"Sergey Lavrovun Zəngəzur dəhlizilə bağlı Bakıda səsləndirdiyi açıqlama bir növ Ermənistana təzyiq göstərmək məqsədi daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
Ekspert vurğulayıb ki, son dövrlər İrəvan Rusiya orbitindən uzaqlaşmağa çalışır:
"Əvəzində Ermənsitan Qərbə yaxınlaşır. Artıq ABŞ-ın hərbi hissələri Ermənistandadır. Bu da Rusiyanı qıcıqlandırır. Moskva nəyin bahasına olursa-olsun, Ermənistanı nüfuzdan salmağa, ona təzyiq göstərməyə çalışır".
Həmsöhbətimizə görə, bu səbəbdən də Lavrovun səsləndirdiyi həmin açıqlamalar sırf diplomatik təzyiq kimi qiymətləndirilməlidir:
"Bununla Moskva çalışır ki, Ermənistan beynəlxalq aləmdə Zəngəzur dəhlizinə qarşı çıxan dövlət kimi görünsün. Təbii ki, fakt da bundan ibarətdir. İrəvan məhz Qərbin təzyiqilə Zəngəzur dəhlizinin açılması məsələsini təxirə salır. Lavrov bu açıqlamanı məhz Putinlə birgə Bakıya gələrkən səsləndirməklə İrəvana həm də onu göstərir ki, ermənilər onlardan uzaqlaşsa da, Moskva Bakı ilə əlaqələri genişləndirir, müəyyən razılığa gəlirlər".
Rusiya prezidenti Vladimir Putinin Bakı səfərində onu müşayiət edənlərdən biri olan xarici işlər naziri Sergey Lavrov Rusiyanın Birinci kanalına müsahibəsində Zəngəzur dəhlizi məsələsinə toxunaraq növbəti dəfə bildirib ki, Moskva tez bir zamanda sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıdır:
"Kommunikasiyaların Ermənistan tərəfdən açılması məsələsinə gəldikdə, təəssüf ki, məhz erməni hakimiyyəti, baş nazir Nikol Paşinyanın imzası olmasına baxmayaraq, müqavilənin gerçəkləşməsini sabotaj edir. Belə bir mövqenin mənasının nə olduğunu anlamaq çətindir. Üçtərəfli görüş və sənədlər çərçivəsində əsası qoyulan təməl tam həcmdə öz aktuallığını saxlayır".
Rüfət Sultan
Şərhlər