nərimanlı
Siyasət 09:29 08.05.2024

Bakı və İrəvan 5 ay ərzində sülh sazişi imzalaya biləcəkmi? - DETALLAR

Azərbaycan və Ermənistan arasında sülh sazişi noyabr ayına – COP29 tədbirinə qədər imzalana bilər.

Bu fikri ilk dəfə Böyük Britaniyanın baş naziri Rişi Sunak dilə gətirib. Daha sonra Bakıda bunun mümkünlüyü haqda açıqlamalar oldu. Prezident İlham Əliyev COP29-la bağlı ADA-da keçirilən beynəlxalq forumda bildirdi ki, "COP29-dan əvvəl Azərbaycanla Ermənistan arasında ən azı baza prinsipləri ilə bağlı razılaşmanın əldə olunması tamamilə realdır”.

Və nəhayət, Nikol Paşinyan bu gün bəyan etdi ki, "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi noyabra qədər bağlana bilər”.

Noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündürmü?

Tərəflər arasında fikir ayrılıqlarını nəzərə alanda bu, çətin görünür.

- Kommunikasiyanın hansı prinsiplə açılması "həlledilməz” məsələ olaraq qalır: rəsmi Bakı Naxçıvana maneəsiz çıxış üçün ən azı "Azərbaycandan Azərbaycana prinsipi”nin qəbul edilməsini istəyir, İrəvan bundan da imtina edir;
- Qazax-Tavuş sərhədində demarkasiya ilə bağlı razılaşma olsa da, sərhədin digər hissəsinin müəyyənləşməsində yanaşma fərqlidir: Bakı haqlı olaraq, İrəvanın Alma-Ata bəyannaməsinin əsas götürülməsi istəyini qəbul etmir;
- Ermənistanın ərazi iddialarının əks olunduğu mövcud konstitusiyası da sülh sazişinin önündə əngəllərdən biridir. Əliyev konstitusiya dəyişikliyinin sülh sazişi üçün cari tələb olduğunu bəyan edib.

Bu kontekstdə noyabra qədər tərəflərin fikir ayrılığını həll etməsi çətin görünür. Həmçinin, Ermənistanın daxili siyasi vəziyyəti hakimiyyətin konstitusiyanı dəyişdirmək istəklərinin önün kəsə bilər.

Hərçənd, hər iki tərəfdə siyasi iradənin nümayiş etdirilməsi diqqəti fərqli ssenariyə yönəldir: COP29-a qədər Bakı və İrəvan arasında yekun sülh sazişi yox, sülh sazişinə dair niyyət protokolu, yaxud çərçivə sazişi imzalana bilər. İstisna deyil ki, bu sənəddə həm də yekun sazişdə əks olunacaq məsələlər daxil edilsin.

Ermənistan konstitusiyası həmin vaxta qədər dəyişdirilməsə, "normativ hüquqi aktlarda ərazi iddialarının ləğv edilməsi” tələbi maddələrdən biri ola bilər. Bu, Bakının istəyidir. İrəvan isə sənədə sərhədin Alma-Ata bəyannaməsinə uyğun müəyyənləşməsi prinsipinin daxil edilməsinə çalışacaq, lakin Azərbaycanın bunu qəbul etməyəcəyi, delimitasiyanın sonraya saxlanılması üzərində israr edəcəyi gözləniləndir. Tərəflərin sərhədlə bağlı ortaq mövqe tapması çətin görünür, lakin bu məsələni sənədə "19 aprel razılaşmasına sadiqlik” qeydini daxil etməklə kənara qoymaq da mümkündür. 19 aprel razılaşması Ermənistana Alma-Ata bəyannaməsinə istinad imkanı verirsə, Azərbaycana da yeni prinsiplərin irəli sürülməsi imkanı verir. Beləliklə, ziddiyyətli məqamları sonraya saxlamaqla noyabr ayına qədər sülh sazişinə dair niyyət protokolunun, yaxud çərçivə sazişinin imzalanması mümkün variantlardandır.

Asif Nərimanlı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->