Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Qaynarinfo-nun məlumatına görə, klub daha bir oyunçunun transferini rəsmiləşdirib.
Xorvatiyalı Katarina Pilepiçlə danışıqlar müsbət yekunlaşıb. Ölkəsinin aşağı yaş qruplarında oynamış 29 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. 183 sm boya malik voleybolçu Azərbaycandan öncə bir neçə ölkədə də legioner həyatı yaşayıb. Onun Xorvatiyada ilk peşəkar klubu "Riyeka” olub. Pilepiç 2009-2013-cü illərdə bu komandanın şərəfini qoruyub. Hücumçu ardınca ABŞ-a yollanıb. O, burada "San Fransisko Universiteti” (2013-2015) və "Arizona Universiteti”nin (2015-2016) formasını geyinib.
Pilepiç 2016/2017 mövsümündə Asiyada - Filippin klubunda çıxış edib. 2 il burada "Lifesavers”in uğurları üçün çalışan voleybolçu 2018-ci ildə Avropaya qayıdıb və Yunanıstan "AO Tiras”ına keçib. O, ardınca Finlandiya "Vyesti”ndə (2019-2020) və Çexiya "Olomouç”unda (2021) oynayıb. Son iki mövsümü isə İsraildə Hayfa "Makkabi”sində keçirib.
O, dörd dəfə Xorvatiya və bir dəfə İsrail çempionatının qalibi olub. Katarina Çexiya, İsrail və Xorvatiyada ölkə kubokunu da başı üzərinə qaldırıb. Voleybolçunun kolleksiyasında İsrail və Xorvatiya çempionatlarının gümüş, Çexiya, Yunanıstan və Filippin liqalarının bürünc medalları da var. Pilepiç Finlandiyada və Çexiyada mövsümün ən yaxşı hücumçusu seçilib.
Səbuhi Həsənov
Şərhlər