Azərbaycanda nəşr edilən nəsr əsərləri niyə səs-küy yaratmır, hadisəyə çevrilmir?
Səbəb nədir - əsərlər zəifdir, yoxsa başqa hansısa səbəb var?
Yazıçı Səfər Alışarlı, Cəlil Cavanşir, Şərif Ağayar, tənqidçi İradə Musayeva öz fikirlərini Qaynarinfo ilə bölüşüb.
Cəlil Cavanşir əsər və ya yazıçı ətrafında polemikaların kimlərinsə maraqlarına xidmət etdiyini bildirib:
"Əvvəlcə ordan başlayaq ki, Azərbaycanda "səs-küy" yuxarıların sifarişi ilə baş verir. Yəni əsər və ya yazıçı ətrafında polemikalar əksərən kimlərinsə maraqlarına xidmət edir. Əkrəm Əylisli nümunəsində bunu görmüşük. Təbii ki, bu tip şouların ədəbiyyata bir o qədər dəxli yoxdur. Nəsr əsərlərinin diqqət çəkməməsinin əsas səbəblərindən biri ölkədə ciddi ədəbi tənqidçilərin olmamasıdır. Ədəbi tənqidçilərimiz prosesi izləmək əvəzinə dəstəbazlıqla, tərifbazlıqla məşğul olurlar. Bu qarışıqlıqda yeganə aktiv tərəf oxucudur. Bunu etiraf etməliyik ki, Azərbaycan oxucusu öz yazıçısını bacardıqca reklam edir, onun tanınmasına, əsərlərinin satılmasına dəstək verir. Son dönəmlər Aqşin Yeniseyin "Tarix və tale", mənim "Azğın" romanım oxucu dəstəyi ilə geniş auditoriyaya yayılır. Başqalarını bilmirəm, mənim son romanım cəmi bir ay öncə nəşr olunub, haqqında ciddi yazılar yazan müəlliflərin heç birini şəxsən tanımıram, yaxın çevrədən də deyilik. Son dönəm çap olunan romanlara nəzər salaq: Pərviz Cəbrayıl "Məryəm surəsi", Aqşin Yenisey "Tarix və tale", Kamal Abdullanın son romanı və s. Bu əsərlərin heç biri zəif əsərlər deyil. Hər biri haqqında da, ciddi yazılar yazılıb”.
Şərif Ağayar vəziyyətin o qədər də pis olmadığı qənaətindədir:
"Məncə,
sualın qoyuluşu doğru deyil. Nəsrimiz bu qədər də faciəvi durumda deyil. Çox
yaxşı nümunələr yazılıb və yazılmaqda davam edir. Çox ciddi imzalar yetişir.
Ümid doğuran yeniliklər də baş verir. Bizim yeganə ən böyük problemimiz ölkədə
kitab industriyasının olmamasıdır. Nə qədər ki, bu sistem tam formalaşmayıb, Azərbaycan
yazıçısının vəziyyətini doğru qiymətləndirmək mümkün olmayacaq”.
Səfər Alışarlı ədəbiyyata ictimai tələbatın olmadığını, bəzi məmurların da bu istəksizliyi qəsdən körüklədiyini düşünür:
"Bugünkü Azərbaycan nəsri istisnasız olaraq bəzi yazıçıların fədakarlığı üzərində dayanır. Dövlət dəstəyi onlara çatmır. Məncə, bizdə ədəbiyyata ictimai tələbat yoxdur. Bunu bəzi adamlar öz məmur fəaliyyətləri ilə də körükləyirlər ki, istedadlı ədəbiyyat olmasın. Çünki istedadlı ədəbiyyat həm də mənəvi, sosial həqiqət deməkdir. Həqiqət heç kimə, eləcə də bu xalqa lazım deyil. Xalqın dili, zehni həqiqətin dadını çoxdan itirib. Ona görə ədəbiyyat faktiki olaraq maddi və mənəvi səhra boşluğunda öz işi ilə məşğul olmağa məcburdur. Bizim ədəbiyyatı xalqın deyil, ayrı-ayrı adamların ədəbiyyatı adlandırmaq olar”.
Tənqidçi İradə Musayeva isə bu sükutun səbəbini daha çox ədəbi mətbuatın yoxluğunda gördüyünü deyib:
"Söhət təkcə nəsr əsərlərindənmi gedir? Axı bütün növlər və janrlar, ümumiyyətlə, müasir ədəbi proses eyni cəsarətsiz reaksiya ilə qarşılanır. Bu barədə illərdir ki, yazıram. Zəif, qorxaq və təmənnalı münasibətlərin nəticəsi olaraq bir neçə ədəbi büt formalaşdırdılar və onların ətrafında "sakit" ədəbi həyat yaşamağa başladılar. Ədəbi mətbuat probleminin həll olunmaması da bunu şərtləndirir. Bircə ədəbi qəzet, jurnal adı çəkin ki, xalq şair və yazıçısının (nasirin, dramaturqun) əsərlərini təhlil edib tənqidi yazı ortaya çıxaran müəlifin məqaləsini çap etsin. Ədəbi mətbuatın durumu 1937-ci illərdəki vəziyyətdən bir az pisdir... Çünki o zaman hökumət bəzi yazıçıları qaralayır və bütün tənqidi gücü o adamlara yönəldirdilər. İndi, xoşbəxtlikdənmi, bədbəxtlikdənmi hökumət yazıçıların nəyi necə yazması ilə çox da maraqlanmır. Yəni, bizə sənət əsəri yarada blməyən, amma bütün titulları mənimsəyib özünü cırtdanlar ölkəsindəki div kimi aparan yazıçıları vaxtında tənqid edən ədəbiyyatşünaslar və onların yazılarını vaxtında və hörmət-izzətlə çap eləyən ədəbi mətbuat lazmdır. İlk növbədə qəzet və jurnallar! Gördüyünüz kimi yoxdur... Təriflər, yarınmalar, saxtakarrlıq...
Ədəbi mühiti sanki hansısa görünməz əl ətalət və inersiya qanunları ilə idarə edir. Yəni dondurub saxlayıb...”
Bahar Rüstəmli
Şərhlər