Yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır.
Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var.
Şərhlər