Azərbaycan kinosunun incilərindən olan "Yeddi oğul istərəm” filmində Cəlal obrazını canlandıran Xalq artisti Ənvər Həsənovun səhhəti hələ də qaydasına düşməyib.
Bu barədə Qaynarinfo-ya aktyor özü bildirib.
"Səhhətim qaydasına düşməyib, xəstəxanadan çıxsam da, ağrayıram. Həftədə bir dəfə müayinədən keçirəm, hamısı pul, dərmanlar da bahadır, üstəlik borclarım da çoxdur”, deyə Xalq artisti bildirib.
Aktyorun sözlərinə görə, borclardan xilas olmağın bir yolu var - dövlət dəstəyi: "Bu günə kimi heç kimdən köməklik görməmişəm, bundan sonra da kimdənsə nəsə götürmərəm. Mənə bir köməklik lazımdır, o da dövlətdən. İstəyirəm mənə Prezident təqaüdü versinlər, borclarımı verim. Borclar yığılıb qalıb. Bütün Azərbaycan gülür. 70-dən çox filmim və 57 il iş stajım var. Filmlərim Azərbaycana valyuta gətirir. 128 ölkə "Yeddi oğul istərəm” filminə baxır, hələ o biri filmləri demirəm. Bu boyda xidmətin qarşısında evdə oturmuşam”, deyə xalq artisti qeyd edib.
Ənvər Həsənov əlavə edib ki, onunla bağlı Xalq artisti Şəfiqə Məmmədova Mədəniyyət Nazirliyinə təqdimat yazıb: "Amma nə edək ki, onların heç biri Prezidentə gedib çatmır. Bəlkə yolumu kəsirlər? Mən heç mərdimazar olmamışam, kimə lazımdır dəstək olmuşam. Sənətdə canımı qoydum. Düzdür, kino ittifaqının sədrindən çox şey asılıdır. Şəfiqə kimdir? Gətirdib otuzdurublar orda, ancaq özünküləri fikirləşir. 7 ildir mənim təqdimatımı göndərir, ancaq heç biri ünvana çatmayıb. Mən Şəfiqə xanımın rəhbərlik etdiyi ittifaqın üzvüyəm. Əvvəl Rüstəm İbrahimbəyov sağ idi, mən də onun ittifaqında idim, başımı yedilər, Şəfiqə xanımla da cavanlıqda dostluq edirdim. Nazirlikdən xahiş elədilər, mən də Şəfiqə xanımın rəhbərlik etdiyi ittifaqa üzv oldum”.
Bahar Rüstəmli
Şərhlər