"Yaxın zamanlar üçün Ukrayna savaşında vəziyyətin sülhə və davamlı sabitliyə doğru irəliləməsi yolunda real şansların olduğunu düşünmürəm. Bu mənada fkrimcə, Zelenskinin həmin açıqlaması daha çox təbliğat xarakteri daşıyan bir ifadədir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna prezidenti Volodimir Zelenskinin oktyabr-dekabr ayları ərzində müharibə vəziyyətinin sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansların olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.
"Hələ ki, vəziyyəti Zelenskinin dediyi kimi çox yaxın zamanda sülhə doğru sürükləməyə heç kim maraq göstərmir. Odur ki, Ukrayna prezidentinin bu fikirləri sadəcə olaraq ruh yüksəkliyi yaratmaq üçün söylənilmiş tezisdir. Orada bataqlıq hələ ki, çox dərindir", deyə Arif Əliyev bildirib.
Müharibənin 2025-ci ildən gec olmayaraq başa çatmasına gəlincə, həmsöhbətimizin fikrincə, bunun prosesdə iştirak edən ölkələrin hansı taktika seçməsindən asılı olduğunu qənaətindədir:
"Bu barədə dəqiq vaxt söyləmək çətindir. Hər şey bu və ya digər ölkələrin hansı taktikanı seçməsindən asılı olacaq. İndiki xətt üstün gələrsə, yəni Qərbin gücü öz problemlərinə qapanarsa, 2025-ci ildə münaqişənin, özü də Ukraynanın xeyrinə olmayaraq bitəcəyi tam realdır. Amma Qərb öz qüvvəsini tam toplasa, indiyə qədər etdikləri isə onun potensialının heç üçdə biri deyil, bu halda münaqişənin əks istiqamətdə yekunlaşma şansı var. Amma bir şeyi xatırladım ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu ayın sonlarında, yaxud da bu ilin sonunda imzalanacağı kimi fikirləri də az qala hər il eşidirik. Rusiya Ukrayna müharibəsində də hər il eşidirik ki, gələn ilin yazı, yaxud payızı həlledici olacaq. Prosesin nə qədər və hansı istiqamətdə davam etməsi onun masaya necə qoyulacağından asılıdır".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində Kiyevin münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəslədiyini deyib. O həmçinin, vurğulayıb ki, oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şans var: "Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır".
Rüfət Sultan
Şərhlər