Xerson rus işğalından azad olunduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski bu şəhərə səfər edib. Aydın məsələdir ki, Xersonun azad edilməsi Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyanın müharibə dövründə işğal etdiyi ən iri şəhər yenidən Kiyevin nəzarətinə qayıdıb. Bu baxımdan, azad edilən şəhərə ölkə prezidentinin səfər etməsi vacib olmaqla yanaşı, qarşı tərəfə müəyyən mesajların verilməsi baxımından da əhəmiyyətlidir.
Zelenski Xerson səfəri ilə hansı mesajları verib?
Siyasi şərhçi Amid Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Zelenskinin işğaldan yeni azad olunmuş Xersona qəfil səfərini təşkil etməklə rəsmi Kiyev Moskvanın müharibədə artıq məğlub olduğunu nümayiş etdirir:
"Ukrayna-Rusiya cəbhəsində gedən prosesləri diqqətlə izləyəndə görürük ki, son zamanlar Kiyev üstünlüyü ələ almağa başlayıb. Ukrayna hərbi müstəvidə artıq real və önəmli uğurlar əldə edir. Rusiya ordusu Ukrayna ordusunun əks-hücumlarına tab gətirə bilmir və geri çəkilməyə, işğal etdiyi əraziləri tərk etməyə məcbur olur. Moskva artıq məğlub olduğunu dərk edir. Zelenski Xersona getməklə göstərir ki, rusların bu ərazilərə iddiası ancaq kağız üzərində qalacaq.
Ukrayna digər işğal olunmuş əraziləri azad etməkdə də israrlıdır. Ukraynaya Qərb tərəfindən hərtərəfli, siyasi, iqtisadi, maliyyə, mənəvi, hərbi dəstək verilir. İstisna etmirəm ki, yaxın vaxtlarda digər işğal edilmiş ərazilərin də azad edildiyini müşahidə edəcəyik. Qarşıdan sərt qış gəlir. Əminəm ki, ruslara qış aylarında müharibəni davam etdirmək çətin olacaq. Ukraynanın coğrafi şəraiti qış mövsümündə savaşı çətinləşdirir və ruslar geri çəkilməyə məcbur olacaqlar, Kiyev isə vaxt qazanacaq.
Qərb silahlarını əldə etmək üçün Kiyevə vaxt lazımdır. Düşünürəm ki, növbəti silahları əldə edən Ukrayna rusları gəldikləri yerə qədər qova biləcək. Bu baxımdan, əminəm ki, Zelenski tezliklə Krıma və yaxud Ukraynanın istənilən ərazisinə səfər edəcək. Rusiya bu savaşı artıq uduzub və tezliklə məğlub olduğunu açıq etiraf edəcək”.
Rüfət Sultan
Şərhlər