Xəbər lenti

“Xəstəxana xərclərini kimsə ödəmək istəmirdi” - Həkimi Rəhimdən danışdı
Ölkə 09:27 02.10.2022

“Xəstəxana xərclərini kimsə ödəmək istəmirdi” - Həkimi Rəhimdən danışdı

Tanınmış kardioloq Üzeyir Rəhimov ötən gün dünyasını dəyişmiş bəstəkar-müğənni Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

Qaynarinfo xəbər verir ki, həkim R.Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini yazıb:

"3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığı ilə gəlmişdi. Bir az düzələn kimi "qaçdı", yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də "mənim palatamı dəyişdirin" demədi.

Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki, bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.

Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, məndə belə xüsusiyyət olmadığından bəlkə də. Ya da tanrıya bizlərdən bir az daha yaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının gösdəricisidir.

Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə "mütləq gələcəyəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını.

Yəqin ki, bu müddət zərfində bir neçə sənət əsəri daha yaratmışdır. Kaş ki, hər bir insanın həyatının sonunda sonrakı nəsilə buraxacağı bir şeylər olsa..."

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->