Uzun müddət davam edən melodramatik süjetli şoular sosial şəraiti ağır olan bölgələrdə zorakılığın qarşısını ala bilər.
Qaynarinfo xəbər verir ki, Nyu-York Universitetinin amerikalı alimləri bu qənaətə gəliblər. Araşdırma "European Review of Social Psychology” (ERSP) elmi jurnalında dərc olunub.
Komandanın tapıntıları Ruanda, Burkina Faso və Konqo Demokratik Respublikası (DRC) kimi Afrika ölkələrində aparılan təcrübəyə əsaslanır.
Tədqiqatın müəllifi, psixoloq Rezarta Bilali deyib: "Biz bu yaxınlarda qruplararası münaqişə və zorakılığın həllində hekayə müdaxilələrinin gücünü və povestlərin davranışa, sosial normalara və münaqişə ilə bağlı münasibətlərə təsir edə biləcəyi müxtəlif yolları anlamağa başlamışıq”.
Mütəxəssislər televiziya melodram süjetlərinin köməyi ilə cəmiyyətdə dəyişikliklərə səbəb olan yeddi strategiya müəyyən ediblər. Bunlara sosial normaların nümayişi, xarakter obrazları vasitəsilə nümunə götürmə, əxlaqi davranış modelləri, mövcud problemlərin dərk edilməsi, nöqteyi-nəzərdən yanaşma və empatiya, parasosial təmaslar və plastiklik daxildir.
Bilali qeyd edib ki, rəvayətlərdə bu strategiyalar çox vaxt bir-birinə bağlıdır və onları ayırmaq çətindir.
Alimlər melodramların ictimai davranışa təsirinin praktiki nəticələrini təqdim ediblər.
1990-cı illərin əvvəllərində vətəndaş müharibəsi və soyqırım yaşamış Ruandada şiddətli torpaq mübahisəsi və sonradan iki kənd arasında barışıqdan bəhs edən Musekeveya adlı eksperimental melodramatik radio tamaşası yayımlanıb. Araşdırmalar göstərin ki, dram ruandalıların bir-birinə inamını artırıb.
DRC-də personajları korrupsiya, qruplararası münaqişələr və digər problemlərlə üzləşən Kumbuka Keşo radio dramının iki versiyası yayımlanıb. Bir versiyada personajlar vəziyyətdən çıxış yolu tapmağa çalışıblar, digərində isə heç bir tədbir görməyiblər. Təhlil göstərib ki, rol model epizodlarını dinləyənlər daha aktivləşib və kollektiv dəyişikliyə daha çox inanırlar.
Burkina Fasoda müxtəlif kəndlərdən olan iştirakçılar 12 həftə ərzində zorakılıq və ekstremizmə qarşı yönəlmiş radio şousunu dinləyiblər. Radio şousunun dinləyiciləri zorakılığa və radikalların hərəkətlərinə haqq qazandırmağa daha az həvəsli olublar.
Tədqiqatçılar qeyd edib ki, povest müdaxilələri münaqişədən sonrakı dövrdə ən yaxşı nəticə verir. Qarşıdurmanın kəskin mərhələsində bu cür müdaxilələr yalnız iştirakçılar üçün stressi artıra bilər.
Aydın
Şərhlər