Xəbər lenti

Şahin Diniyev: “Oğlum futbolun içindəki çirkinliklərin hamısını gördü...” (MÜSAHİBƏ)
İdman 10:59 01.10.2022

Şahin Diniyev: “Oğlum futbolun içindəki çirkinliklərin hamısını gördü...” (MÜSAHİBƏ)

Canni De Byazinin rəhbərlik ediyi yığma cari tsikldə 10 xal toplasa da, nəticə birmənalı qarşılanmadı. Təbii ki, müxtəlif fikirlər səslənir. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev də millimizin çıxışını dəyərləndirib.

O, Qaynarinfo-ya müsahibəsində U-19-un Avropa çempionatının seçə mərhələsindəki nəticələri, həmçinin oğlu Kərim Diniyevin karyerasını bitirməsi haqda sualları cavablandırıb: 

- Millimizin son tsikldəki keçirdiyi oyunları, nəticələri necə qiymətləndirirsiniz?

- Qısaca deyə bilərəm ki, pis başladıq, yaxşı bitirdik. İlk iki oyundakı məğlubiyyətdən sonra pessimist fikirlər vardı. Həm oyun, həm də nəticə faciəvi idi. Ancaq son 4 oyunda 10 xal yaxşı nəticə sayılır. Ən başlıcası qrupda, səhv etmirəmsə, ilk dəfə idi, bütün rəqiblərə qalib gəldik. Slovakiyanı, Qazaxıstanı, Belarusu məğlub etməyi bacardıq. Bunu da uğurlu hesab edirəm. Komanda məzmunlu oyun göstərdi. Təsadüfi qələbə deyildi. 

- Püşkatmadan sonra nə proqnozlaşdırmışdınız?

- Slovakiyanı favorit görürdüm. Qalan komandaların gücünü eyni dərəcədə qiymətləndirirdim. Sonradan dediklərimiz, fikirləşdiklərimiz üst-üstə düşmədi. Slovakiya çox pis nəticə göstərdi. Tsikl ərzində 3 məşqçi dəyişdilər. Bu da böyük problemlərdən xəbər verirdi. Qazaxıstan da gözlənilmədən bundan istifadə etdi və nəticə qazandı. Qazaxıstanın birinci, bizim ikinci yeri tutmağımız, haradasa müsbət hal kimi qiymətləndirirəm. Sonuncu oyun göstərdi ki, Azərbaycan heç də Qazaxıstandan zəif deyil. Sadəcə, ilk iki oyunda göstərilən nəticə buna imkan vermədi.

- Ümumiyyətlə, Qazaxıstanla Azərbaycanı müqayisə etsək, ortaya nə çıxar?

- Məncə, onlar ciddi yanaşaraq əllərinə düşən hər bir şansdan maksimum istifaə yararlandılar. Qırılma nöqtəsi onların Slovakiyada çətinliklə qazandığı qələbə oldu. Bununla da qrupun favoritinə çevrildilər, sona qədər liderliyi əldən buraxmadılar. Bir tur qalmış birinci yeri təmin etdilər.

- Bəs hər iki ölkənin futbolunda inkişaf, səviyyə baxımından hansı fərqlər var?

- Bir top-klubumuz var - "Qarabağ”. Onun hesabına milli də formalaşır. Ancaq Qazaxıstan millisinin heyətinə futbolçular bir çox klublardan, hətta xaricdən, Rusiya Premyer Liqasından gəlir. Bu bir komandanın nəticəsinə görə gələn uğur deyil. Qazaxıstan çempionatında birincilik uğrunda bir neçə komanda arasında ölümcül mübarizə gedir. Bu da rəqabətin artmasına gətirib çıxarır. Azərbaycanda isə əvvəl təkcə "Qarabağ” favorit idisə, indi "Neftçi” var, "Sabah” da qoşulmaq istəyir. Bu isə Qazaxıstan çempionatına nisbətən azdır. Ancaq bizim çempionatın lideri Avroliqanın qrup mərhələsində oynayırsa, oraya bir Qazaxıstan klubu düşməyibsə, yaxşı haldır. Qazaxıstanda isə iddialıların sayı çoxdur.

- De Byazinin oyun üslubu çox tənqid olunur…

- Həmkarımın oyun üslubunun pis və yaxşı olması haqqında danışmağım etik normadan kənardır. Çünki belə olan halda onu öyrətmiş oluruq. Məşqçi məşqçini həmişə dəstəkləməlidir. Bu qanundur. Azarkeşin, jurnalistin baxışı tam başqadır. 4 oyunda uğur varsa, pis danışa bilmərik. Futbol faktlara, hesaba, tabloya söykənmiş bir oyundur. Nə qədər gözəl oynasan da, nəticə olmasa, azarkeş qəbul etmir. Yaxud pis oynsan, müdafiədə "avtobus” qursan, amma buna baxmayaraq, nəticə qazansan, deməli, düz yolu budur. Futbol uğurla sübut olunur. Nəticə olursa, bunun hansı üsulla qazandığının fərqi yoxdur. Futbol belə şeyləri sevir.

- İtaliyalı baş məşçinin postunda qalıb-qalmaması müzakirə olunur hazırda…

- Bu mənə aid sual deyil. Amma bu suala nə cavab versən, səhvsən. Çünki hər kəsin öz fikri var. Sadəcə, belə bir məqam var ki, tərifləyəndə deyirlər "yaltaqsan”. Pisləyəndə də deyirlər, paxıllıq edir. Ümumi mərkəz tapmaq çətindir. Nə desək, qəbul edilməyən fikir olacaq. 

- Məşqçilər Komitəsi olaraq bununla bağlı hansısa müzakirələr aparmısınız?

- Bu Məşqçilər Komitəsinin səlahiyyətində olan bir şey deyil. Əksəriyyət komitənin nə etdiyini tam olaraq anlamır. Baş məşqçi məsələsi İcraiyyə Komitəsinin səlahiyyətindədir. Namizədlər olanda bizim də fikrimizi öyrənirlər. Seçimə İcraiyyə Komitəsi cavabdehlik daşıyır.

- U-19-un Avropa çempionatının seçmə mərhələsində çıxışını izlədiz. Futbolumuzun gələcəyi necə görünür?

- Bayaq dedim, futbol faktlara və nəticəyə söykənən oyundur. Desəm ki, əla idik, başabaş oynadıq, bu, anlaşmazlıq və qəbuledilməz olar. 3 oyunda 3 məğlubiyyət varsa… Məqsəd qrupdan çıxmaq idi. Buna nail olmamısansa, uğursuzluqdur. 90 dəqiqəni canlı izlədiyim üçün öz fikrimi söyləyə bilərəm. Keyfiyyətin çatışmaması bizə mane olur. Baxırsan ki, Bolqarıstan, Lixtenşteyn, Türkiyə, Lüksemburqla başabaş oynaya bilirlər. Yəni futbol adına nəsə var. Yəni fiaskoya uğramaq deyil. Çatışmayan bir şey var, ustalıq və keyfiyyət. Türkiyədə elə futbolçular var ki, istədikləri vaxt oyunun taleyini həll edə bilirlər. Fərdlər məsələsi var. Bizim aşağı yaş qruplarında çatışmayan da fərdlərin və keyfiyyətin olmamasıdır. Bu da uğur qazanmağımıza ən böyük maneədir. Məsələn, Lüksemburqda bir oyunçu vardı, Türkiyənin başına oyun açdı, üç qol vurdu. Komanda robot kimi oynayır, amma bir nəfər məsələni həll edir. Bizdə həmin bir nəfər, son nöqtəni qoymaq çatışmır. Amma səviyyə baxımından eyni komandalar oynayır. O cümldən türklərdə üç futbolçu vardı ki, oyunun taleyini həll edirdi. 

- Bu komandanın üzvlərini 13-14 yaşından etibarən Miloş Velebit çalışdırır. Belə çıxır ki, məşqçi heç bir iş görə bilməyib, sadəcə, günləri yola verməklə məşğul olub. Hər halda nəticələrə baxanda başqa heç nə düşünmək olmur.

- Nəticə baxımından elədir. Amma bu komandanın heyətində 2-3 futbolçu var ki, U-21-ə gələ bilər. U-21-in baş məşqçisi Samir Əliyevlə də bu barədə danışırıq və oynaya biləcəyini deyir. Nəticəyə görə, müdafiə edə bilmərik. Hər halda səbəbləri varsa, özü açıqlayar. Məndə olan məlumata görə, Velebit bizimlə görüşmək istəyir. Hesabatt verəcək və biz də bunu baş katibə çatdıracağıq. Hərənin öz səbəbi var. Məğlub olanda çox səbəblər ortaya çıxır. Qalib isə mühakimə olunmur. 

- İstənilən halda 4-5 ildir ortaya normal iş qoymayıbsa, deməli, postunda qalıb-qalmaması müzakirə olunmalıdır…

- Faktlar qarşısında qalmışıq. Nə deyirlərsə-desinlər, ortada faktlar var. Onun postunda qalıb-qalmamasına isə İcraiyyə Komitəsi gördüyü işlərlə bağlı hesabatını dinləyəndən sonra qərar verəcək… 

- Kərim Diniyevin karyerasını bitirməsi ilə bağlı fikirlərinizi öyrənmək istərdim. Niyə belə qərar verdi? Davam edə bilərdi?

- Kərim Diniyev haqqında oğlum yox, futbolçu kimi danışmaq istəyirəm. Oynaya və hansısa komandalara çox fayda verə bilərdi. Sadəcə, bəzi klublarla danışıqlar alınmadı. Bu isə maliyyə məsələsi ilə bağlı deyil. Gördüm ki, yanaşması soyuqdur, oynamaq istəyi olmadı və futboldan küsdü. Futbolun içində gözəlliklərlə yanaşı çirkinliklər də çoxdur və hamısını gördü. Qərar verdi, mən də dəstəklədim. Hazırda uşaq məşqçiliyinə başlayıb. Özü də uğurludur, ay yarımdır yaxşı işlər görür. Düşünürəm ki, düzgün yoldadır. 

- Kərimə maraq göstərilməməsinin səbəbi nə ola bilər?

- Bunun səbəbini ondan soruşa bilmərəm, çünki mənə deməyəcək. Mən hər şeylə barışıram. Həyatın yumşaq və sərt üzü var. Hər ikisini qəbul etməlisən. O insanlar güclüdürlər ki, hər ikisini qəbul edir. Sevinclə kədər yan-yanadır. Sevinci gülə-gülə, kədəri ağlaya-ağlaya qəbul edirsən. Hərənin öz yolu var. Kim hansı işə tez başlayırsa, uğura da tez nail ola bilər. Onsuz da bu adam gec-tez karyerasını bitirməlidir. Fikrimcə, çox uğurlu yoldadır.

- Uğurlu olcağını düşünürsünüz?

- Düşünmək yox, buna əminəm. Onun məşqçilik baxımından uşaqlara, futbola sevgisi çox böyükdür. Kərimdə istək, həvəs, sevgi görürəm. Coşqunda məşqçi kimi bir şey görmürəm. Amma bunda çox yaxşı potensial görürəm. İşini sevməlisən, problemləri "yara-yara” irəliləməlisən. Bu da onun öz qərarı idi. Bir neçə klubla danışılqar olsa da, alınmadı. Gördüm ki, artıq soyuyub. Belə istədi. Həmişə demişəm ki, siz özünüz istiqamət götürün, mən bu yolda kömək edəcəm.

- Kərim məşqçi kimi haradan və necə başlamağı düşünür?

- Kurslar oxuyacaq. Məşqçi sıfırdan başlamalıdır. Birdən-birə gəlib Premyer Liqada baş məşqçi olmaq düzgün deyil. Bütün əziyyətləri, problemləri görə-görə gəlib çıxmalısan. Birdən-birə irəli atılmaq olmaz. Kərim də "Diniyev Futbol Məktəbi” yaradıb. Qısa zaman ərzində 30-dan çox tələbə toplayıb. Noyabr-dekabr aylarında C kateqoriyası üzrə kurslara qoşulacaq. Yeni başlayıb, 5 yaşından 13 yaşa qədər uşaqlara məşq keçir. İki qrupla məşğul olur. Köməkçisi də vaxtilə AZAL-da oynamış, keçmiş futbolçu Aydın Qasımovdur. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->