Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehmandarov küçəsi 49-da yerləşən "Amexline" adlı avtoservisdən avtomobil qaçıran şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2008-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində doğulmuş İmaməli M. sözügedən avtoservisə daxil olaraq, bir günlük avtomobil sürmək üçün maşın qaçırmaq qərarına gəlib.
İmaməli avtoservisdə bir neçə avtomobilin ön şüşələrini daşla qırıb, lakin onlardan heç birini işə sala bilməyib. Bundan sonra həmin avtoservisin həyətində olan tanımadığı şəxsə məxsus "Hyundai Elantra" markalı markalı avtomobili görüb. Avtomobilin qapısının açıq olduğunu gördükdən sonra onu işə salıb. Daş parçası ilə avtoservisin darvazasının qıfılını qırıb və avtomobili qaçırıb.
Dizellə işləyən avtomobilə benzin tökərək təxminən 2 saat şəhərdə sürüb. Nizami rayonu Xalqlar dostluğu metrostansiyasının yaxınlığında təkəri partladığı üçün maşını saxlamalı olub.
Hadisə yerinə evakuator çağıran təqsirləndirilən şəxs pulu olmadığı üçün verə bilməyib və avtomobil DYP-nin cərimə meydançasına aparılıb. Orada məlum olub ki, İmaməli maşını qaçırıb. O, saxlanılaraq barəsində cinayət işi açılıb.
Məhkəminin qərarı ilə İmaməli Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Əhməd
Şərhlər