Xəbər lenti

Afətdən sonra Sami Yusifin Nəsimisi... Tanınmışlardan fərqli fikirlər
Sənət 13:49 10.09.2019

Afətdən sonra Sami Yusifin Nəsimisi... Tanınmışlardan fərqli fikirlər

Azərbaycan əsilli müğənni Sami Yusif Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam” qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya hazırlayıb.

Qaynarinfo xəbər verir ki, kompozisiya böyük maraqla qarşılansa da, fikirlər müxtəlif olub. "YouTube" portalında yerləşdirilən videoya 15 saat ərzində 100 mindən çox baxış olub.

Redaksiyamız sosial şəbəkələrdə də geniş yayılıb, maraqlı şərhlərə səbəb olan kompozisiya haqqında bir sıra tanınmış və ziyalı şəxslərin də fikir və münasibətlərini öyrənib.

Həmin fikirləri olduğu kimi təqdim edirik:

Mahir Mehdi: "Dünən qulaq asdım, şəxsən mənə dəymədi, istədiyimi eşidib ala bilmədim, qısası, Nəsimini eşitmədim...”

Aqşin Yenisey: "O adamın yaradıcılığı mənə maraqlı deyil, ona görə heç nə oxuduğu, niyə oxuduğu ilə heç vaxt maraqlanmıram”.

Qulu Məhərrəmli: "Mənim üçün tarixi şəxsiyyətləri, onların həyatını, duyğu və düşüncələrini musiqi dilində ifadə etməyin ən gözəl nümunələri Cahangir Cahangirovun "Füzuli” kantatası, yaxud Firəngiz Əlizadənin Nazim Hikmət, Nigar Rəfibəyli kimi söz adamlarına həsr etdiyi əsərlərdir. Saminin böyük Nəsimiyə həsr etdiyi "Sığmazam” adlı musiqi əsərini də bu silsilədən uğurlu sənət nümunəsi hesab edirəm. Məncə, bu musiqi Nəsiminin yaşadığı dövrün, mürəkkəb və ziddiyyətli Şərq mühitinin ab-havasını, həmin mühitə sığmayan mütəfəkkir şairin ürək çırpıntılarını, etiraz intonasiyasını aydın ladlarla verə bilir. Ansambl möhtəşəmdir, solistlərin ifa texnikası cazibədardır, ümumilikdə musiqi çox harmonikdir və bizi Şərq dünyasına apara, Nəsiminin düşncə aləminə yaxınlaşdıra bilir”. 

Vahid Qazi: "Sami Yusifin "Nəsimi”sini mən də dinlədim. Böyük zəhmət çəkilib, adamın dili çönmür ürəyindəkini desin. Dövlət tədbirləri üçün yaxşıdı. Amma mən belə səhnələrdən zövq ala bilmirəm. Monumentalistdi, başqalarını bilmirəm, belə səhnələr yadıma sovetin monumental sənət əsərlərini salır. Nəsimi "iki cahana sığmasa da” "nəhənglik” iddiasında deyil, tərkidünya sufilik eşqindədir. Mənim zövqümə uyğun olansa, məsələn, Əmrə Sərtqayanın "Nəsimi”sidi. "Minnət eyləməm”.

Elçin Əlibəyli: "Qətiyyən, dişədəyən bir şey görmədim. O büdcənin qarşısında Fazil Sayın Nazim Hikmət konserti kimi bir layihə etmək olardı. Burada adi ritmik muğam üzərində alətlərlə qəzəl ifa olunur, özü də əruzun ritmini pozmaqla. Bir az da İran avazı qatıb. Yəni, Nəsimi deyil, daha çox Füzulidir”.

Şərif Ağayar: "Məncə, performans kimi çox yaxşıdır, lakin sırf sənət baxımından, tərfiləri bir az aşırı gördüm. Ümumən, Nəsiminin özünü bir az şişirdilmiş şair sayıram. Onun şeirləri heç vaxt, misal üçün, Füzuli qədər, hətta Seyid qədər məni təsirləndirməyib. Ahəngi də sadədir və daha çox üzdədir. Çox estetikdir, lakin dərin deyil. Bu mənada Sami Yusifə də, digər ifaçılara da elə zəngin material vermir. Məni bu səpkili musiqilərdən sonuncu dəfə dərindən təsirləndirən türklərin "Athena” qrupunun "Ya dost” ifası olmuşdu. O, şedevr idi! Sami Yusif bəlli, sadə və üzdən olan ritmlərin üstünə elə də ciddi bir şey qoymayıb. Bizim o kök muğam ifaçısı ondan çox oxuyub. Lakin Sami bəyin, xüsusən xor kollektivinin və təbii ki, rejissorun zəhmətini itirmək istəmirəm. Bütün hallarda belə bir modern kompozisiyanın yaranması sevindiricidir”.

Mirmehdi Ağaoğlu: "Bəli, xoşuma gəldi. Bu gün səhərdən onun ifasına qulaq asıram. Açığı deyim ki, Sami Yusif mənim müğənnim deyil. Yaxşı oxuyur, ancaq mənim müğənnim deyil. Bu kompozisiyasını  isə çox bəyəndim. İranda bu cür kompozisiyalar geniş yayılıb. Qədim alətlərdə, muğam üzərində modern tərzdə ifa etmək. İranlılar Hafizdən, Sədi Şirazidən, Mövlanədən qəzəllər oxuyub, bu tərzdə kompozisiyalar hazırlayırlar. Deyim ki, Avropada da çox sevilir. Saminin Nəsiminin "Sığmazam"ından bu cür musiqi hazırlamasını da bəyəndim. Hər şey yaxşı idi. Bircə Samirə Əliyevanın sazda ifası yerinə düşməmişdi, ya otuzdura bilməmişdilər, ya da artıq idi. Təyyarın ifası  isə çox mükəmməl idi".

Azad Qaradərəli: "Fikrimcə, bu musiqi parçası Azərbaycan üçün irəliyə atılmış bir addım hesab oluna bilər. Ona görə yox ki, bu kimi musiqilər Azərbaycan üçün yenidir. Ona görə ki, ciddi musiqi ölkəsi olan Azərbaycan (Qara Qarayev, Arif Məlikov) üçün bu parça Nəsiminin adının bir azərbaycanlı kimi xaricdə anılacağına bir işarədir. Nəzərə alsaq ki, xaricdə, xüsusən Yaxın və Orta Şərq ölkələrində, hətta Türkiyədə Nəsimini azərbaycanlı kimi tanımırlar, fikrim aydın olar. Bu rok parçasında muğamdan istifadə, dini motivli rital musiqisi və üstəlik qadın səsi (nəzərə alsaq ki, qadın səsi Şərqdə uzun zaman yasaq olub) bu musiqi parçasına ƏSƏR deməyə əsas verir. Şami Yusifin geyimi, musiqi səslənən zaman həm drijorluğu, bu drijorluğun bir az da Nəsimi obrazına yansıması və qırmızı rəngin effekti, məncə, uğurlu tapıntıdır. Amma nəzərə almaq lazımdır ki, bizim xalq "Füzuli" kantatası dinləmiş xalqdır, "Karvan" simfonik musiqisini bilən xalqdır. İndi son zamanlarda musiqimizdə cılızlaşma getməsi sadəcə bir acı mərhələdir. Bu mərhələdə "Sığmazam" kompozisiyasının yaranmasını yalnız alqışlamaq lazım”.

Şahbaz Xuduoğlu: "Məncə, kabab üstündən qalxıb gəlib Cavidi oymanaq olmaz, sənət etikası tələb edir ki, mütləq Cavid hayatının bir qədər dadını alasan, onun həyatından bir parça da olsa, yaşayasan. Şami Yusifi dinləyəndə məndə dərhal bu fikir yarandı. Havanı dəyişən əsər deyil məncə, sıradan bir işdir. Bu mənada yaxşı baxıram, bu da olsun”.

Şəmşad Ağa: "Nəsimi sadəcə, şair deyil, nəsimillik həm də bir missiyadır. Bu baxımdan məsələyə iki aspektdən yanaşaq: şeir və musiqi baxımdan.
"Sığmazam” qəzəli nəsimilik missiyasının, kamil insan fəlsəfəsinin himni, marşı, getdiyi yolun, daşıdığı missiyanın həyata, imperiyalara qarşı oxuduğu rəcəzdir, özünü ifadədir, özünütəqdimdir, bütövlükdə insanın getdiyi yola sadiqliyi, həyata baxışıdır, zülmə meydan oxumasıdır. Bu qəzəl hürifiliyin bəyannaməsidir, kamil insan probleminin qoyuluşundan çözülüşünə keçiddir. Bu qəzəl "kamil insan kimdir” sualının cavabıdır. Əruzun rəcəz bəhrində yazılması da təsadüfi deyil. 

Musiqiyə gəlincə, Sami Yusuf qəzəlin, bəhrin ritmini, harmoniyasını, energetikasını da saxlayıb. Muğamla sintezində isə Nəsimini canlandıra bilib. Amma qəzəlin missiyası ilə müqayisədə musiqi ideal deyil. Bilirsiniz, Nəsiminin həmişə bir afət problemi, fəlakəti olub. Hansını Nəsimi vəsf esibsə, onu "bu hüsnü cəmalu və kəmal” ilə təqdim edib, hansı Nəsimini vəsf edibsə, mənən soyub. Bu baxımdan, ola bilsin ki, bundan sonra daha mükəmməl oxuyanlar olsun, amma Sami Yusuf Nəsimini "afət biabırçılığı”ndan xilas edib”.

Pərviz Cəbrayıl: "Təəssüf ki, yeni heç nə yoxdu. Sadəcə, dəstə böyükdü. Nəsimi hiss olunmur. Şərq var, Nəsimi yox. Nəsimi heç də təpədən dırnağa Şərq, ah-zar deyil. Nəsimi insan sevgisinin üsyanıdır, şəbih deyil, mədh deyil. Hələ bütün muğam kompozisiyalarını, "Füzuli kontatası”nı bir yana qoyuram, təkcə "Nəsimi” filminin milyon işıq ili məsafəsinəcən varılmayıb. Ona qalsa, elə Afət vardı da...”
 

Rauf Muradov: "Nəhəng hay-küy içində iki reys ağlamalı tənəffüs və sonunda yenə göstəri... Nəsiminin bəşəri şeirini üzdə iman işiğı, Allah sevgisi ola-ola, işıqlı səslə oxumaq lazımdır, ağlaya-ağlaya yox. Nəsimini - onu soyanların ladında oxumaq olmaz!”

 


Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan kompozisiyanı Sami Yusif Bakıda Heydər Əliyev Mərkəzində keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində canlı ifa edib. Əməkdar artist Samirə ƏliyevaTəyyar Bayramov da kompozisiyada yer alıblar. 

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->